Modern.az

Elşad İskəndərov: "Maarifləndirmə komitənin işində əsas istiqamət olacaq"

Elşad İskəndərov: "Maarifləndirmə komitənin işində əsas istiqamət olacaq"

Aktual

1 Oktyabr 2012, 16:52


Bu gün Oğuz şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük seminar-treninq işinə başlayıb.
Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Canpolad Musayev, akademik Vasim Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədənin iştirak edib. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub. Seminar-treninqi giriş sözü ilə açan DQİDK-nin sədri Elşad İsgəndərov Oğuzdakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ilki olduğunu diqqətə çatdırıb. Komitə sədri ölkə dindarlarının müasir dövrün tələbləri ilə ayaqlaşmalarının zəruriliyini vurğulayıb. O, Azərbaycanda yüksək səviyyədə olan “Dövlət-din” münasibətlərinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkib. E.İsgəndərov müstəqillik dönəmində  Azərbaycanda din sahəsinin sürətli inkişafında görkəmli siyasi xadim Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. O bildirib ki, maarifləndirmə Komitənin fəaliyyətində əsas istiqamət olacaq.

Daha sonra seminar iştirakçılarına şeyxülislam Hacı Allahşükür Paşazadə müraciət edib. O bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanda daim yüksək səviyyədə olan dini tolerantlıq ab-havasına zərbə vurmağa çalışırlar. Bunun qarşısını almaq üçün də istər bölgədə, istərsə də ölkənin digər regionlarında din xadimləri diqqətli olmalıdırlar, maarifləndirmə prosesinə xüsusi həssaslıqla yanaşmalıdırlar. A.Paşazadə bu kimi tədbirlərin olduqca böyük əhəmiyyətə malik olduğunu xüsusilə vurğulayıb.

Digər natiqlər də çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında seminar-treninqlərin mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar. Qeyd edək ki, tədbir 2 gün davam edəcək.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir