Modern.az

Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik”

Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik”

4 Avqust 2021, 16:24

Milli Məclisin ötən gün keçirilən plenar iclası ilə parlamentin növbədənkənar sessiyası başa çatdı. Məzuniyyətə davam edən deputatlar artıq sentyabr ayında ənənəvi olaraq payız sessiyasına toplaşacaqlar.

 

Maraqlıdır, sonuncu sessiyada Milli Məclisin komitələrinin müzakirəsi yarımçıq qalan qanun layihələri varmı? Komitələr yeni sessiyaya necə hazırlaşırlar?

 

 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Modern.az-a açıqlamasında komitənin yaz sessiyasında müzakirəsi yarımçıq qalan heç bir qanun layihəsinin olmadığını söyləyib. O rəhbərlik etdiyi komitənin yeni işlərə imza atacağını bildirib:

 

“Payız sessiyasında tamamilə yeni işlərə start verəcəyik. Yaz sessiyasında iki qanun layihəsini müzakirəyə çıxarıb, səsvermə ilə qəbul etdik. Qanunlar enerji sahəsi ilə bağlı dünya və gələcək üçün aktual məsələləri əhatə edirdi.

 

Hazırda Azərbaycanda yeni mühit yaranıb. İşğaldan azad olunan torpaqlarımızda görüləcək işlər çoxdur. Prezidentimizin bütövlükdə bu sahəyə daim önəm verməsinə hamımız şahidiyik. Xüsusilə, Qarabağda “yaşıl enerji” sahəsinin yaradılması üçün qəbul etdiyimiz qanunların böyük əhəmiyyəti var.

 

Payız sessiyasında elektroenergetika haqqında yeni qanun layihəsinin hazırlanıb, komitəyə təqdim ediləcəyi gözlənilir. Bunu Milli Məclisdə müzakirə edəcəyik”.

 

Komitə sədri onu da vurğulayıb ki, hazırda azad olunmuş ərazilərlə bağlı enerji məsələlərinin həlli istiqamətində işlərə başlanılıb.

 

“Bizim bütün bölgələrimizi əhatə edən qanun layihələri qəbul edilib. Bunlar Qarabağda işləri davam etdirməyə imkan verir. Yeni qanunlar olarsa, müzakirə edəcəyik.

 

Qeyd etdiyim kimi, Prezident İlham Əliyev azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsini qarşıya məqsəd qoyub. Bu istiqamətdə addımlar atılacağı gözləniləndir”.

 

Qeyd: Milli Məclisin digər komitələrinin də payız sessiyası ilə bağlı fəaliyyət planlarını təqdim edəcəyik.

 

Bundan əvvəl Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu,  Aqrar siyasət komitələrinin payız hazırlığı ilə maraqlanmışdıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir