Modern.az

"Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat

Aktual

2 Avqust 2021, 12:38

Hazırda Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə və bu məqsədlə ölkəmizdə referdumun keçirilməsinə heç bir ehtiyac yoxdur. Konstitusiyamıza edilən son dəyişikliklər hakimiyyətin müvafiq qollarının, o cümlədən Milli Məclisin formalaşması və fəaliyyəti üçün geniş imkanlar yaradır, Azərbaycan Respublikasının qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada və digər beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlara tam təminat verir.

 

Bunu Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Onun sözlərinə görə, son zamanlarda Milli Məclisin təkrar buraxılacağı barədə fikirlər müəyyən radikal siyasi qüvvələr tərəfindən siyasi gündəmin xaricdən ötürülən təxribat xarakterli direktivlər əsasında dəyişdirilməsinə, ictimai rəydə qanunverici orqana qarşı etimadsız münasibətin formalaşdırılmasına xidmət edir:

 

“Hazırda Azərbaycan Respublikasının Milli Məclisi öz fəaliyyətini yüksək səviyyədə qurub. Belə məlumatların Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri arasında hər üç ölkənin qanunvericilik orqanı arasında əlaqələrin intesivləşməsinə xidmət edən “Bakı bəyannaməsi”nin imzalanmasından dərhal sonra sürətlə yayılması təsadüfi deyil və Milli Məclisin ölkəmizin maraqlarının qorunması prosesindəki fəal iştirakından bəzi qüvvələrin narahat olduğunu nümayiş etdirir”.

 

Millət vəkili qeyd edib ki, Milli Məclisin say tərkibi, həmçinin bu tərkibin formalaşdırılması üçün tətbiq edilən seçki sistemi sınaqdan keçərək özünü doğruldub:

 

“ VI çağırış Milli Məclis fəaliyyətinin dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri bütün addımları atır, mövcud çağırışlara çevik reaksiya verir. Qanunvericilik aktlarının qəbulu zamanı Milli Məclisin deputatları yüksək peşəkarlıq nümayiş etdirirlər. Bununla yanaşı, Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçilərinin yüksək vəzifələrə seçildiklərini, parlamentin idarə olunmasında fəal iştirak etdiklərini, parlament demokratiyasının inkişafına, plüarizmə öz töhfələrini verdiklərini də xüsusi vurğulamaq lazımdır”.

 

Milli Məclisin üzvü deputatların mütəmadi olaraq öz seçiciləri ilə görüşdüklərini və bu prosesin daha intensiv şəkil aldığını bildirib:

 

“Deputatlar öz seçiciləri ilə daim canlı ünsiyyətdə olur, həmçinin müasir kommunikasiya vasitələrindən, sosial şəbəkələrdən istifadə etməklə onlarla əlaqə qururlar. Milli Məclisin beynəlxalq əlaqələri gündən-günə genişlənir və dünyanın müxtəlif ölkələrinin parlamentləri ilə əlaqələr daha da möhkəmləndirilir və intensiv xarakter alır. Ölkənin ali qanunvericilik orqanında həyata keçirilən islahatlar öz nəticəsini verməkdədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir