Modern.az

Ombudsman AŞPA nümayəndələrini qəbul etdi

Ombudsman AŞPA nümayəndələrini qəbul etdi

27 İyul 2021, 17:30

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyətinin üzvlərini qəbul edib.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, görüşdə “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri mövzusu” üzrə məruzəçi Pol Qavan, Komitə Katibliyinin rəhbəri Mark Nevil və Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Kirilo Boiçeniuk iştirak ediblər.

 

Ombudsman Səbinə Əliyeva qonaqlara Vətən müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət barədə geniş məlumat verib. 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qadağan olunmuş silahlardan hücum edilməsinə dair faktoloji materiallar təqdimat zamanı qonaqların diqqətinə çatdırılıb. Qeyd olunub ki, həmin hücumlar nəticəsində dağıdılan yaşayış məntəqələrində aparılmış yerində araşdırmaların nəticəsi olaraq, humanitar hüququn pozulmasına dair sübutlara əsaslanan xüsusi hesabatlar hazırlanıb və aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərilib. Bildirilib ki, həmin hesabatlarda müharibə dövründə həlak olan və yaralanan mülki şəxslər, o cümlədən müharibənin qurbanına çevrilmiş uşaqlar, tamamilə və ya qismən dağıdılan tarixi və mədəni abidələr barədə məlumatlar, habelə Ermənistan tərəfindən azərbaycanlı hərbi əsir və girovlara qarşı işgəncə və pis rəftar hallarına dair faktlar əks olunub.

 

Bununla yanaşı, Ombudsman azad olunan ərazilərdə işğal dövründə Ermənistan tərəfindən basdırılan tank və piyada əleyhinə minalar barədə hazırlanmış hesabat barədə məlumat verərək, minaların regionda həyatın yenidən bərpa olunmasına ciddi maneə yaratdığını, eyni zamanda sülhü təhdid etdiyini qonaqların diqqətinə çatdırıb.

 

Görüş zamanı Ombudsman təsisatının hazırladığı, Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər aparılmış nifrət siyasətini və nifrət nitqini əks etdirən videoçarx da nümayiş etdirilib. Yekunda Ombudsman regionda sülh şəraitində birgəyaşayışın təmin edilməsinin vacibliyini vurğulayıb.

 

AŞPA-dan olan nümayəndə heyətinin üzvləri münaqişənin səbəb olduğu insan hüquqlarının pozulması halları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Ombudsman AŞPA nümayəndələrinin səfər çərçivəsində həyata keçirdikləri araşdırmalar nəticəsində əldə edilən məlumatlar əsasında ədalətli qiymətləndirmə aparacaqlarına ümidvar olduğunu ifadə edib. Görüşdə qonaqların sualları ətraflı cavablandırılıb, onlara sözügedən hesabatlar və bəyanatlar təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir