Modern.az

“ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri

“ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri

16 Sentyabr 2021, 14:55

Məlum olduğu kimi, ABŞ-ın İrəvandakı səfiri Linni Treysi Azərbaycan tərəfinin qəti addımlarını artıq qaçılmaz edən bəyanat verib. Qərəzli açıqlama ilə gündəmə gələn diplomat deyib ki, “biz ABŞ olaraq Azərbaycanı və Ermənistanı Minsk qrupu çərçivəsində danışıqların bərpasına cəlb etmək üçün hər şeyi edirik. Hesab etmirik ki, Dağlıq Qarabağın statusu həll edilib. Status məsələsi Minsk qrupunun gündəmində hələ də dayanır”.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev mövzu ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, Linni Treysinin  ifadələri siyasi savadsızlıqdan irəli gəlir və ermənilərə yarınmaq, onları ruhlandırmaq məqsədi daşıyır:

 

“Səfir reallıqları görmür və anlamır ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur, bitib. Azərbaycan Minsk qrupunun üzərinə düşən və həll etməli olduğu məsələləri artıq özü həll edib. Əgər Minsk qrupu 27 ildə hadisələrə izləyici mövqedən yanaşıb, erməni təcavüzkarlarını müdafiə edibsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələblərin yerinə yetirilməsinə, Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə heç bir təşəbbüs göstərməyibsə, onun varlığına nə ehtiyac var? BMT-nin, Minsk qrupunun, bir çox aidiyyəti beynəlxalq təşkilatların etmədiklərini Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, şanlı ordumuz və xalqımız reallaşdırdı. Torpaqlarımız işğaldan azad edildi. Ermənistan isə məğlubiyyətini etiraf etdi və lazımi sənədlərə imza atdı. Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış sənədlər həmin andaca ATƏT-in Minsk qrupunun varlığını heçə endirdi, fəaliyyətinə son qoydu. Çünki bu təsisat münaqişənin həll edilməsində heç bir rol oynamayıb. Biz 44 günlük müharibə dövründə də Minsk qrupunun varlığının, fəaliyyətinin və hadisələrə real qiymətinin şahidi olmadıq. Belə olan halda xanım səfirin söylədikləri gülüş doğurur. Onun ermənipərəst mövqeyindən hadisələri qızışdırmaq cəhdindən xəbər verir. Ancaq bütün bunlar əbəsdir. Prezident İlham Əliyevin dediyi kimi status məsələsi keçmişdə qaldı. Biz torpaqlarımızı bərpa etmişik. Heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz”.

 

Tahir Rzayev deyib ki, xanım səfir torpaqlarımızın işğal altında olduğu günlərə qayıtsın:

 

“O dağıdılmış şəhər və kəndlərə, tarixi abidələrə, məscidlərə, bir milyondan çox qaçqın və məcburi köçkün əhalinin acınacaqlı həyatına, erməni təcavüzkarlarının torpaqlarımızda törətdiyi vəhşiliklərə və ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinə, ermənilərə dəstək olan məqsədlərinə baxıb, danışsaydı daha yaxşı olardı. Bir diplomat kimi özünə hörmət qazanardı. Lakin səfir tutduğu qərəzli mövqe ilə həm özünə, həm də tutduğu vəzifəyə hörmətsizlik edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır