Modern.az

Məktəblərin açılması doğru qərardır? - Deputat və ekspertdən münasibət

Məktəblərin açılması doğru qərardır? - Deputat və ekspertdən münasibət

8 Sentyabr 2021, 15:06

Dünən təhsil naziri Emin Əmrullayevin iştirakilə keçirilən brifinqdə yeni tədris ili ilə bağlı vətəndaşları maraqlandıran bir çox suallara aydınlıq gətirildi.

 

Bildirildi ki, yeni qərara əsasən, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə digər siniflər, ali və orta ixtisas təhsili müəssisələrində ənənəvi tədris prosesi bərpa olunacaq.

 

Məktəblərin açılması qərarı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəzi valideynlər bu qərarı dəstəkləsə də, distant təhsilə üstünlük verənlər də az deyil.

  

Hazırki epidemioloji vəziyyətdə məktəblərin açılması qərarını düzgün hesab etmək olar?

 

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli Modern.az-a açıqlamasında bildirib ki, mümkün olduqca ənənəvi təhsil davam etməlidir:

 

“Pandemiya dövründə mümkün olduqca ənənəvi təhsilin keçirilməsini müsbət qarşılayıram. Distant təhsil forması pandemiya şəraitinin yaratdığı məcburiyyət idi. Ənənəvi təhsilin tədris olunması bu sahədə inkişafın sürətlənməsi deməkdir. Təhsil nazirinin bütün çətinlikləri gözə alaraq ənənəvi təhsillə yeni tədrisə başlanmasını müsbət qiymətləndirirəm. Məktəblərdə nazirliyin xüsusi qərarı ilə monitorinq qrupları fəaliyyət göstərəcək və onlar vəziyyəti hər məktəb üzrə ayrıca qiymətləndirib, qurumları operativ şəkildə məlumatlandıracaqlar. Bu ənənəvi tədris imkanlarının tənzimlənməsinə şərait yaradacaq”.

 

 

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, yeni qərarda tərəddüd doğuran məqam ali təhsil ocaqlarının açılmasıdır:

 

“Azərbaycan dövləti böyük məsuliyyət üzərinə götürərək ənənəvi təhsili bərpa etdi. Bu qərarın qəbul olunması ölkəmizdə təhsil sahəsinə ayrılan diqqətdən irəli gəlir. Hesab edirəm ki, yeni tədris ilindən təhsilin ənənəvi qaydada həftədə beş dəfə olmaqla keçirilməsi çox müsbət haldır.

 

Burada sadəcə ali təhsil ocaqları ilə bağlı müəyyən tərəddüdlər var. Çünki orta məktəblərdə şagirdlərin yerləşdirilməsi, dərslərin aparılması ali təhsil ocaqları ilə müqayisədə bir qədər asandır. Universitetdə təhsil alan tələbələr kirayədə qala, tanımadıqları insanlarla ünsiyyətdə ola bilərlər. Amma ümumilikdə təhsil barədə verilən hər bir qərarı müsbət qiymətləndirirəm. Eyni zamanda, bu qərarın qəbul olunmasına ölkə üzrə vaksinasiya prosesinin sürətlənməsi təkan oldu. Toyların, restorantların fəaliyyətinə icazə veririksə, məktəblərdə tədrisə qadağa qoya bilmərik”.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir