Modern.az

Vətən Müharibəsinin ildönümündə xeyli film təqdim olunacaq - RƏSMİ

Vətən Müharibəsinin ildönümündə xeyli film təqdim olunacaq - RƏSMİ

13 Sentyabr 2021, 14:40

Mədəniyyət Nazirliyi yaxın bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib.

 

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən həyata keçirilib.

 

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olan 11 filmin çəkiliş prosesi davam edir. Bu filmlərdən 5-i qısametrajlı bədii film, 4-ü isə qısa sənədli filmdir.

 

Qısametrajlı bədii filmlər bunlardır:

 

-“İnteraz Media and Broadcasting” - “Tanrının nəbzi”

 

-“Mozalan” studiyası - “İkinci planetin qırmızı rəngi”

 

-“Karvan production” -“Arxa cəbhə” 

 

-“Debüt” studiyası - “İki gün”

 

-“Ultra Production” -“Hasar”

 

“Azərbaycanfilm” və Türkiyənin “Dadafilm” şirkəti ilə müştərək çəkilən “Fulya” sənədli filmi müharibə dövrünün bütün həqiqətlərini, erməni barbarlığının yıxıcı təsirlərini dünyaya ilk səsdən çatdıran “CNN Türk”ün müxbiri Fulya Öztürkün həmin bölgələrə yenidən səyahəti ətrafında baş tutub. Filmin yaxın günlərdə Bakı və Gəncədə, oktyabr ayının əvvəlində Türkiyədə premyerası keçirilməsi nəzərdə tutulub.

 

Qısa sənədli filmlər arasında “Fulya” filmindən əlavə, “Azərbaycanfilm”in ərsəyə gətirdiyi “Müharibənin uşaqları”, “Balans” studiyasının “Çin olan gizlinlər” və “Debut” studiyası tərəfindən çəkilən “Evimin səsi” ekran əsərləri də var.

 

Həmçinin 2 animasiya filmi - “Birlik” kinostudiyasının istehsalı “Qarabağ nağılı” və “OB film”in çəkdiyi “Tarix” filmi də Nazirliyin maliyyəsi ilə hazırlanıb.

 

Adları yuxarıda çəkilən 11 qısametrajlı filmdən əlavə olaraq, “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsinin istehsalı davam edir. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edəcək. Bu 5 sənədli filmin istehsalı Cəfər Cabbarlı “Azərbaycanfilm” kinostudiyasında davam etdirilir. Filmlərin Vətən Müharibəsinin ildönümü günlərində təhvil verilməsi və müxtəlif TV kanalları ilə nümayişi nəzərdə tutulub.

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Salnaməfilm” studiyası Bakı Media Mərkəzi ilə birgə “Biz” adlı sənədli film istehsal edib. Bu filmin qəhrəmanları 44 günlük Vətən müharibəsi dövründə sosial şəbəkələrdə müxtəlif yanaşmaları, videoları, statusları ilə trendə düşmüş insanlardır. Bu film bizdən-müharibə dövrünü yaşamış xalqın birliyindən bəhs edir. Film ilk dəfə 26 İyun Silahlı Qüvvələr Günündə Heydər Əliyev Sarayında ictimaiyyətə təqdim olunub. Rejissoru və ssenari müəllifi Orman Əliyev olan filmin daha bir təqdimatı Vətən Müharibəsinin başlamasının ilk ildönümü ərəfəsində nəzərdə tutulub.

 

Bakı Media Mərkəzinin “Salnaməfilm” studiyası ilə növbəti əməkdaşlığı olan “44 gün” adlı sənədli filmin istehsalı başa çatıb. Film Şuşa şəhərinin işğaldan azad olunması prosesini əks etdirir. Xüsusi Təyinatlı Qüvvələrlə eyni vaxtda şəhərə daxil olan çəkiliş qrupumuzun eksklüziv video görüntüləri bu filmdə öz əksini tapacaq. Yaxın günlərdə filmin təqdimatı nəzərdə tutulur.

 

Böyük Zəfərimizin milli kinoda növbəti mühüm əksi hazırda istehsal mərhələsində olan “Həyat deyəsən gözəldir” tammetrajlı bədii filmidir. Tragikomediya janrında olan filmin ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayevdir.

 

Nazirliyin dəstəyi ilə “Nərimanfilm” kinostudiyasında “Doğma torpaq” adlı tammetrajlı bədii filmin istehsalı davam edir. Rejissoru və ssenari müəllifi İlqar Safat olan filmdə Xocalı faciəsi, habelə Vətən müharibəsində baş verən hadisələr əks olunur. Filmin 2022-ci ilin əvvəlində geniş tamaşaçı auditoriyasına çıxarılması nəzərdə tutulur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi