Modern.az

“Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ              

“Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ              

24 İyun 2021, 12:58

“Toylarla bağlı verilən son qərar yenə də tam cilalanmış sayıla bilməz. Çünki COVID-19 pasportunu üzrlü səbəbdən əldə edə bilməyənlər (hamilə qadınlar, müəyyən xəstəlik səbəbindən peyvənd vurdurmayanlar) nəzərə alınmayıb. İnsanları bu hüquqdan məhrum etmək olmaz”. 

 

Bunu Modern.az-a deputat Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı sonuncu qərarını şərh edərkən bildirib.

 

“Mənasız tələblərdənsə, girişdə hərarət ölçülməlidir”

 

Deputat qeyd edib ki, pasport tələbindənsə, toya gələnlərin hərarəti ölçülməlidir:

 

 

“Nəticədə istiliyi olanlar toya buraxılmamalıdır. Təsəvvür edin ki, COVID-19 pasportu alan, yəni peyvənd vurduranlar hərarəti olsa da toyda iştirak edəcək. Pasport vətəndaşın artıq yoluxmayacağı və digərlərini də yoluxdurmayacağı üçün zəmanət deyil. Bu məsələlərdə necə düşünürlər, hansı məsələyə baxıb müzakirə edirlər, ətraflı araşdırmadan necə qərar verirlər, açığı mənim üçün təəccüblüdür. Çünki bu qərarlarla istənilən toy mərasimi keçirən şəxsi cərimələmək mümkündür. Ona görə də hüquq mühafizə orqanları və digər səlahiyyətlilər xeyli güzəştli davranmalıdırlar. Hansısa bəhanə gətirərək, insanların şadlığında narahatlıq yaratmamalıdırlar. Toya gələnlər arasında nəsə cığallıq edən, qaydaları pozan mütləq tapılacaq. Bütün bunlar isə ev sahibini, hüquqi şəxsin boynunda qalacaq. Toy da elə bir şeydir ki, insanlara müəyyən dərəcədə güzəştli yanaşamağa məcbur olursan. Fikrimcə, bu baxımdan çətin vəziyyətdə qalacaqlar. Hər halda qərar daha əhatəli düşünülməli idi. Mənasız, insanları yoran tələblərdənsə, elə girişdə hərarətin ölçülməsi, maska, sosial məsafə tələbləri kifayət edirdi. Ümumiyyətlə, maska, sosial məsafə tələbləri ağlabatandır, amma pasport tələbi tam uyğunsuzdur”.

 

“Nə qədər “olmaz” deyilsə də 20 dəfə öpüşüb-görüşəcəklər”

 

F.Mustafanın sözlərinə görə, əslində toyda sosial məsafənin qorunması da bizim reallığımızda mümkün deyil:

 

“İnsanlar mütləq görüşəcək, qucaqlaşacaq, toy bitənədək 5 dəfə, 10 dəfə, 20 dəfə öpüşəcək, sonra gedib arxasınca danışacaq, qeybətini edəcək, amma mütləqdir ki, öpüşəcək. Ona görə də bunu hansısa çərçivəyə salmaq mümkün deyil. Amma maska tələbinin qoyulması insanları sosial məsuliyyətdən tam azad etmir. Heç olmasa qucaqlaşanda maska ilə qucaqlaşarlar ki, yoluxma riski az olsun. Çünki virus tamamilə yoxa çıxmayıb. Hər insanın arxasınca bir polis dayanıb tənzimləməyəcək. Toy sahibləri güzəştə gedəcək, restoran sahibi müştərini qaçırtmamaq üçün güzəştə gedəcək, nəticədə qayda pozuntuları çox olacaq.

 

Təsəvvür edin, içkili məclisdə sosial məsafə qalsın bir yana, maska belə unudulacaq. Ona görə də restoran sahiblərinin işini ağırlaşdırmaq doğru deyil. Eyni zamanda, insanları çərçivəyə salmaq da düzgün deyil. Ən uyğunu qızdırmanın ölçülməsi və maska tələbinin qüvvədə qalmasıdır. Qalan məsələlərin hamısını kənara qoyub insanları sosial gərginlikdən azad etmək lazımdır ki, normal qaydada şənliklərini keçirsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?