Modern.az

Polad Bülbüloğlu Bakıya gəlir - səfir izahat verəcək

Polad Bülbüloğlu Bakıya gəlir - səfir izahat verəcək

Aktual

30 Oktyabr 2012, 13:08

Azərbaycan hakimiyyətinin səfirlə “oliqarxlar ittifaqı” barədə müzakirə aparacağı gözlənilir

Modern.az xəbər verir ki, yaxın günlərdə Bakıda, Bülbül prospektində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün heykəlinin açılış mərasimi olacaq.

Hazırda yenicə qoyulmuş heykəlin ətrafında abadlaşdırma işləri aparılır. Abidə məşhur ifaçının yaşadığı evin qarşısında ucaldılıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın verdiyi məlumata görə heykəlin açılış mərasiminin vaxtı hələ dəqiq bilinmir. Açılış mərasimində görkəmli ifaçının oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edəcək.

“Noyabr ayının əvvəli üçün açılış mərasimi nəzərdə tutulub, amma dəqiq tarix məlum deyil. Gərək hər bir iş qaydasında olsun və Polad Bülbüloğlu da gəlsin. Çünki Bülbülün adına olan bütün tədbirlərdə Polad Bülübüloğlu iştirak edib”, – deyə nazirlik rəsmisi qeyd edib. 

Modern.az saytına daxil olan məlumata görə, Polad Bülbüloğlunun bu ərəfədə Bakıya gəlişi ilə digər bir məsələnin də müzakirə olunacağı gözlənilir. Söhbət son günlərdə mətbuatın gündəmindən düşməyən Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) ilə bağlı məsələdən gedir.  

Bu məsələ ətrafında qalmaqal daha da irimiqyaslı xarakter alıb. Belə ki, Moskvadakı azərbaycanlı milyonerlərin yaratdığı ÜATİ Azərbaycan hakimiyyətində ciddi narazılığa səbəb olub. Bəzi məlumatlarda qeyd edilir ki, ittifaqın yaradılmasından Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun əvvəlcədən xəbəri olub. Hətta səfirin “oliqarxlar ittifaqı”na dəstək verdiyi də iddia olunur. Amma Polad Bülbüloğlu sonradan mediaya müsahibəsində bunu inkar etdi. 
İndi belə bir məqamda Polad Bülbüloğlunun Bakıya gəlişi zamanı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına dair məsələnin müzakirə olunacağı barədə məlumatlar inandırcıcıdır.

Xatırladaq ki, sentyabrın 28-də ittifaqın Koordinasiya Şurasının ilk toplantısı keçirilib və ÜATİ adından Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bütün diaspor təşkilatlarına müraciət göndərilib, onlar yeni qurumda birləşməyə çağırılıb.
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvləri çox tanınmış simalardır. Bura Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və başqaları daxildir.

İttifaq rəsmiləri bir müddət öncə bəyan ediblər ki, qurumun fəaliyyəti Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edilənədək müvəqqəti olaraq dayandırılıb.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü