Modern.az

FHN-in 500-ə yaxın əməkdaşı Türkiyədədir

FHN-in 500-ə yaxın əməkdaşı Türkiyədədir

5 Avqust 2021, 12:04

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin əməkdaşlarından və yanğınsöndürmə texnikasından ibarət iki qrup artıq neçə gündür Türkiyədə mürəkkəb şəraitdə baş verən yanğınların söndürülməsinə cəlb edilib. Dövlətimizin başçısının tapşırığının icrası çərçivəsində bu gün əlavə 40 yanğın texnikası və 160 nəfər şəxsi heyətdən ibarət üçüncü qrup qardaş ölkəyə yola düşür.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

 

General bildirib ki, Türkiyədə yanğınların söndürülməsi üçün Azərbaycandan ümumilikdə 500-ə yaxın şəxsi heyət göndərilib:

 

“Bundan başqa, FHN-in bir helikopteri də yanğınların söndürülməsində iştirak edir. Həmçinin 100 yanğınsöndürmə texnikası Türkiyədə yanğınların söndürülməsi işlərinə cəlb olunub. Əməkdaşlarımızın meşə yanğınlarının söndürülməsi sahəsində kifayət qədər zəngin təcrübəsi var. Yanğınsöndürənlərimiz qardaş ölkədə yanğınların söndürülməsi işində ruh yüksəkliyi ilə iştirak edirlər”.

 

Xidmət rəisi bu günədək Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından heç birinin ciddi xəsarət almadığını bildirib.

 

Xatırladaq ki, bu gün səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?