Modern.az

“O qüvvələr İran-Azərbaycan gərginliyi yaratmaqda maraqlı idilər” - ŞƏRH

“O qüvvələr İran-Azərbaycan gərginliyi yaratmaqda maraqlı idilər” - ŞƏRH

21 Oktyabr 2021, 13:30

Azərbaycan Respublikası humanizm, xoş niyyət nümayiş etdirərək, Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülər Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən bu gün səhər saatlarında öz ölkələrinə qaytarıb.

 

Ötən gün isə iranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonuna girişi qadağan edilib.


Son hadisələr göstərir ki, İran və Azərbaycan arasındakı buzlar əriməyə başlayır. Bəs bundan sonra iki ölkə arasındakı əlaqələr necə davam edəcək, problemin kökü nədə idi?

 

“Bütün anlaşılmaz məsələləri hər iki tərəf danışıq yolu ilə qaydasına qoyur. Daha hər hansı bir gərginlik yarada biləcək hadisələr olmayacaq. Bundan sonra iki ölkə arasındakı münasibətlər əvvəlki məcrasına qayıdacaq. Tərəflər arasında ortaq maraqları nəzərə alsaq, münasibətlər artan xətlə yaxşılaşacaq”.

 

Bu sözləri mövzu ilə bağlı Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə deyib.

Bəs iki ölkə arasındakı münasibətlər hansı səbəbdən bu vəziyyətə gəldi?

 

Zərdüşt Əlizadə bildirib ki, İran Azərbaycan və Ermənistan arasındakı münaqişədən yararlanırdı:

 

“30 il ərzində Qarabağ məsələsi Azərbaycan tərəfinin uduzduğu bir şəraitdə davam edirdi. Azərbaycan və Ermənistan arasındakı bu münaqişələrdən bəzi ölkələr faydalanırdı. Bunlardan biri də İran idi. Bilirdik ki, Rusiya iki ölkəni nəzarətdə saxlayırdı, İran da münaqişədən istifadə edərək, Azərbaycan və Ermənistana təsir göstərirdi. Eyni zamanda, İran tərəfi Qarabağdan bir xeyli maddi qazanc götürürdü. Bütün sökülən evlərin dəmirini, taxtasını İrana satırdılar. İran birdən gözünü açdı gördü ki, Azərbaycan ordusu Qarabağı qaytardı. Bununla da, Azərbaycan və Ermənistana təsir aləti olan münaqişə yoxa çıxdı, digər tərəfdən Qarabağdan qazanc əldə etmək mümkün olmadı.  
Rəsmi Tehran tranzit əhəmiyyətini itirdiyini, Azərbaycan özünə yeni müttəfiqlər tapdığını anladı. Bu kimi problemlər İranı narahat etdi, ona görə də belə addımlar atırdı. İndi isə Azərbaycan ilə dil tapıb, razılaşdı. Bundan sonra o qədər qarşılıqlı əlaqələrimiz ola bilər ki...
Hətta Azərbaycan Qarabağ ərazisində minatəmizləmə əməliyyatlarına İranı dəvət edə bilər. İnandırıram ki, pulsuz gələnləri də olacaq. Orada elə şirkətlər var ki, minatəmizlə işləri ilə məşğuldur”.

 

Zərdüşt Əlizadə son günlərin gərginliyində həm Azərbaycan, həm də İranda bəzi qüvvələrin maraqlı olduğunu vurğulayıb.

“Amma Azərbaycan və İran arasında Qarabağla bağlı razılaşmaları da unutmaq olmaz. Xudafərin körpüsündən yuxarıda su anbarı yaradılıb. Hətta Azərbaycan tərəfi İrana bildirmişdi ki, "su anbarını tik, biz işğaldan azad edənə qədər elektrik stansiyası işə düşsə, enerjinin yüz faizini özünə götürərsən. Biz azad etdikdən sonra su, işıq payımızı götürərik".
Üstəlik, onlar Arazın son sahilinə öz qoşunlarını yerləşdirmişdilər ki, ermənilər gəlib ora ziyan vurmasınlar. Bizim ordumuz Arazboyu hücuma keçəndə iranlı hərbi hissə orda nə ilə məşğul idi? Onlar iki ölkə arasında razılaşmaya əsasən, səddi qoruyurdular. Azərbaycanın ordu komandanlığı siyasi dairələrə xəbər verdikdən sonra səhəri gün İran hərbçiləri oradan çıxdı. Bunu görməyən adam iki xalqı bir-birinə qarşı salmağa çalışır. Əslində, İran hakimiyyəti də münasibətlərin pozulmasını istəməz, amma mən deyim ki, bizdə olduğu kimi orada da savadsız siyasi xadimlər var. İranın mənafeyini anlamayan, şöhrət axtaran dayaz adamlar var. Elə onlar İranda Azərbaycana qarşı nifrət dalğası qaldırdılar, onların da böyük günahı var”, - politoloq bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir