Modern.az

“YAŞAT” marafonunun öncül ianəçiləri: “Missiyamız hələ başa çatmayıb”

“YAŞAT” marafonunun öncül ianəçiləri: “Missiyamız hələ başa çatmayıb”

Diaspor

2 İyun 2021, 16:06

Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT" Xeyriyyə marafonu 1 milyon manatdan artıq vəsait toplayıb.


Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb.


Modern.az
-ın əməkdaşı həmin ölkələrdən olan həmvətənlərimizə və diaspor nümayəndələrinə müraciət edərək, onların marafonda iştirakı barədə fikirlərini öyrənib.

 

Türkiyədə yaşayan vəkil Səidə Ekmən “YAŞAT" Xeyriyyə marafonuna təsisçisi olduğu “Es Baku” MMC şirkəti adından ianələr ödədiklərini bildirib:

 

““YAŞAT" marafonuna inaələrimiz bizim vətənə olan borcumuzdur. Qarşılıq gözləmədən biz öz həmrəyliyimiz və birliyimizi nümayiş etdirdik.

Onu fəxrlə dilə gətirmək istərdim ki, təsisçisi olduğum “Es Baku” şirkəti sadəcə bugün deyil, 2020-ci ilin iyul hadisələri, Vətən müharibəsi zamanı da qəhrəman Ordumuz üçün dəstək aksiyalarında fəal iştirak edib. 

Xalqımızın tarixinə “Zəfər ili” olaraq yazılan 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanımızın  rəhbərliyi ilə qəhrəman əsgərlərimiz Ermənistanın işğal etdiyi əzəli torpaqlarımızı azad etdi, 30 illik Qarabağ həsrətinə son qoydu. Tarix yazan Azərbaycan əsgərinə minnətdarlıq duyğumuz sonsuzdur”.

 

Səidə Ekmənin sözlərinə görə Vətən müharibəsi dövründə dünya azərbaycanlıları öz birliklərini hər kəsə sübut etdilər:

 

“44 günlük Vətən müharibəsində dünya azərbaycanlıları “dəmir yumruq” ətrafında birlik nümayiş etdirdilər. Elə bu birliyə güvənərək, “YAŞAT" Xeyriyyə marafonu  təşkil olundu.
Azərbaycan dövləti torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edənlərin  xatirəsini daim əziz tutur, şəhid və qazilərimizin ailələrinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir və onların problemlərinin həlli istiqamətində davamlı işlər görülür. Ona görə də vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçənlərin ruhuna hörmət, sağlamlıqlarını itirənlərin rifahının yaxşılaşdırılmasına kömək göstərmək hər birimizin borcudur.  


“YAŞAT" Xeyriyyə marafonu  Diaspor Komitəsinin ən uğurlu addımlarından biridir. Komitə ilə dünya azərbaycanlıları arasında qurulan işgüzar əlaqələr sayəsində həmvətənlərimiz aksiyada aktiv şəkildə iştirak etdilər.


Türkiyədən göndərilən ianələrin məbləğinə görə ilk beş ölkə arasında olması sevindirici haldır. Dünyanı bürüyən pandemiya səbəbindən şirkətlərin gəlirləri xeyli azalıb. Lakin buna baxmayaraq, Türkiyədəki həmvətənlərimiz marafonda yaxından iştirak etdilər. Biz düşünürük ki, missiyamızı hələ tam başa çatdırmamışıq. Qazilərimiz sağlamlıqlarına qovuşanadək, şəhidlərimizin bizə əmanət qoyub getdiyi körpələrin hər an yanında olacağıq. 

Son olaraq ölkə daxilində və xaricində yaşayan dünya azərbaycanlılarına səslənmək istərdim ki, Zəfər müjdəsini bizə yaşadanlara maddi və mənəvi dəstək olmaq məqsədilə yaradılmış “YAŞAT" Fondunu  mütəmadi olaraq diqqət mərkəzində saxlayaq və əlimizdən gəldiyi qədər dəstək verək”. 

 

Böyük Britaniyanın paytaxtı Londonda yaşayan ictimai fəal, kikboks, muay tay və MMA döyüş növləri üzrə promouter Hafiz Baxşəliyev xaricdəki  azərbaycanlılarının kifayət qədər vətənpərvər olduğunu bildirib:

 

“Başqa ölkələrdə olduğu kimi, Britaniyada da kifayət qədər vətənpərvər soydaşlarımız var. Qarabağ savaşından öncə də istər sosial media, istərsə də digər  sahələrdə Britaniyada yaşayan azərbaycanlılar vətənə fəal şəkildə dəstək olmağa çalışıblar. 

Hətta biz İkinci Qarabağ savaşı müddətində də vəsait toplayaraq ordumuza tibbi və digər ehtiyac duyulan ləvazimatlar aldıq, bunları şəxsən mən özüm təhvil verdim. 

 

“YAŞAT" Xeyriyyə marafonuna start verildikdən sonra, Diaspor Komitəsinin davamlı məlumatlandırması sayəsində soydaşlarımız öz imkanları daxilində dəstək oldular və biz də Britaniya Azərbaycanlıları Assosiasiyası olaraq ayrıca dəstək olmağı özümüzə borc bildik. Bundan sonra da hər zaman əlimizdən gələn köməyi edəcəyik”. 

 

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev insanların“YAŞAT" marafonunda iştirak üçün ona müraciət etdiyini bildirib: 


“Soydaşlarımız şəhid ailələri və qazilərə dəstək olmaq üçün mütəmadi şəkildə müraciət edirdilər. Biz daha əvvəl də - “YAŞAT" Fondu yaranmazdan öncə də  Azərbaycan tərəfindən paylaşılan bank hesablarını insanlarımız arasında yayırdıq. 

“YAŞAT" Fondu  yaranandan sonra biz onun hesablarını paylaşırıq ki, insanlar kömək edə bilsinlər.

Bu, artıq bizim üçün həyat tərzinə, daimi çağırışa çevrilmiş bir layihədir. “YAŞAT" Fondu vasitəsilə yardım ehtiyacı olan insanlara dəstək verməyi davam etdirəcəyik”.

 

İsrail-Azərbaycan “Aziz” beynəlxalq birliyinin prezidenti Lev Spivak marafonda çox fəal iştirak etdiklərini söyləyib:

 

“44 günlük Vətən müharibəsində iştirak edən qazilərimizə və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT" Xeyriyyə marafonu nun həyata keçirildiyini öyrəndikdə dərhal aksiyaya qoşulduq.

Bu çox vacib və xeyirxah işdir. Çünki əsgərlər bizimn firavan yaşamağımıza görə öz canlarından keçiblər. Biz də bunu özümüzə borc bilərək, onlara kömək etməliyik.

Burada söhbət təkcə puldan getmir. Biz onların qoyub getdiyi körpələrin mənəvi cəhətdən də yanında olmalıyıq ki, özlərini tək hiss etməsinlər. Hər zaman onların yanında olmalıyıq. Şəhidlərimizi hər zaman yad etməli, onları unutmamalıyıq. Qazilərimizin sağlamlıqlarına qovuşması üçün onlara yardım göstərməliyik”.

 

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü