Bu gün qarşımızda, yaxud da yanımızda bir kliklə yazı yazan, mürəkkəb hesablamaları saniyələrə sığdıran, ideya verən, tərcümə edən, hətta insanın əvəzinə qərar variantları hazırlayan süni intellekt var. Texnologiya insanı daha məhsuldar edir. Amma eyni zamanda, düşünmək, araşdırmaq, səhv etmək və öyrənmək kimi bacarıqlarımızı da səssizcə öz üzərinə götürür.
Süni intellektin ən maraqlı paradoksu elə budur. O, insanın işini asanlaşdırdıqca, insanın həmin işi müstəqil görmək qabiliyyətini zəiflətmək riski də yaradır.
Süni intellektlə böyüyən nəsil daha çox düşünən, yoxsa düşünmək üçün daha az səbəbi olan nəsil olacaq? Yanaşmanı əsla texnologiyaya qarşı çıxmaq kimi qəbul etməyin. Söhbət insanın öz düşüncəsini texnologiyaya təhvil vermədən ondan necə faydalana bilməsindən gedir.
Süni intellektin cəlbedici tərəfi onun insanın vaxtını, enerjisini və əməyini optimallaşdırmaq imkanlarıdır. Bir neçə saat çəkən mətnin ilkin variantını hazırlamaq, böyük həcmli məlumatları qruplaşdırmaq, xarici dildə olan materialı tərcümə etmək, mürəkkəb mövzunu sadə dildə izah etmək artıq daha qısa müddətdə mümkündür.
Tələbə üçün bu, çətin mövzunu fərqli üsullarla öyrənmək imkanıdır. Müəllim üçün dərs planı və tapşırıq hazırlamaqda köməkçidir. Jurnalist üçün məlumatları sistemləşdirmək, müsahibəyə hazırlaşmaq və müxtəlif yanaşmaları müqayisə etmək vasitəsidir. Proqramçı üçün kodun ilkin variantını yaratmaq, sahibkar üçün isə bazar məlumatlarını təhlil etmək imkanına çevrilə bilər. Amma burada məhsuldarlıqla öyrənmə arasında mühüm fərq var. Bir işi daha tez bitirmək həmin işi daha yaxşı öyrənmək anlamına gəlmir.
Tələbə süni intellektə müraciət edib mürəkkəb riyaziyyat məsələsinin cavabını bir dəqiqəyə əldə edə bilər. Lakin cavaba aparan məntiqi özü qurmayıbsa, imtahan zamanı eyni məsələni müstəqil həll edə bilməyəcək. Başqa sözlə, süni intellekt nəticəni yaxşılaşdıra bilər, amma bu, insanın bacarığının da eyni səviyyədə artdığını avtomatik sübut etmir. Bu fərq artıq beynəlxalq tədqiqatların da diqqət mərkəzindədir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2026-cı il Digital Education Outlook hesabatında generativ süni intellektin təhsilə təsiri təhlil olunur.
Hesabatın əsas qənaətlərindən biri budur ki, ümumi təyinatlı süni intellekt alətləri şagirdin tapşırıq üzrə nəticəsini yaxşılaşdıra bilər, lakin bu üstünlük mütləq davamlı öyrənmə qazancı yaratmır. Hesabatda bəzi tədqiqatlara istinadən göstərilir ki, süni intellektə çıxış zamanı daha keyfiyyətli iş təqdim edən şagirdlərin bu üstünlüyü alətsiz imtahanlarda itə, hətta əks nəticəyə çevrilə bilər.
Hətta bunu təhsil sistemi üçün ciddi siqnal hesab edirlər. Əgər şagird süni intellektlə mükəmməl esse yazır, amma texnologiyasız həmin mövzunu izah edə bilmirsə, müəllim əslində kimin biliyini qiymətləndirir, şagirdin, yoxsa alqoritmin?
Burada koqnitiv yükün ötürülməsi anlayışı önə çıxır. İnsan yadda saxlamaq, müqayisə etmək, nəticə çıxarmaq və problem həll etmək kimi zehni proseslərin bir hissəsini texnologiyaya həvalə edir. Bu, bəzi hallarda faydalıdır: insan enerjisini daha mürəkkəb məsələlərə yönəldə bilər. Lakin əsas bacarıqlar formalaşmamış həmin proseslərin hamısını alqoritmə ötürmək öyrənmə imkanlarını məhdudlaşdıra bilər. OECD hesabatında bu risk “metakoqnitiv tənbəllik” və öyrənmə prosesindən uzaqlaşma ehtimalı ilə əlaqələndirilir. Yəni insan təkcə düşünməkdən yayınmır, bəzən nəyi bildiyini və nəyi bilmədiyini yoxlamaq vərdişini də itirə bilər. Yeni nəslin qarşısındakı təhlükə cavabın arxasındakı düşüncə prosesinə ehtiyac duymamağa alışmaqdır.
Süni intellektin insanın tənqidi düşüncəsinə təsirini araşdıran mühüm işlərdən biri Microsoft Research və Carnegie Mellon Universitetinin tədqiqatçıları tərəfindən aparılıb. Hao-Ping Lee və həmkarlarının 2025-ci ildə təqdim etdiyi araşdırmada 319 bilik işçisi arasında sorğu keçirilib, iştirakçılar generativ süni intellektdən istifadə etdikləri işlərlə bağlı 936 nümunə təqdim ediblər.

Tədqiqatın nəticələrinə görə, süni intellektə yüksək etimad göstərilməsi insanın tənqidi düşüncə sərfini azaltması ilə əlaqəli olub. Öz bacarığına daha çox güvənən iştirakçılarda isə tənqidi düşüncənin tətbiqi daha çox müşahidə edilib. Müəlliflər vurğulayırlar ki, süni intellekt tənqidi düşüncəni tamamilə aradan qaldırmır, onun xarakterini dəyişir: istifadəçi daha çox cavabın yoxlanılmasına, inteqrasiyasına və nəticəyə görə məsuliyyətə fokuslanır. Bu nəticə xüsusilə maraqlıdır. Çünki problem təkcə süni intellektdən istifadə etməkdə deyil, ona kor-koranə etibar etməkdədir. İnsan alqoritmin cavabını yoxlamadan qəbul edirsə, özünü qərarverən deyil, hazır nəticənin istehlakçısı mövqeyinə keçirir. Əksinə, süni intellektin təqdim etdiyi məlumatı sorğulayır, mənbələri yoxlayır, alternativ izahlar axtarır və nəticəni öz biliyi ilə müqayisə edirsə, texnologiya düşüncənin əvəzi deyil, düşüncənin alətinə çevrilir.
OECD-nin PISA 2025 nəticələrində şagirdlərin süni intellektdən istifadə vərdişlərinə də diqqət yetirilib. Hesabatda OECD ölkələri üzrə şagirdlərin təxminən beşdə birinin süni intellektdən məktəb tapşırıqları üçün demək olar ki, hər gün istifadə etdiyi bildirilir. Eyni zamanda, süni intellektdən konkret məktəb tapşırıqlarında istifadə etməyən şagirdlər bir çox müqayisədə istifadə edənlərdən daha yüksək nəticə göstəriblər.
Lakin mənzərə birmənalı deyil, süni intellektdən ümumi öyrənmə məqsədilə orta tezlikdə istifadə edən şagirdlərin nəticələri bəzi göstəricilərdə istifadə etməyənlərə yaxın olub. OECD özü də bu əlaqələrin birbaşa səbəb-nəticə əlaqəsi kimi şərh edilməməli olduğunu vurğulayır.
Bu məlumatdan “süni intellekt şagirdləri zəiflədir” kimi qəti nəticə çıxarmaq doğru olmaz. Amma başqa bir qənaət üçün əsas var. Süni intellektin təhsildə faydası onun mövcudluğundan çox, hansı məqsədlə və necə istifadə olunmasından asılıdır. Eyni alət bir şagird üçün fərdi müəllim, digəri üçün isə ev tapşırığını onun əvəzinə yerinə yetirən mexanizm ola bilər.
Məhz buna görə təhsildə əsas müzakirə süni intellekti tam qadağan etmək və ya sərhədsiz tətbiq etmək arasında seçim olmamalıdır. Əsas məsələ şagirdin texnologiya ilə işləyərkən öz düşüncəsini qorumasıdır.
Süni intellektin gələcəklə bağlı vədlərini yalnız təhlükələr üzərindən oxumaq düzgün olmaz. Bu texnologiya düzgün tətbiq edildikdə təhsildə və əmək bazarında əvvəllər məhdud olan imkanları genişləndirə bilər.
Ənənəvi sinifdə müəllim eyni vaxtda müxtəlif hazırlıq səviyyəsinə malik onlarla şagirdlə işləyir. Süni intellekt isə şagirdin suallarına fərdi cavab verə, mövzunu fərqli üsullarla izah edə, əlavə çalışmalar hazırlaya bilər.
Bu, xüsusilə müəllimə və əlavə təhsil resurslarına çıxışı məhdud olan şagirdlər üçün əhəmiyyətli imkan yaradır. Amma texnologiyanın keyfiyyəti, dil dəstəyi və şagirdin ona çıxışı bu imkanın reallaşmasına birbaşa təsir edir.
Süni intellekt bəzi iş tapşırıqlarını avtomatlaşdırdıqca əmək bazarında bacarıqlara olan tələblər də dəyişir. Məlumatların təhlili, süni intellekt sistemlərinin idarə olunması, rəqəmsal təhlükəsizlik, alqoritmik qərarların yoxlanılması və insan-maşın əməkdaşlığı kimi istiqamətlər daha böyük əhəmiyyət qazana bilər.
Ancaq burada vacib fərq var, texnologiyanın yeni imkanlar yaratması bütün insanlara avtomatik olaraq yeni iş vəd etmir. Yeni bacarıqlara yiyələnmək, təhsil sisteminin uyğunlaşması və əmək bazarının dəyişikliklərə cavab verməsi zəruridir.
Süni intellekt ideyaların ilkin variantını hazırlamağa, fərqli yanaşmaları sınaqdan keçirməyə, mətn və vizual material yaratmağa kömək edə bilər. Lakin alətin yaratdığı nəticə ilə insanın orijinal düşüncəsi eyni şey deyil. Yaradıcılıq sual vermək, mövcud yanaşmanı dəyişmək, təcrübədən nəticə çıxarmaq və bəzən qəbul edilmiş qaydalara etiraz etməkdir.
UNESCO süni intellektin təhsildə tətbiqinə insan mərkəzli yanaşmanı tövsiyə edir. Təşkilatın 2024-cü ildə təqdim etdiyi şagirdlər və müəllimlər üçün süni intellekt kompetensiyaları çərçivələri texnologiyadan təhlükəsiz, etik və məsuliyyətli istifadəni əsas istiqamətlər kimi müəyyənləşdirir.
Şagirdlər üçün çərçivədə dörd əsas istiqamət vurğulanır, insan mərkəzli düşüncə, süni intellekt etikası, texnologiyanın işləmə prinsipləri və süni intellekt sistemlərinin layihələndirilməsi. UNESCO-nun yanaşmasına görə, süni intellekt insanın qərarverməsini və intellektual inkişafını dəstəkləməli, onları zəiflətməməlidir.
Təşkilatın 2023-cü il sənədində isə təhsil mühitində generativ süni intellektdən istifadə üçün müvafiq qaydaların, müəllim hazırlığının və şəxsi məlumatların qorunmasının vacibliyi qeyd olunur. UNESCO həmin sənəddə sinifdə süni intellekt alətlərindən istifadə üçün 13 yaş həddi tövsiyə edir. Bu yanaşma mühüm bir məqamı ortaya qoyur, yeni nəsli süni intellektdən uzaq tutmaq kifayət deyil. Onu texnologiyanın imkanlarını və məhdudiyyətlərini dərk edən, alqoritmin cavabını yoxlaya bilən, etik məsuliyyəti anlayan istifadəçiyə çevirmək lazımdır.
Süni intellektin təhsilə təsiri Azərbaycan üçün də aktual müzakirə mövzusudur. Şagirdlərin və tələbələrin bu alətlərdən istifadə etməsi fonunda əsas məsələ texnologiyanın məktəbə və universitetə daxil olub-olmaması deyil, tədris və qiymətləndirmə metodlarının bu reallığa uyğunlaşıb-uyğunlaşmamasıdır.
Əgər tapşırığın cavabını süni intellekt saniyələr ərzində hazırlaya bilirsə, müəllimin şagirdin biliyini yalnız həmin tapşırığın yazılı nəticəsi ilə qiymətləndirməsi nə dərəcədə effektivdir? Bu sual təhsil sistemində bir neçə istiqamətdə dəyişiklik ehtiyacını gündəmə gətirir. Qiymətləndirmə metodları yenilənməlidir. Şagirdin yalnız yekun cavabı deyil, onu hansı məntiqlə əldə etdiyi də qiymətləndirilməlidir. Süni intellekt savadlılığı tədrisə daxil edilməlidir. Şagird alqoritmin səhv edə biləcəyini, uydurma məlumat və mənbələr yarada biləcəyini bilməlidir. Müəllimlər yeni metodlarla təmin olunmalıdır. Süni intellekt müəllimin yerini tutan deyil, onun pedaqoji işini dəstəkləyən vasitə kimi tətbiq edilməlidir. Akademik dürüstlük qorunmalıdır. Şagirdin hansı işi özü gördüyü, hansı mərhələdə süni intellektdən istifadə etdiyi aydın olmalıdır. Rəqəmsal bərabərsizlik nəzərə alınmalıdır. Texnologiyaya çıxışı olan və olmayan şagirdlər arasında yeni təhsil fərqinin yaranmasına yol verilməməlidir.
Azərbaycan təhsilinin qarşısında duran məsələ şagirdlərə süni intellektdən istifadə etməyi öyrətməklə bitmir. Onlara süni intellektin cavabını sorğulamaq, alternativ həll tapmaq və texnologiyasız da düşünə bilmək bacarığı qazandırmaq lazımdır.
Generativ süni intellekt inandırıcı görünən, amma faktiki baxımdan yanlış cavablar yarada bilər. Bu hadisə texniki dildə çox vaxt “hallüsinasiya” adlandırılır. Məsələ ondadır ki, alqoritm cavabı əminliklə təqdim etsə də, bu, həmin cavabın doğru olduğuna zəmanət vermir. İstifadəçi məlumatı yoxlamadan qəbul etdikdə yanlış bilik, səhv qərar və əsassız qənaət formalaşa bilər.
Bu risk təkcə şagirdlərə aid deyil. Jurnalist, müəllim, hüquqşünas, həkim, dövlət qulluqçusu və sahibkar da süni intellektin hazırladığı məlumatı yoxlamadan istifadə etdikdə peşə məsuliyyəti ilə üzləşə bilər.
Süni intellektin yaratdığı mətni öz adı ilə təqdim etmək, onun uydurduğu mənbəni real hesab etmək və ya alqoritmin təklifini ekspert rəyi kimi qəbul etmək texnologiyanın imkanlarından düzgün istifadə deyil. Süni intellekt cavab hazırlaya bilər. Amma həmin cavabın nəticəsinə görə məsuliyyət daşıyan yenə insandır.
Yaxın gələcəkdə süni intellektdən istifadə etmək bacarığı mühüm üstünlük olacaq. Lakin zaman keçdikcə bu bacarıq geniş yayıldıqca, təkcə alətdən istifadə etmək insanı fərqləndirməyəcək.
Əsl fərq süni intellektdən necə istifadə etməkdə yaranacaq. Bir gənc alqoritmdən hazır esse istəyəcək. Digəri isə mövzunun zəif tərəflərini müəyyənləşdirmək, arqumentləri yoxlamaq və öz mövqeyini daha əsaslı qurmaq üçün ondan istifadə edəcək. Bir tələbə süni intellektə məsələni həll etdirəcək. Digəri əvvəlcə özü həll etməyə çalışacaq, sonra alqoritmdən alternativ yanaşma istəyəcək və fərqləri təhlil edəcək. Hər iki gənc eyni texnologiyaya sahib olacaq. Amma onların qazandığı bacarıqlar eyni olmayacaq. Bu mənada gələcəyin əsas kompetensiyaları təkcə rəqəmsal savadlılıqdan ibarət deyil. Tənqidi düşüncə, problem həlli, məlumatın yoxlanılması, yaradıcılıq, etik qərarvermə və müstəqil öyrənmə bacarıqları da həlledici rol oynayacaq.
Süni intellektin insan həyatına gətirdiyi dəyişiklikləri nə yalnız təhlükə, nə də yalnız tərəqqi kimi qiymətləndirmək olar. Bu texnologiya həm məhsuldarlığı artırmaq, həm də insanın bəzi zehni vərdişlərini zəiflətmək potensialına malikdir. Hansı nəticənin üstün gələcəyi isə onun necə tətbiq olunmasından, təhsil sisteminin necə uyğunlaşmasından və istifadəçinin hansı vərdişlər formalaşdırmasından asılıdır.
Yeni nəsil üçün süni intellekt böyük imkanlar açır: daha əlçatan bilik, fərdiləşdirilmiş öyrənmə, yeni peşələr, yaradıcılıq və daha səmərəli əmək. Amma bu imkanların gerçək üstünlüyə çevrilməsi üçün gənclər texnologiyanın verdiyi cavabla kifayətlənməməli, həmin cavabı anlamağı, yoxlamağı və lazım gəldikdə rədd etməyi də bacarmalıdırlar.
Bəlkə də gələcəyin ən böyük təhsil paradoksu budur: maşınlar nə qədər ağıllanırsa, insanın öz ağlını işlətməsi bir o qədər vacib olur.
Süni intellekt insanın əlindən işi ala bilər. Amma insan öz düşüncəsini də ona təhvil verərsə, itirilən təkcə iş deyil, müstəqil qərar vermək qabiliyyəti olacaq.
Yeni nəslə veriləcək ən böyük vəd daha sürətli cavablar deyil. Daha çox düşünmək, daha dərindən anlamaq və texnologiyanın içində belə insan olaraq qalmaq imkanıdır.
Elnur ƏMİROV