Modern.az

Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB

Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB

2 Dekabr 2021, 23:36

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov 2 dekabr 2021-ci il tarixində ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasını çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

 

Görüşdə, Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlarını ifadə ediblər.

 

Nazirlər, Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən danışıb, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndilməsi imkanlarını qeyd ediblər.

 

Nazir Ceyhun Bayramov həmsöhbətinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, doğurduğu ağır fəsadları, ötən il baş verən 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. Üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər qeyd edilib.

 

Beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinə başlanılmasının vacibliyi vurğulanıb.

 

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

 

***

22:54

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Yunanıstan xarici işlər naziri Nikos Dendias arasında görüş olub.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri "Twitter" hesabında bildirib.

 

Nazirlər arasında görüş ATƏT XİN Şurasının Stokholmda keçirilən iclası çərçivəsində baş tutub.

 

Bildirilib ki, görüşdə Azərbaycan və Yunanıstan arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə konstruktiv danışıqlar olub.

 

"Qafqaz regionunda baş verən son hadisələr də görüşdə müzakirə edilib", nazir vurğulayıb.

 

Qeyd edək ki, bu, Yunanıstan XİN başçısı Nikos Dendias və Azərbaycan XİN başçısı Ceyhun Bayramov arasında ilk görüşdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir