Modern.az

“Şəhid ailəsindən pul istəmək utancvericidir!”- Əflatun Amaşov

“Şəhid ailəsindən pul istəmək utancvericidir!”- Əflatun Amaşov

9 İyul 2021, 17:34

“Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə hesablarında bəzi jurnalistlərin çəkiliş müqabilində şəhid ailələrindən pul tələb etməsilə bağlı fikirlər yayılmaqdadır. Bununla əlaqədar Azərbaycan Mətbuat Şurasının sədri kimi mənə də müraciət edənlər var. Açığı belə bir məsələyə dair nə isə söz demək, mövqe açıqlamaq ağırdır. Nəinki ağırdır, eyni zamanda utancvericidir”.

 

Bu barədə Modern.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov Şəhid ailələrindən  müəyyən ödəniş müqabilində reportaj hazırlayan "media təmsilçiləri"lə bağlı məlumatlara münasibət bildirərkən deyib.

 

Ə.Amaşov qeyd edib ki, Şəhid ailəsindən görülməli işin müqabilində pul tələb etmək, yaxud hər hansı təmənna ummaq mənəvi baxımdan cılızlıqdır:

 

“Demək ki, müəyyən adamlar üçün müqəddəs heç bir dəyər yoxdur və həmin adamların özünü jurnalist kimi təqdim etməsi vəziyyəti bir qədər də qəlizləşdirir. İstər-istəməz bu bizi düşündürməlidir.

 

Ümumən media müstəvisində spekulyasiyalar hər zaman olub. Buna qarşı mübarizə aparılıb, müəyyən irəliləyişlər əldə edilib. Ancaq təəssüf ki, mübarizənin gözlənilən effekti verdiyini söyləmək mümkünsüzdür. Ümüd edirik ki, media sahəsindəki islahatlar kontekstində görülən və görüləcək tədbirlər, işə kompleks yanaşma nəticəsində dövriyyəyə girəcək konkret hüquqi mexanizmlər təsadüfi şəxslərin jurnalistika adına meydan oxumalarına sipər çəkəcəkdir. Bu, həm ümüdümüzdür, həm də arzumuzdur. Yuxarıda qeyd etdiyim hadisə də böyük ölçüdə mediadan sui-istifadədir”.

 

“Əlbəttə, jurnalist şəhid ailəsinin qapısını döyüb ondan reportaj hazırlaya, açıqlama ala bilər. Çünki bu kateqoriyadan olan insanların problem və çətinliklərinin, qayğılarının cəmiyyətə və müvafiq dövlət qurumlarına çatdırılması önəmlidir. Eləcə də cəmiyyətin şəhid övladlarımızın şücaətindən, qəhrəmanlıqlarından xəbər tutması, onların döyüş yolunun örnək məqamları ilə əlaqədar məlumatlılığı şərtdir.

 

Azərbaycan Mətbuat Şurası olaraq biz məsələni diqqətdə saxlayırıq və saxlayacağıq. Paytaxtdakı, eləcə də rayonlardakı icra strukturları ilə təmasdayıq. Belə hallara qarşı ictimai qınaq daha da gücləndirilməlidir. Eyni zamanda hüquqi mexanizmlər də işə salınmalıdır. Əgər kimlərsə özünün səlahiyyətlərindən, statusundan istifadə edib şəhid ailələrinə münasibətdə nalayiq davranırsa, həm mənəvi, həm də hüquqi baxımdan cəzalarını almalıdırlar” ”,-deyə MT sədri bildirib.

 

Qeyd edək ki, “İnform Xəbər TV”nin rəhbəri Azər Kazımovun və redaksiyanın işçisi Rübabə Vəliyevanın Qəbələ, Beyləqan və bir neçə rayondakı şəhid ailələrindən pul tələb etdiyi açıqlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər