Modern.az

MSK: “Aprelin 5-ə qədər siyahılar dəqiqləşəcək” - AÇIQLAMA

MSK: “Aprelin 5-ə qədər siyahılar dəqiqləşəcək” - AÇIQLAMA

2 Mart 2013, 11:31

Məntəqələrdə seçici siyahılarının dəqiqləşdirilməsini başa çatdırıb

  “Prezident seçkiləri ilə bağlı bəzi layihələrimiz var, hazırda da həmin layihələr üzərində iş gedir”. Modern.az-a açıqlamasında bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. Onun sözlərinə görə, layihələr tamamlandıqda və MSK tərəfindən təsdiqləndikdən sonra komissiyanın iclasında bu barədə mətbuata açıqlama veriləcək.  

Azər Sarıyev ərazi dairələrində dəyişikliklərin gözlənildiyini bildirib: “Dəyişikliklər gözlənilir.  İclasların birində yəqin ki, bu məsələni gündəliyə çıxaracağıq. Bu məsələlər təkcə MSK-dan asılı deyil. Məsələn, Milli Məclisin yeni Pirallahı rayonunun yaradılması ilə bağlı qərarı olub, onunla bağlı bəzi işlər də İcra Hakimiyyəti səviyyəsində gedir. Rayonun yaradılması təkcə sənədlərlə deyil, bu, uzun çəkən prosesdir. Yeni rayonun strukturları formalaşdıqdan sonra seçki qurumunun yaradılması ilə bağlı məsələyə də baxıla bilər. Ona görə dərhal bu məsələ həyata keçirilmir”. 

MSK rəsmisi seçici siyahısı ilə bağlı yeni məlumatların olduğunu bildirib. “Seçkiyə dair yeniliklə bağlı onu deyə bilərəm ki, məntəqə seçki komissiyaları hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsini başa çatdırıb. Artıq o işlərlə dairə seçki komissiyaları məşğul olur. Müvafiq seçki dairələrinin hüdudlarında dəqiqləşmə işləri aparılır. Aprelin 5-nə kimi bu siyahılar dəqiqləşdirərək və Mərkəzi Seçki Komissiyasına təhvil veriləcək”, – deyə A. Sarıyev əlavə edib.  

Sevinc İltifatqızı
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir