Modern.az

Eyni ixtisas, fərqli təhsil haqqı – Universitetlərdə qiymət niyə dəyişir?

Eyni ixtisas, fərqli təhsil haqqı – Universitetlərdə qiymət niyə dəyişir?

Təhsil

Bu gün, 21:11

Eyni ixtisasın müxtəlif universitetlərdə fərqli təhsil haqqı ilə tədris olunması abituriyentlər arasında sual doğuran məsələlərdəndir. Bəs universitetlər arasında bu qiymət fərqinin yaranmasına hansı amillər təsir edir?

İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev Modern.az-a açıqlamasında bildirib ki, təhsil haqqının müəyyənləşdirilməsində universitetin imkanları və əmək bazarındakı mövqeyi mühüm rol oynayır.

Onun sözlərinə görə, ilk növbədə ixtisası tədris edən professor-müəllim heyətinin elmi dərəcəsi və dil biliyi nəzərə alınır.

“Digər mühüm amil həmin ixtisasın maddi-texniki bazası və laboratoriyalarıdır. Bunlar həm ixtisasın, həm də universitetin Azərbaycan və beynəlxalq arenadakı nüfuzunun göstəricilərindən hesab olunur. Bu baxımdan həmin amillər təhsil haqqının yüksək olmasına əsas verən səbəblər sırasında yer alır”, – deyə mütəxəssis qeyd edib.

A.Vəliyev universitetin əmək bazarındakı rolunun da qiymətlərə təsir etdiyini vurğulayıb. O bildirib ki, ali təhsil müəssisəsinin həm Azərbaycan, həm də beynəlxalq əmək bazarında tanınması, eləcə də beynəlxalq əməkdaşlıqları və ikili diplom proqramlarının mövcudluğu onun təhsil xidmətlərinə əlavə dəyər qazandırır.

Mütəxəssis əlavə edib ki, universitetin brendi, beynəlxalq reytinqlərdə mövqeyi, əmək bazarındakı rolu, beynəlxalq əməkdaşlıqları, maddi-texniki bazası və professor-müəllim heyəti eyni ixtisas üzrə təhsil haqlarının fərqlənməsinə səbəb olan əsas amillərdəndir.

Aydan Qasımova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!