Modern.az

Təlim uçuşlarında hava şəraiti nəzərə alınmır?

Təlim uçuşlarında hava şəraiti nəzərə alınmır?

1 Dekabr 2021, 11:57

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə hərəkətlənən zaman saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb.

 

Hərbi helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur. İstintaqın hazırkı mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

 

DSX rəisi, general-polkovnik Elçin Quliyev bildirib ki, helikopter tamamilə yenidir və yeni təmirdən çıxıb.

 

Rəsmi məlumatda qeyd olunub ki, hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

 

Son vaxtlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın kəskin dəyişəcəyilə bağlı xəbərdarlıq edir. Ümumiyyətlə hərbi təlimlər zamanı hava şəraiti nəzərə alınırmı? Yoxsa çətin şəraitdə təlim keçirmək daha effektlidir?

 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a bildirib ki, uçuşlara mane olan hava şəraiti müşahidə olunmayanda, təlimlərə icazə verilir:

 

“Hava şəraiti uçuşlara mane ola biləcək şəkildə olanda isə müəyyən zamana qədər təxirə salınır. Dünən hava şəraiti normal idi, fikrimcə. Hazırda araşdırmalar gedir, şahidlər dindirilir. Yəqin ki, tez bir zamanda gerçək səbəblər məlum olacaq”.

 

Hərbi ekspert Ruslan İmamquliyev deyib ki, hər hansı bir məqsədlə uçuşdan əvvəl texniki göstəricilərə baxılır və hava şəraitinə uyğun olub-olmaması mütləq dəyərləndirilir:

 

“Helikopter təlimə cəlb olunubsa, deməli həm texniki göstəriciləri, həm də hava şəraiti uyğun olub. Baş vermiş qəzada səbəblər haqqında bir söz demək mümkün deyil. Ən azından bilinən odur ki, kənardan heç bir müdaxilə olunmayıb. İşi daha detallı bilmək üçün “qara qutu” üzərində gərəkli qurumlar tərəfindən araşdırma aparılır. Düşünürəm ki, tez bir zamanda gerçək səbəblər məlum olacaq. Bu cür halların baş verməməsi üçün gələcəkdə lazımi tədbirlər həyata keçiriləcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu