Modern.az

Dünya azərbaycanlıları Şuşada birləşdi...

Dünya azərbaycanlıları Şuşada birləşdi...

21 Avqust 2021, 20:59

Bu yaxınlarda Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələrinin Şuşa şəhərinə növbəti səfəri təşkil olundu. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşən səfərdə iştirak edən diaspor fəalları işğaldan azad olunmuş əzəli torpaqlarımızda tarixi anlar yaşadılar. 

 

Xaricdən təşrif buyuran soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtının baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, habelə digər mühüm yerləri ziyarət etdilər.  

 

Daha sonra diaspor təmsilçilərinə Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verildi.

 

Ölkəmizi xaricdə təmsil edən həmvətənlərimiz birgünlük Şuşa səfərindən xoş təəssüratla qayıtdılar. 

 

 

 

Bu səfər həmrəyliyimizin nümayişidir...

 

29 illik ayrılıqdan sonra Şuşaya ayaq basan Pərvanə Ağazadə səfərlə bağlı fikirlərini Modern.az-la bölüşüb. Şimali İrlandiyada yaşayan həmyerlimiz doğma Qarabağda unudulmaz anlara şahidlik etdiyini bildirib. Onun sözlərinə görə, Şuşaya və digər azad olunmuş ərazilərimizə səfərlərin təşkili dünya azərbaycanlılarının birliyini və həmrəyliyini göstərir:

 

"Şuşaya gedişim sanki möcüzə oldu. Heç düşünməzdim ki, tez bir zamanda ora səfər edim. Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm. Şuşada olarkən qarışıq hisslər keçirdim, həm sevincli, həm də kədərli anlar yaşadım. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Biz bu sevinci Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə borcluyuq. Mən 13 ildir Şimali İrlandiyada yaşayıram. Dövlətimiz xaricdə yaşayan həmyerlilərimizə daim dəstək göstərib, onların yanında olub. Biz bu gün də dövlətimizin dəstəyini hiss edirik".

 

 

 

Heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz...

 

P.Ağazadə qeyd edib ki, son illər diaspor sahəsində görülən işlər nəticəsində böyük uğurlar əldə edilib. Onun sözlərinə görə, bəzi qüvvələr azərbaycanlıların birliyindən narahat olmağa başlayıb. 

 

"Diaspor sahəsində fəaliyyətim yenidir, ancaq qısa müddətdə buranı özümə çox doğma hiss edirəm. Biz birlikdə daha güclüyük. İnşallah, yeni işlərimizlə də dünyaya səsimizi çatdıracağıq. Bəzi qüvvələrə önəm vermirik, bizim məqsədimiz var və yalnız öz işimizlə məşğuluq. Milli birlik və həmrəylik göstərərək qələbəmizə töhfə verən xaricdəki soydaşlarımızla, Diaspor Komitəsinin təşkilatçılığı ilə Şuşaya öz missiyamızı yerinə yetirmək üçün getdik. Allah arzusunda olanda hər kəsə Şuşanı görməyi nəsib etsin".

 

 

Erməni vandalizmini dünyaya çatdırırıq...

 

İtaliyada magistr təhsili alan, hazırda orada çalışan azərbaycanlı fəal Zərifə Qasımzadə Şuşanın gözəlliyinə valeh olduğunu söyləyib. Qarabağdan xoş təəssüratlarla qayıdan Zərifə xanım şahidi olduğu erməni vandalizmini dünya ictimaiyyətinə çatdıracağını bildirib.

 

"Şuşaya getmək çox təsirli səfər oldu. Atalarımızın, qardaşlarımızın qanı bahasına alınmış torpaqlarda olmaq qürurverici və kədər dolu anlardan ibarətdir. Uşaqlıqdan "Qarabağı alacağıq" ifadəsi ilə böyüdük, nəhayət, Qarabağı düşməndən aldıq. Şuşanın elə gözəlliyi var ki, o torpaqları düşmənə buraxmaq olmazdı. Mənə maraqlı idi ki, ermənilərin talan etdiyi mədəniyyət mərkəzimiz necə abadlaşdırılır. Şuşaya getdim və təmir işlərinin necə sürətlə aparıldığını öz gözlərimlə gördüm. Xüsusilə də Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirirəm ki, bizim üçün bu şəraiti yaratdı. Xaricdə yaşayan azərbaycanlılar olaraq üzərimizə daha böyük məsuliyyət düşür, çünki biz erməni terrorunu, onların barbar əməllərini dünyaya çatdırmalıyıq, dünya ictimaiyyətinə eşitdirməliyik. Mən İtaliya jurnallarında çalışmışam, dəfələrlə düşmənin mənfurluğundan, işğalçı siyasətindən yazmışam. Dostlarımla müxtəlif şəhərlərdə mitinqlər, nümayişlər keçirmişik.

 

Onu da qeyd edim ki, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə bibimoğlu Qurbanov İmran şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun", - deyən azərbaycanlı gənc vurğulayıb ki, diaspor nümayəndələrinin Qarabağa səfərinə qısqanclıqla yanaşan qüvvələr heç vaxt mənfur niyyətlərinə nail ola bilməyəcəklər, çünki onların qarşısında "Dəmir yumruq" ətrafında birləşmiş Azərbaycan xalqı və haqq səsimizi dünyaya çatdıran vətənpərvər soydaşlarımız dayanır.

 

 

Doğma torpaqlarımızı görmək həsrətilə yaşayırdıq...

 

 

İtaliyada yaşayan digər həmyerlimiz Orxan Kərimzadə bildirib ki, Qarabağın digər yerləri ilə müqayisədə Şuşanın xüsusi bir özəlliyi var:

 

"İllərdir şəkillərdə, videolarda gördüyümüz yerləri səfər edərkən keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Şuşanın küçələrini gəzərkən oranın necə mürəkkəb relyefə malik olduğunu və bu şəraitdə ordumuzun necə qəhrəmanlıq göstərərək oranı azad etdiyini düşünürsən. Bu gün işğaldan azad olunmuş ərazilərdə ciddi quruculuq və yenidənqurma işləri aparılır. Əminəm ki, yaxın illərdə Qarabağ əvvəlki əzəmətinə geri dönəcək. Azad Şuşaya ayaq basa bildiyimiz üçün cənab Ali Baş Komandan başda olmaqla ordumuza və bütün haqqı olan insanlara nə qədər təşəkkür etsək azdır. Eyni zamanda, Allahdan şəhidlərimizə rəhmət və qazilərimizə cansağılığı diləyirik. Bu səfəri təşkil edən Dövlət Komitəsinə və əziyyəti keçən əməkdaşlarına minnətdarlığımı bildirirəm".

 

 

Diaspor fəalının sözlərinə görə, Vətən müharibəsi dövründə Azərbaycan dünyaya nümunə olacaq xalq-dövlət birliyini nümayiş etdirdi:

 

"İllərlə ordu quruculuğuna göstərilən diqqət öz bəhrəsini verdi, müzəffər ordumuz düşmənə onların uzun illər unuda bilməyəcəyi zərbə vurdu. Ön cəhbədəki nümunəvi idarəetmə ilə yanaşı dövlətimiz informasiya savaşını da məharətlə idarə edirdi. Mən müharibə dövründə İtaliyada idim və orada da digər ölkələrdə olduğu kimi bütün soydaşlarımız bir yumruq kimi birləşib, erməni diasporu ilə informasiya mübarizəsi aparırdı, həqiqətlərı İtaliya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdıq. Xüsusən də Gəncə və Bərdə hadisələrində erməni vandalizminin nəticələrini yerli insanlara çatdırırdıq. Hər birimiz illərdir ki, doğma torpaqlarımızı görmək həsrəti ilə yaşayırdıq.

 

Biz işğaldan azad olunmuş ərazilərə səfər edərkən orada gördüklərimizi sosial şəbəkələrdə paylaşaraq erməni terrorunun nəticələrini xaricdəki dostlarımızın, tələbə və iş yoldaşlarımızın diqqətinə çatdırırıq. Bu da bizim haqlı mübarizəmizi, möhtəşəm qələbəmizi dünyaya göstərmək və ölkəmizin təbliği yolunda çox önəmlidir".

 

Müsahiblərimizin söylədiyi kimi, təəssüflər olsun, bəzi təxribatçı qüvvələr Azərbaycan diaspor nümayəndələrinin Qarabağa səfərləri barədə qərəzli, heç bir sağlam məntiqə sığmayan yanaşma sərgiləyir. Bu cür insanlar nədənsə Azərbaycan həqiqətlərini dünyada çatdıran, ermənilərin terrorçu simasını ifşa edən soydaşlarımızın milli birliyini qəbullana bilmirlər. Əlbəttə, belə qeyri-obyektiv münasibət xaricdə yaşayan azərbaycanlıların həmrəyliyini qətiyyən poza bilməz. Əksinə dünyanın müxtəlif yerlərində ölkəmizi təmsil edən həmvətənlərimiz daha möhkəm birlik nümayiş etdirərək, həm diaspor müstəvisində, həm də informasiya savaşında zəfərimizi şərəflə davam etdirirlər. 

 

Sonda xatırladaq ki, diaspor nümayəndələrinin Şuşaya ilk səfəri iyulun 27-də təşkil olunub. 29 ildən sonra Azərbaycan diasporunun Şuşaya səfəri böyük maraqla qarşılanıb. Bir neçə gün öncə baş tutan ikinci səfərdə isə 26 ölkədən 102 diaspor nümayəndəsi iştirak edib. 

 

Humay İsgəndərova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı