Modern.az

Yük maşınlarını qəzalardan qorumaq üçün bu qurğudan istifadə edilməlidir - Taxoqraf nədir?

Yük maşınlarını qəzalardan qorumaq üçün bu qurğudan istifadə edilməlidir - Taxoqraf nədir?

16 Oktyabr 2021, 21:09

Son vaxtlar Azərbaycanda yol qəzalarının sayının artması ciddi narahatlıq yaradıb. Xüsusən də Bakıda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza daha ciddi problemləri üzə çıxarıb. Yük maşınlarına necə nəzarət edilməlidir? Yol qəzalarının sayını azaltmaq üçün nə etməli?

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Modern.az-ın suallarını cavablandırıb. O, ilk növbədə Bakıda yük avtomobili ilə avtobusun toqquşmasından danışıb:

“Bu qəza böyük bir faciədir. 5 nəfərin ölümü, onlarla insanın yaralanması ağır hadisədir. Hadisə yerindən videoya da baxdıq və məlum oldu ki, yük avtomobilinin sürücüsü avtobusun arxasınca hərəkət edir, xeyli ara məsafəsi var və avtobus dayanacağa daxil olmaq üçün sürəti azaltdıqda yük maşını ona arxadan çırpılır. Hadisəni törədən sürücü ilkin olaraq onu deyib ki, sükan arxasında yuxulayıb. Bəlkə də yuxulamayıb, yatmayıb, sadəcə olaraq yorğunluqdan, yuxusuzluqdan süstləşib və hadisəyə reaksiyası gecikib. Videodan da görürük ki, qəzadan yayınmaq üçün sola çəkir. Amma gec olur. Yəni fikri yolda olsaydı, vaxtında reaksiya versəydi, bəlkə də hadisə baş verməzdi. Ona görə də, yük avtomobillərini və avtobusları idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməsinin vacibliyi gündəmə gəlir. Belə hadisələr minik avtomobilini idarə edən sürücülər tərəfindən də törədilir. Lakin yük maşınları və avtobuslar belə qəzalarda daha ağır nəticələr verdiyi üçün onlara nəzarət mexanizmi daha vacibdir. Biz təklif edirik ki, yük maşınlarına və avtobuslara taxoqraf quraşdırılsın. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək lazımdır”.


Bəs, taxoqraf hansı məsələləri həll edəcək?


Ekspert bildirib ki, bu qurğu olarsa yol polisi yük maşınlarına ciddi nəzarət edə biləcək. Hazırda isə bu, mümkün deyil:

“Bəzən deyirlər ki, yol polisi hara baxırdı? Bu məsələdə yol polisi nə etsin? Mənim yol polisini müdafiə etmək fikrim yoxdur, amma necə deyərlər, gəlin əyri oturaq, düz danışaq. Taxoqraf yoxdursa yol polisi hardan bilsin ki, sürücü normal dincəlib, yoxsa dayanmadan maşın sürür? Taxoqraf hər şeyi qeydə alır, sürücünün iş və istirahət rejiminə nəzarət etmək üçün önəmli texniki vasitədir. O qurğu maşında olduqda yol polisi saxlayıb taxoqrafa baxır və görür ki, sürücü dayanmadan işləyib, 4 saatdan artıq maşın sürüb. O zaman polis sürücünü maşını idarə etməkdən çəkindirib məcburi istirahətə göndərir. Ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər. Yoxsa, yol polisi adi halda sürücünü saxlayıb gözlərinə baxıb müəyyən edə bilməz ki, yuxusu gəlir ya yox? Ya da yol polisi sürücüləri postda saxlayıb kofe verməyəcək ki, yuxunuz qaçsın. Qanun nə tələb edirsə o cür də davranmaq lazımdır. Taxoqrafsiz maşını saxlayıb sürücüyə nəsə irad bildirsə o saat gedib şikayət edəcək ki, yol polisi məni qanunsuz saxladı, mənim hüquqlarım pozuldu. İllərdir yol polisi bütün sürücülərə müraciət edir ki, yuxusuz, yorğun olduqda DYP postlarına yaxınlaşıb orada müvəqqəti dayansınlar, dincəlib sonra yola çıxsınlar. Lakin buna çox az adam riayət edir. Yuxusu gələn də dirənir ki, yox, heç nə olmaz, gedib çatacam, amma çata bilmir”.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı