Modern.az

DİN COVID-19 pasportu ilə bağlı çaşqınlığa AYDINLIQ GƏTİRDİ

DİN COVID-19 pasportu ilə bağlı çaşqınlığa AYDINLIQ GƏTİRDİ

1 Sentyabr 2021, 10:21

“Bu gündən qüvvəyə minən qərarlarla bağlı neqativ halların olması gözləniləndir və olacaq”.

 

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.


E.Hacıyev deyib ki, monitorinq qrupları tərəfindən COVID-19 pasportu olmadan həmin obyektlərə daxil olan şəxslərin sərbəst hərəkəti müəyyən edilsə, onların həmin ünvandan çıxarılması təmin olunacaq:

 

“Obyekt sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin I hissəsinə müvafiq olaraq, cəzalanma qüvvədə saxlanılacaq. Tam olaraq məsuliyyət obyekt sahibinin üzərinə düşəcək.

 

Belə ki, 211-ci maddəyə əsasən, bütün hallarda epidemiya, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11000 min manatadək məbləğdə cərimə edilir”.

 

DİN rəsmisi həmçinin, COVID-19 pasportu ilə bağlı yaranmış çaşqınlığa da aydınlıq gətirib:

“Nazirlər Kabientinin qərarında 1-ci və 2-ci doza ilə bağlı ayrıca bənd yoxdur. COVID-19 pasportunun əldə olunması üçün 2 doza qəbul olunmalıdır. Elektron sistem də məhz 2 doza qəbul etmişlərin pasportunu tanıyır. 1 doza ilə fəaliyyətə icazə yalnız müəyyən sahələrdə işçi heyətinə şamil olunur. Müəyyən olunan sahələrdə çalışanlar sentyabrın 1-nə qədər 1-ci dozanı, oktyabrın 1-nə qədər isə 2-ci dozanı vurdurmalıdırlar”.

Xatrıladaq ki, bu gündən etibarən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və digər qapalı yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Yaşı 18-dən yuxarı şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. 

 

Peyvənd olunmayan şəxslər obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək.

 

Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması da tələb olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!