Modern.az

Ağsaqqallar Şurasından xalqa müraciət

Ağsaqqallar Şurasından xalqa müraciət

27 Sentyabr 2021, 17:03

Azərbaycan Ağsaqqallar Şurası Anım Günü münasibətilə Azərbaycan xalqına müraciət edib.

 

Modern.az müraciəti təqdim edir:

 

"Bu gün Azərbaycanın Böyük Vətən Müharibəsinə başlamasının bir ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı xalqımızın səbr kasasını daşdıran “son damcı” oldu.

 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışan, işğalda olan torpaqlarımızın danışıqlar vasitəsilə qaytarılması prinsipinə sadiq olan ölkəmizin Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev təcavüzə son qoymaq üçün əks hücuma başlamaq barədə Orduya çoxdan gözlənilən əmri verdi. 44 gün davam edən bu müharibədə şanlı Ordumuz özünə “məğlubediıməz” imici yaratmağa cəhd edən, yeni ərazilər işğal etməkdə iddialı olan Ermənistan ordusuna sarsıdıcı, onilliklər boyu özünə gələ bilməyəcəyi ağır zərbələr vurdu, onun 6 mindən artıq canlı qüvvəsini, milyardlarla dollar dəyəri olan hərbi texnikasını məhv etdi. Ən başlıcası isə 30 ilə yaxın bir müddətdə erməni tapdağı altında olan ərazilərimizi çox böyük bir hissəsini işğaldan azad etdi, düşmən ölkə Ermənistanı təslim aktını imzalamağa məcbur etdi. Bu müharibənin gedişində ölkəmizin başçısı cənab İlham Əliyev özünü yalnız müdrik siyasətçi, uzaqgörən dövlət rəhbəri deyil, həm də hərb işini gözəl bilən müzəffər sərkərdə olduğunu göstərdi. Təsadüfi deyildir ki, onun bilavəsitə rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar dünya hərb tarixində çox böyük yeniliklər kimi yadda qaldı və hazırda bir çox dünya ölkələri bu təcrübədən örnək kimi istifadə etməyə cəhd göstərirlər.

 

44 günlük Vətən Müharibəsi bütün Azərbaycan xalqının ölkəmizin müdrik rəhbəri cənab İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsi, eləcə də qardaş ölkə olan Türkiyə Respublikasının əvəzsiz mənəvi dəstəyi sayəsində misli olmayan Zəfərlə başa çatdı.

 

Təəssüf ki, heç bir müharibə qurbansız başa gəlmir. Bu müharibədə Azərbaycanın 3 minə yaxın igid oğlu qələbə naminə özünü qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə ləyaqətli hərbiçimiz yaralandı. Dövlətimiz və xalqımız hərbçilərimizin bu şücaətini heç vaxt unutmur,  şəhid ailələri və qazilərimiz, onların problemlərinin həlli daim diqqət mərkəzindədir.

 

Azərbaycan Ağsaqqallar Şurası bu müqəddəs “Anım Günü”ndə şəhidlərimizə bir daha Allahdan rəhmət, yaxınlarına səbr diləyir, qazilərimizin tezliklə şəfa tapmasını arzulayır.

 

Xalqımız 44 gündən sonra Müzəffər Ali Baş Komandanın rəhbərlərliyi altında qəhrəman Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti sayəsində düşmən üzərində əzmkar qələbə qazanılaraq torpaqlarımızın işğaldan azad olunduğu “Zəfər günü”nü təntənə ilə qeyd edəcəkdir. Həmin gün ölkəmizin ərazi bütövlüyünün bərpası günü olaraq daim xalqımızın yaddaşında ən əziz bayramlardan biri kimi qalacaqdır".

 

Qeyd edək ki, müraciət Azərbaycan Ağsaqqallar Şurasının 24 sentyabr 2021-ci il tarixli toplantısında qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi