Modern.az

Gözləmədiyimiz transfer reallaşdı: Uğurlar, Mahir!

Gözləmədiyimiz transfer reallaşdı: Uğurlar, Mahir!

11 İyun 2021, 15:46

Mahir Emreli indi öz məharətini Polşada nümayiş etdirməli olacaq: onun “Qarabağ”dan “Legia”ya transferi, nəhayət, rəsmiləşdi. Bu elə hadisədir ki, reallaşacağına, bəlkə də, heç kim inanmırdı. Nə jurnalistlər, nə azarkeşlər…

Məlum məsələdir, azərbaycanlı futbolçular xarici klublarda çıxış etməyə həvəsli deyillər. Bunun da səbəbi sirr deyil: onlar ölkədə digər peşə sahiblərinin əksəriyyətindən çox qazanırlar.

 

Avrokubokların qrup mərhələlərində fərqlənə bilməsə də, “Qarabağ”ın tarixində ilk dəfə Çempionlar Liqasında çıxış etməsində o vaxt 20 yaşı olan Mahirin də əməyi vardı. 2017-ci ildə “Kopenhagen” ilə ilk oyunda onun vurduğu qol “Qarabağ”a 1:0 hesablı qələbə qazandırmış, cavab oyununda 1:2 hesabı ilə uduzsalar da, qrup mərhələsinə çıxa bilmişdilər.

Ondan sonra Mahir avrokubokların seçmə mərhələlərdə “Dundalk” və “APOEL”, həmçinin ötən mövsüm “Sileks” və “Şeriff”i məyus edə bilib.

 

2017/18 mövsümündən başlayaraq Mahir Azərbaycan Premyer Liqasında ya mövsümün bombardiri, ya da ən sərrast oyunçularından biri olur. Bu ilin apreldə “Qəbələ”yə 5:0 hesabı ilə qalib gəldikləri oyunda 71-ci dəqiqədə meydana çıxdıqdan sonra oyunun sonunda iki dəqiqə ərzində het-trik etməyi bacarıb.

 

Bununla belə, Mahir Azərbaycanda son illər, bəlkə də, ən çox tənqid olunan futbolçudur. İstər “Qarabağ” olsun, istər Azərbaycan millisi məğlub olur - günahkar Mahir Emrelidir, qol vurmur - yenə onun günahıdır.

Xüsusilə də ötən il UEFA Millətlər Liqası-2020/2021 çərçivəsində Lüksemburqla oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması və nəticədə Azərbaycan millisinin 1:2 hesabı ilə məğlubiyyətindən sonra tənqidlər pik həddə çatmışdı.

 

Yeri gəlmişkən, Mahir Emreli ilə bağlı maraqlanan Polşanın Goal.pl saytına həmçinin onun yeniyetmə vaxtlarında “Atletiko Madrid” və “Lans”ın düşərgəsində də təcrübə keçdiyini, başla oyun, təkətək mübarizələrdən qalib ayrıla bilməsi, qol duyumunun üstün cəhətləri olması, ingiliscə bilməsinin “Legia”ya tez adaptasiya olmasına kömək edə biləcəyini də bildirdim.

 

Ümumiyyətlə, ulduzu parlayandan Mahirin adı bir çox klubla hallanıb. Onların arasında “Beşiktaş” da olub, İspaniyanın “Malaqa” və “Ekstremadura” klubları da. Bu ilin əvvəlində mətbuatda Avstriya “Şturm”unun da onu transfer etmək istədiyi barədə məlumat vardı.

 

Amma Mahirin “Qarabağ”dan məhz “Legia”ya keçəcəyinə heç kim inanmırdı. Çünki son 7 mövsümdə mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynamış “Qarabağ” son 4 mövsümdə Avropada qrup mərhələsinə çıxa bilməyən “Legia”dan daha üstün klub sayılır.

Ondan başqa, 2010-cu ildən başlayaraq Azərbaycan və Polşa təmsilçilərinin avrokuboklardakı 5 mübarizəsindən 4-də azərbaycanlılar qalib ayrılıb. O cümlədən 2020-ci ildə “Qarabağ” məhz Polşada “Legia”ya 3:0 hesabı ilə qalib gələrək Avropa Liqasının qrupuna düşüb. 

 

Mahir Emrelidən əvvəl də Polşada azərbaycanlı futbolçular çıxış edib. Anar Kələntərov 1997-ci ildə “Çuvay Pşemısl” komandasının oyunçusu olub. Ruslan Məcidov 2006-cı ildə “Vidzev Lodz”un qapısını qoruyub. Saşa Yunisoğlu 2007-2008-ci illərdə “Diskobolia Qrodzisk” və “Polonia Varşava”nın heyətində yer alıb. Fuad Bayramov isə 2021-ci ildən “Ostrovets Sventokşiski” klubunda oynayır.

Onlardan əvvəlsə Azərbaycan futbolçusu Yuri Kuznetsov hələ sovet dövründə - 1970–1971-ci illərdə “Qvardiya Varşava” komandasını çalışdırıb.

 

Ümumiyyətlə, “Qarabağ” avrokubokların daimi iştirakçısı olsa da, transfer bazarında satış baxımından fəal iştirakçı deyil. Mahir Emrelidən əvvəl “Qarabağ”dan yalnız Vaqif Cavadovun 2010-cu ildə “Tvente”yə, 2017-ci ildə Reynaldonun Türkiyə “Adanaspor”una, Riçard Almeydanın 2018-ci ildə Qazaxıstan “Astana”sına keçidi Azərbaycanda səs-küyə səbəb olmuşdu.

 

Mahir Emreli, nəhayət, tilsimi qırdı, Avropaya üz tutdu. Bəs indi növbə kimindir?

 


Rasim Mövsümzadə

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir