Modern.az

Türkiyə lirəsi ucuzlaşır - Azərbaycana təsiri necə olacaq…

Türkiyə lirəsi ucuzlaşır - Azərbaycana təsiri necə olacaq…

İqtisadiyyat

1 İyun 2021, 15:10

Türkiyə lirəsi son vaxtlar yaxşı günlərini yaşamır. ABŞ dollarının türk lirəsinə nisbətən məzənnəsi bugünkü ticarət sessiyasında rekord səviyyəsini yaşayıb.

 

Təcrübə göstərir ki, “siyasət və iqtisadiyyat arasındakı əlaqə necədir” sualına düzgün cavab tapan ölkələr həmişə rifaha qovuşur. Bu halda siyasət iqtisadiyyata xidmət etməlidir, iqtisadiyyat siyasətə deyil. İkinci hal olduqda iqtisadiyyat ağır bədəl ödəyir.

 

Türkiyə lirəsinin ucuzlaşmasının pərdəarxası səbəbləri hansılardır, bunun Azərbaycana da bir təsiri varmı?

 

Bu kimi sualların cavablarını iqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlayıb.

 

Onun sözlərinə görə, Türkiyə lirəsinin oynaq olması bir çox səbəblərlə bağlıdır:


“Türkiyədə lirə bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq, tələb-təklif qaydalarına, oyunçuların çoxluğuna və azlığına görə müəyyənləşir. Bundan əlavə, həm siyasi, həm də iqtisadi amillər sürətlə lirəyə təsir göstərir. Son zamanlar lirəyə təsir göstərən daxili amillər bundan ibarətdir ki, Türkiyə Mərkəzi Bankının rəhbəri tez-tez dəyişdirilməyə başladı. Sonuncu rəhbərin dəyişməsi bazarda çox neqativ bir reaksiya oyatdı. Nəticə etibarı ilə lirənin düşməsinə start verildi.


Türkiyə həmçinin turizm ölkəsidir və bu sahə ölkəyə əsas vəsait gətirən vasitələrdən biridir. Turizm pandemiya zamanı kifayət qədər zərər gördü. Amma indi bu tərəf tam işə düşə bilmir. Sərhədlərin bir hissəsinin bağlı qalması, həm də Rusiya kimi ən böyük bazarı itirməsi ölkəyə mənfi təsir göstərdi. Rusiya may ayından başlayaraq Türkiyəyə uçuşları qadağan etdi. Ancaq İstanbula rəsmi görüşlər üçün həftədə iki dəfə uçuşa icazə verdi. İyunun 1-dən etibarən bu uçuşlar açılmalı idi, amma Rusiya tərəfindən qəbul edilmiş yeni qərara əsasən, uçuşlar iyulun 1-nə qədər uzadıldı. Əgər turistlər ölkəyə gəlməyəcəksə, deməli ölkəyə valyuta daxil olmayacaq. Bununla da türk lirəsi ucuzlaşmağa davam edəcək”.

 

N.Cəfərli lirənin ucuzlaşmasının Azərbaycana təsir ilə bağlı da danışıb:


“Azərbaycanda valyuta bazarı inzibati qaydada tənzimlənir, bazar iqtisadiyyatı qaydaları işləmir. Məzənnənin dəyişikliyi ancaq siyasi qərarla və inzibati tənzimlənmə ilə olur. Yaxın gələcəkdə bununla bağlı Azərbaycanda hər hansı qərarın qəbul olunması gözlənilmir.


Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi kifayət qədər yüksəkdir. Türkiyə lirəsinin dəyərdən düşməsi Türkiyədən Azərbaycana istənilən növ məhsulların gətirilməsini stimullaşdırır. Məntiqlə də Azərbaycan bazarında türk məhsulları ucuzlaşmalıdır. Amma hələ ki biz bunu görmürük. Hər halda, lirənin dəyərdən düşməsi Azərbaycana Türkiyədən gətirilən məhsulların həcminin artmasına gətirib çıxaracaq”.

 

Aysel Məhərrəm  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü