Yeni tədris ilinin başlanmasına az qalır. Valideynlərin əksəriyyəti övladları üçün məktəbli forması, çanta, ayaqqabı və digər ləvazimatları hazırlasa da, uşaqların sağlamlıq baxımından məktəb və bağçaya hazırlığı çox vaxt ikinci planda qalır.
Pediatr-neonatoloq Kamil Şərifov Modern.az-a açıqlamasında bildirib ki, məktəbə hazırlığın əsas hissələrindən biri uşağın pediatr müayinəsindən keçirilməsi olmalıdır.
Onun sözlərinə görə, müayinə zamanı uşağın boyu, çəkisi və ümumi inkişafı qiymətləndirilməli, ehtiyac yarandıqda müvafiq analizlər aparılmalıdır:
“Valideynlərin çoxu məktəb üçün paltar, ayaqqabı, çanta, dəftər və qələmləri hazırlayır. Amma uşağın sağlamlığının yoxlanılması da ən az bunlar qədər vacibdir. Uşaq keçənilki çantası ilə məktəbə gedə bilər, amma sağlamlığını keçən ildən qalan göstəricilərlə qiymətləndirmək olmaz”.
Həkim qeyd edib ki, dəmir çatışmazlığı və anemiya uşaqlarda yorğunluğa, diqqətin və koqnitiv göstəricilərin zəifləməsinə, nəticədə məktəb performansının aşağı düşməsinə səbəb ola bilər.
K.Şərifovun sözlərinə görə, xüsusilə qidalanma problemi, klinik əlamətləri və ya digər risk faktorları olan uşaqlarda dəmir çatışmazlığı və anemiyanın qiymətləndirilməsi məqsədəuyğundur. Menstruasiyası başlayan yeniyetmə qızlarda isə dəmir çatışmazlığı riski ayrıca nəzərə alınmalıdır.
Pediatr bununla yanaşı, sağlam görünən hər uşağa səbəbsiz şəkildə çoxsaylı analizlərin təyin edilməsini düzgün hesab etmir:
“Məqsəd nə qədər çox analiz aparmaq deyil. Pediatr uşağın yaşını, şikayətlərini və risk faktorlarını nəzərə alaraq hansı müayinələrin lazım olduğuna qərar verməlidir”.
“Yuxu rejimini indidən dəyişmək lazımdır”
Həkim məktəbə hazırlıq dövründə uşaqların yuxu rejiminə də xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.
Onun fikrincə, yay aylarında gec yatıb gec oyanmağa öyrəşmiş uşağın məktəbin ilk günü birdən-birə erkən oyadılması düzgün yanaşma deyil:
“Məktəb başlamazdan əvvəl uşağın yatmaq və oyanmaq saatlarını tədricən tədris rejiminə uyğunlaşdırmaq lazımdır. Normal yuxu uşağın diqqəti, yaddaşı və gün ərzində aktivliyi üçün vacibdir”.
Peyvənd kartları yoxlanılmalıdır
K.Şərifov bildirib ki, məktəb və bağçalar uşaqların bir-biri ilə sıx təmasda olduğu məkanlar olduğundan infeksiyaların yayılma riski də artır.
Bu səbəbdən yeni tədris ili başlamazdan əvvəl valideynlərə uşağın peyvənd kartını nəzərdən keçirmək, yaşına uyğun peyvəndlərin tamamlanıb-tamamlanmadığını yoxlamaq tövsiyə olunur.
“Yarımçıq peyvəndlər varsa, həkimlə birlikdə onların tamamlanması planlaşdırılmalıdır. Peyvənd yalnız uşağın özünü deyil, evdə yaşayan körpələri, yaşlıları, xroniki xəstəliyi və ya immun sistemi zəif olan şəxsləri də müəyyən infeksiyalardan qorumağa kömək edir”, - pediatr bildirib.
Qrip peyvəndi də gündəmdə olmalıdır
Həkim payız-qış mövsümündə respirator infeksiyaların artdığını xatırladaraq qrip peyvəndinin də nəzərə alınmasını vacib sayıb.
O bildirib ki, Amerika Pediatriya Akademiyası tibbi əks göstərişi olmayan 6 aydan böyük uşaqların hər il mövsümi qrip peyvəndi ilə peyvənd olunmasını tövsiyə edir.
“Qrip peyvəndinin məqsədi yalnız yoluxmanın qarşısını almaq deyil. Peyvənd ağır xəstəlik və hospitalizasiya riskinin azalmasına, eyni zamanda infeksiyanın ailə daxilində yayılmasının məhdudlaşdırılmasına kömək edə bilər”, - K.Şərifov deyib.
Pediatrın sözlərinə görə, məktəbə hazırlıq yalnız məktəb ləvazimatlarının alınması ilə məhdudlaşmamalıdır:
“Çantanı, dəftəri və formanı bir neçə saata almaq mümkündür. Amma uşağın sağlamlığına əvvəlcədən diqqət yetirmək lazımdır. Pediatr müayinəsi, böyümə və inkişafın qiymətləndirilməsi, ehtiyac olduqda laborator müayinələr, görmənin yoxlanılması, düzgün yuxu rejimi, balanslı qidalanma və peyvəndlərin tamamlanması məktəb hazırlığının əsas hissəsidir.
Məqsəd uşağı məktəbin ilk günü ən gözəl çanta ilə göndərmək deyil. Əsas məqsəd onun sağlam, enerjili, diqqətini toplaya bilən və yeni tədris ilinə həqiqətən hazır olmasıdır”.