Modern.az

“Ay Cavad, izah et də...” - sabiq nazir İranla bağlı SƏRT DANIŞDI

“Ay Cavad, izah et də...” - sabiq nazir İranla bağlı SƏRT DANIŞDI

Analitika

Bu gün, 16:23

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami “Zəngəzur dəhlizi” layihəsi ilə bağlı növbəti açıqlaması ilə gündəmə gəlib.

Diplomat rəsmi Tehranın layihəyə qarşı olduğunu bildirib. Şirqolaminin sözlərinə görə, alternativ nəqliyyat layihələri həyata keçirilsə belə, Ermənistanın suverenliyi və ərazi bütövlüyü İran üçün əsas məsələlərdən biri olaraq qalır.

Səfir, həmçinin Azərbaycanın üzərinə konkret öhdəlik qoyulmasını tələb edib.

“Azərbaycan Ermənistanla İran arasında Naxçıvan vasitəsilə əlaqənin təmin edilməsinə görə məsuliyyət daşımalıdır”, - Şirqolami bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov İranın narahatlığının əsas səbəbinin iqtisadi maraqlarla bağlı olduğunu bildirib.

“Onlar nə deyirlərsə, desinlər, onsuz da bu dəhliz tikiləcək və istifadəyə veriləcək. Buna heç bir şübhə yoxdur. 42 kilometrlik dəmir yolu keçəcək. Ermənistan buradan müəyyən boru xətlərinin də keçməsini istəyir. Dəhliz çərçivəsində dəmir yolu ilə yanaşı, avtomobil yolu və elektrik stansiyasının da olması nəzərdə tutulur. Rusiya ilə qaz problemi yaranacağı təqdirdə, Ermənistan qazı Azərbaycandan almaq istəyir. Çox güman ki, bu da müzakirə mövzularından biridir. İranın əsas narahatlığı isə müəyyən yüklərin və malların onun ərazisindən keçməsi ilə bağlıdır. Çünki bu, ölkə büdcəsinə əlavə gəlirlər gətirə bilər”, - sabiq nazir deyib.

Məmmədyarov sovet dövründə Culfa-Culfa dəmir yolunun fəaliyyət göstərdiyini də xatırladıb:

“Artıq cənab İlham Əliyev göstəriş verib ki, Naxçıvanda bütün dəmir yolları tam şəkildə bərpa olunsun. Bu, Culfa-Culfa dəmir yolundan da istifadə ediləcəyi anlamına gəlir. İqtisadi baxımdan Ermənistan və İran arasında hansı tərəf daha əlverişli tarif təklif etsə, yüklər Naxçıvana həmin istiqamətdən yönələ bilər”.

Sabiq xarici işlər naziri İranın sərt ritorikasının layihənin həyata keçirilməsinə mane olmayacağını bildirib.

“İranın imkanları çatmaz ki, Zəngəzur dəhlizinin qarşısını alsın. Deməklə bir şey dəyişmir. Halva-halva deməklə ağız şirin olmur. Mənim nazirliyim dövründə də belə sərt danışıqların çox olduğunu xatırlamıram. Məsələn, Xəzər dənizi ilə bağlı Konvensiyanı müzakirə edəndə, o vaxtkı nazir Cavad Zərif Konvensiyaya qarşı idi. Ona dedim: “Ay Cavad, Konvensiyaya qarşı çıxış etməyinin səbəbini izah et də”. Dedi ki, biz üçüncü ölkələrin Xəzərdə olmasını istəmirik. Mən də cavab verdim ki, onsuz da heç kim bunu istəmir. Ona görə də Konvensiyanın üzərində işləyək, uyğun sözləri tapıb sənədə daxil edək. Bununla da İran Konvensiyanı dəstəklədi”, - Məmmədyarov əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?