Modern.az

“Həmin silahı alıb atama qaytaracam” - Olimpiya mükafatçımız

“Həmin silahı alıb atama qaytaracam” - Olimpiya mükafatçımız

Aktual

5 Avqust 2021, 11:15

“Qırğızıstan güləşçisi ilə görüşdə nə baş verdiyini anlamırdım. Karyeramın ən utancverici görüşü idi. Həmin kadrlara heç vaxt baxmayacağam”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının rəsmi instaqram səhifəsinə müsahibəsində Tokio 2020-nin bürünc mükafatçısı Rafiq Hüseynov deyib.

 

 33 yaşlı yunan-Roma güləşçisi saat fərqinin çıxışına təsir etdiyini bildirib: “Məğlubiyyəti nəyləsə bağlamaq mənim tərzim deyil. Hakimin uduzdurmağı, ayağının sürüşməyi, xəstələnməyin heç kimə maraqlı olmur. Hər kəs səndən qələbə gözləyir. Amma bu da faktdır ki, saat fərqi çıxışa təsir edir. Gecə yatmamışdım. Ümumiyyətlə, gəldiyim gündən yuxu rejimim pozulmuşdu. Sabahı gün də son dünya çempionatının gümüş mükafatçısı, həmçinin dünya reytinqində ikinci yerdə olan Aleks Kessidislə üz-üzə gəlirdim. Görüşümüz 1/8 final mərhələsində sonuncu idi. Mənim qarşılaşmamdan dərhal sonra da 1/4 final mərhələsi başladı. Kessidislə görüşdə çox güc sərf etmişdim, bərpa üçün isə vaxtım yox idi. Bütün bunlar mənə çətinlik törətdi, amma yenə də bu, uduzmağıma birbaşa səbəb deyildi. Hər halda rəqib də mənim kimi məşq edib, əziyyət çəkib Olimpiadaya gəlmişdi. Müəyyən səhvlərim oldu. Qırğızıstan güləşçisi ilə görüşdə sanki bataqlıqda idim. Nə baş verdiyini anlamırdım. Güləş sanki heç vaxt məşğul olmadığım idman növü idi. Həmin kadrlara heç vaxt baxmayacağam”.

 

İkiqat Avropa çempionumuz Ermənistan güləşçisi Karapet Çalyanla üçüncülük görüşündən də danışıb: "Bürünc uğrunda güləşdiyim gün mənə rahat oldu. Səhərki görüşdən sonra bərpa üçün kifayət qədər vaxtım oldu. Erməni ilə görüş səhər saatlarına düşsəydi, mənə çox ağır olardı.

 

Mən hər yarışdan əvvəl rəqiblərimi dərindən analiz edirəm. Ermənistan güləşçisinin də görüşlərini izləmişdim. Nə vaxt nə edəcəyini bilirdim. Hesabımı  götürmüşdüm ki, ilk hissədə ona qarşı ayaq üstü fənd işlətməliyəm.

 

Erməni görüş ərzində çox aqressiv idi. Əvvəlcədən bilirdim ki, güləş qaydalarından kənar hərəkətlər edir. Ona görə birinci dəfə başla vuranda hakimə işarə etdim ki, nəzərə alsın. Çünki bu, ikinci dəfə baş versə, artıq hakimin xəbərdarlıq verməmək şansı olmayacaqdı. Rəqibin haqqında topladığım biliklər sayəsində parterdən xal vermədən çıxa bildim. Bundan sonra artıq 70-80 faiz qalib gəldiyimi düşünürdüm. Çünki ikinci hissədə müəyyən fəallıq bəs edirdi ki, rəqibə xəbərdarlıq versinlər və mən sonuncu xal prinsipinə əsasən, qarşılaşmanı qazanım. Bonus olaraq erməni yenə başla vurdu, növbəti xallar da beləcə hesabıma əlavə olundu. Məşqçi də ağılsızlıq edib videotəkrara baxılmasını istədi, bir xal da ordan aktivimə yazıldı. Həmin vaxt görüşün bitməsinə, səhv etmirəmsə, 1 dəqiqə 40 saniyə qalmışdı. Çevrilib bizim böyük məşqçimiz Rövşən Bayramova baxanda gözlərindən hiss etdim ki, mən qalibəm. Çox fərqli duyğular idi. Qələbədən sonra verdiyim reaksiyaları xatırlamıram. Xahiş etmişəm ki, görüşün videoyazısını göndərsinlər, baxım”.

 

Olimpiadanın bürünc medalını qazandıqdan sonra “Bu, atamın qələbəsidir” deyə açıqlama verən Hüseynov, yeniyetməlik xatirəsini bölüşüb: “2003-cü ildə Avropa çempionatına federasiyanın imkansızlığı səbəbindən məhdud sayda uşaq seçilmişdi. Digərləri səfər xərcini özü ödəməli idi. Mən o yarışa getməyi çox istəyirdim, amma maddi vəziyyətimiz buna imkan vermirdi. O vaxt atam ona hədiyyə olunan Amerika istehsalı silahını satıb, məni Avropa çempionatına göndərdi. Orada iki görüş udub, üçüncünü uduzdum. 11-ci yeri tutdum. O silahın satılmağı karyeramın startı idi. Özümə söz vermişdim ki, nə vaxtsa Olimpiya medalı alsam, silahı alıb atama qaytaracağam. Kimdə olduğunu da bilirəm”.

 

Olimpiya mükafatçısı karyerasını bitirmək niyyətində olmadığını ifadə edib: “Biz idmançılar arasında belə bir fikir var: İdman səni buraxmayınca, sən idmanı buraxma. Sağlamlığım imkan versə, növbəti Olimpiadaya da hazırlaşacağam”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı