Modern.az

Azad Qarabağı yaddaşlara həkk edən operator - Vüsal Quliyevin Xankəndi arzuları

Azad Qarabağı yaddaşlara həkk edən operator - Vüsal Quliyevin Xankəndi arzuları

22 İyul 2021, 13:50

44 günlük Qarabağ müharibəsi Azərbaycan üçün yeni tarix yazdı. Bu savaş tarixi qələbə ilə yanaşı, həm də milli birliyimizi, vətənə olan sevgimizi bütün dünyaya bəyan etdi. Bir daha şahidi olduq ki, hər bir azərbaycanlı Qarabağ uğrunda gedən döyüşlərə atılmağa hər an hazırdır. Amma söhbət silaha sarılıb səngərə keçməkdən getmir və təbii ki, hamının silah alıb döyüşə girməsi də mümkün məsələ deyil. Mümkün olan isə o idi ki, hər bir azərbaycanlı öz sahəsində öz cəbhəsini qurdu. Bu sırada kütləvi informasiya vasitələrinin nümayəndələri də yüksək peşəkarlıq və böyük vətənpərvərlik nümayiş etdirdilər.


44 günlük müharibədə böyük qələbələri tarixin yaddaşına həkk edənlərdən biri də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qarabağ  burosunun operatoru Vüsal Quliyevdir. Əslində Vüsal üçün müharibə səhnələri yad bir mənzərə deyil. O, müharibənin işartılarını hələ Xankəndi şəhərində orta məktəbdə təhsil aldığı illərdən görüb. Vüsal müharibənin ağrılarını 1993-cü ildə uzun illər Xankəndi Pedaqoji İnstitutunda çalışan, Qarabağ ziyalıları arasında böyük nüfuza sahib olan atası İnqilab müəllim vəfat edəndə hiss edib. İnqilab Quliyev Şuşa-Ağdam yolunda ermənilərin fiziki təzyiqinə məruz qalanda, aldığı zədələrin fəsadlarından dünyasını dəyişəndə, Vüsal müharibənin bütün acılarını dadıb.


Sözsüz ki, bütün bunlar Vüsalın Qarabağ hadisələrinə baxışını dəyişib, o, hansısa bir vasitə ilə qələbnin təmin olunmasında iştirak etməyi, düşməndən qisas almağı özünün ən ümdə borcu sayıb.


Vüsalın vətən, yurd sevgisinin səbəblərindən biri də həqiqi hərbi xidməti ilə bağlıdır.  Həqiqi hərbi xidmətini sərhəd qoşunlarında keçirən Vüsalın taleyinə sərhədlərimizi sovet qoşunlarından təhvil almaq kimi bir missiya da yazılıb. Məhz bu tarixi hadisədə o, müstəqil Azərbaycanın sərhədçisi kimi iştirak edib. O, nümunəvi xidmətinə görə şəxsi heyət arasında həmişə fərqlənib və dəfələrlə mükafatlandırılıb. Hətta həmin xidmət illərindən uzun illər keçdikdən sonra Vüsal Quliyev 2019-cu ildə Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı ilə təltif olunub.


2006-cı ildən taleyini İctimai Televiziyaya  bağlayan Vüsal Quliyev artıq 15 ildir ki, bu şirkətin  Qarabağ bürosunda operator vəzifəsində işləyir. Bu illər ərzində o, Qarabağda baş verən bir çox hadisələrin şahidi olub. Amma özü söylədiyi kimi, bu 15 ilin şah əsərini 44 günlük müharibədə yaradıb:


“Bəzən gözlərimiz önündə baş verən hadisələrin tarixi məna yükü o qədər böyük olur ki, onun mahiyyətini tezliklə dərk etmək mümkün olmur. 44 günlük müharibə də belə hadisələrdəndir. Həmin günlərdən zaman keçdikcə dərk edirəm ki, silaha çevirdiyim kameram hansı səhnələri yaddaşına köçürüb və dəfələrlə həmin görüntüləri təkrar-təkrar seyr edirəm. Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər, Kəlbəcər, neçə-neçə işğaldan azad olunmuş kəndlərimiz... Bütün bunlar mənim bu illər ərzindəki operator fəaliyyətimin ən böyük əsərləridir. Hər kadr milli qürurumuzdur, hər kadr qələbə ətirlidir, hər kadr bir tarixi andır. Mən özümü ən şanslı və ən xoşbəxt operator sayıram ki, azad Qarabağımızı yaddaşlara köşürmək mənim qismətimə düşüb...”.

Qələbə insanlarda fərqli bir ruh yaradır. Bu gün Vüsal Quliyev də fərqli bir ovqatdadır. Azad olunmuş torpaqlarımızdakı quruculuq işlərini kamerasının yaddaşına köçürdükcə Vüsal qürur və sevinc hissini gizlədə bilmir:


“İndi Qarabağda başqa bir mənzərə var. Vandallıq, yırtıcılıq, vəhşilik abadlıq və quruculuq işləri ilə əvəzlənib. Bu mənzərələri gördükcə insanın keçirdiyi qürur hissləri sözlə ifadə olunmur. Tarix boyu həmişə belə olub, torpağı sahibi dirçəldib. Bu dirçəlişə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və müzəffər ordumuza borcluyuq...”


Vüsalın ən böyük arzusu məktəb illərini keçirdiyi, neçə-neçə xatirələr qoyduğu Xankəndi şəhərinədönməkdir. O, həmin günün çox yaxında olduğuna inanır. Oxuduğu məktəbi, gəzib dolaşdığı Xankəndi küçələrini və sözsüz ki, Xankəndinin baş meydanında dalğalanan üzrəngli Azərbaycan bayrağını çəkmək arzuları kamerasını silaha çevirən Vüsala yeni yaradıcılıq ilhamı verir. O gün uzaqda deyil...



İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar