Modern.az

Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH

Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH

19 İyun 2021, 17:07

İyun ayının 20-də məğlub Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarları ilə keçmiş prezident Robert Koçaryanın tərəfdarları arasında iki qütbə bölünüb.

 

Siyasi şərhçi Asif Nərimanlı Modern.az-a bildirib ki, ermənilərin seçiminə millətçiliklə sosial rifah arasındakı cizgi təsir edəcək:

“Seçkilərlə bağlı erməni cəmiyyətinin rəyi indiyə qədər yalnız “Gallup”un sorğuları ilə bəllidir. Hərçənd, “Gallup”un baş ofisinin Ermənistandakı nümayəndəliyin araşdırmalarından yerli ofisin məsuliyyət daşıdığı haqda açıqlaması keçirilən rəy sorğularına şübhələr də yaradır. Əlimizdə hələki bu statistika var. Son statistikaya görə, Koçaryan Paşinyandan öndədir. Digər tərəfdən, dünən Koçaryanın keçirdiyi mitinqində iştirakçı sayının Paşinyanın mitinqdən çox olması da Ermənistan hakimiyyəti üçün seçkinin asan olmayacağından xəbər verir.

 

Lakin Ermənistan seçicisinin qərar verməkdə çətinlik çəkdiyi reallığı da var. Bir tərəfdə müharibəni uduzmuş Paşinyan, digər tərəfdə ermənilərə 20 il sosial problemlər yaşadan qüvvələr var. Fikrimcə, ermənilərin seçiminə millətçiliklə sosial rifah arasındakı cizgi təsir edəcək. İnformasiyalar, aparılan təbliğat millətçiliyin öndə olduğu rəyini yaradır, lakin real mənzərə fərqlidir. Bunu müharibədən sonra Paşinyanın reytinqinin hələ də yüksək olduğu faktı da təsdiqləyir. Koçaryanın indi önə çıxması, güclü görünməsinin də subyektiv tərəfləri, ermənilərin pulla ələ alınmasından tutmuş, şəxsi tanışlıqlar və s. səbəbləri var. Koçaryanın tərəfdarlarının eyforiyası aydın görünür. Seçki günü səsvermə məntəqəsinə gedən ermənilərin son seçimlərinə orada qərar verməsi də gözləniləndir”.

 

Onun fikrincə, erməni xalqının qərarsızlığı Paşinyanın əlini gücləndirən amildir:

“Bununla yanaşı, Nikol Paşinyan qazanmaq üçün bütün inzibati resurslarından istifadə edəcək və onu dəstəkləyən Qərb bu müdaxilələrə göz yumacaq. Erməni cəmiyyətinin qərarsızlığı və inzibati resurslarının olması Paşinyanın əlini gücləndirən amillərdir. Seçkidən sonra toqquşmanın olacağını da görə bilərik, amma Paşinyan ən sərt üsullarla bu etirazları da dağıtmağa çalışacaq. Burada Rusiya faktoru xüsusilə diqqət çəkir. Moskvanın anlayır ki, mövcud geosiyasi vəziyyətdə Paşinyanı devirmək çətindir, digər tərəfdən, Qərbin bölgəyə gəlmək istəyi Rusiya üçün üçtərəfli razılaşmaların icrasını sürətləndirməyi şərtləndirir. Bu baxımdan, rusların Paşinyanın bütün imkanlarla hakimiyyətdə qalmasına müdaxiləsi ehtimalı azdır. Rusiya daha çox hakimiyyətə təsir edəcək alternativ qüvvələri gücləndirir və sonrakı dövrə hazırlaşır. Ermənistanda seçkilərin regiona təsirinə gəlincə, bizim üçün əsas məsələ Qarabağ və sərhəd məsələsində nələrin baş verəyəcidir. Koçaryan gələrsə, üçtərəfli razılaşmalara qarşı çıxmayacaq, çünki Rusiya bunu istəyir. Lakin Qarabağın statusu məsələsi aktuallaşa, erməni qoşunların bölgədən çıxarılması prosesi uzana, müəyyən problemlər yarana bilər”.

 

Ekspert Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə, sərhədlərin müəyyənləşməsinin uzana biləcəyini deyib:

“Paşinyan hakimiyyətdə qalacaqsa, Qarabağdakı proseslərə təsir az olsa belə, sərhədlərin müəyyənləşməsi uzana bilər. Çünki onu dəstəkləyən Qərb məhz onun təklif etdiyi “beynəlxalq müşahidəçi” üzərindən bölgəyə gəlmək istəyir. Lakin burada Azərbaycanın mümkün risklərə qarşı gedişi xüsusi vurğulanmalıdır. Azərbaycan Türkiyə ilə müttəfilik müqaviləsi haqqında Şuşa Bəyannaməsini Ermənistanda seçkidən öncə imzaladı. Bu bəyannamə Qarabağda, o cümlədən, sərhədlərimizdə yarana biləcək təhdidlərin neytrallaşdırılmasında mühüm rol oynayacaq və bu, Ermənistandakı seçkilərin yarada biləcəyi risklərin də öncədən neytrallaşdırıldığı fikrini önə çıxarır”.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi