Modern.az

“Azərsu” Hacıqabul sakinlərini sevindirib - FOTOLAR

 “Azərsu” Hacıqabul sakinlərini sevindirib - FOTOLAR

Aktual

1 May 2013, 16:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. İcrasına 2012-ci ildə başlanmış “Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması” layihəsi yekunlaşmışdır. Aprelin 30-da Hacıqabul rayonunu Qubalı Baloğlan kəndinə içməli suyun verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov həyata keçirilən layihənin rayonun sosial-iqtisadi inkişafına töhfə verdiyini qeyd etmiş və “Azərsu”  ASC-nin regionlarda, o cümlədən Hacıqabul şəhərində su təchizatı və kanalizasiya sistemlərini yenidən qurulması layihələri üzrə işləri yüksək qiymətləndirib: “Uzun illərdir içməli sudan əziyyət çəkən Qubalı Baloğlan kəndinin  su problemi həllini tapmışdır. Yaxın vaxtlarda Hacıqabul şəhərində də su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə işlər yekunlaşacaq. Bu layihələr Hacıqabul sakinlərinin sosial problemlərinin həllinə töhfəsini verəcəkdir”.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən  qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir.  Açılışını etdiyimiz bu layihənin tarixi təxminən 40 il əvvələ gedib çıxır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə istismara verilən Kür-Bakı su kəmərləri sistemi bu gün Bakı şəhəri ilə yanaşı, bölgənin su təchizatında mühüm rol oynayır”.

Açılış mərasimlərində çıxış edən kənd sakinləri neçə illərdir davam edən və kəndin ən böyük qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildirib.   

Qeyd edək ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq kəndin içməli su mənbəyi Kür-Bakı su kəməri seçilmişdir. Bu mənbədən Qubalı Baloğlan kəndinə 355 mm diametrli polietilen borularla 9376 metr uzunluğunda magistral su xətti çəkilmiş və şəbəkəyə birləşdirilmişdir. Kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə ümumi tutumu 600 kubmetr olan 2 ədəd su anbarı inşa olunmuş,  560 abunəçiyə su sayğacı quraşdırılmışdır. Bununla da Qubalı Baloğlan kəndində 2865 nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. Gələcəkdə kənddaxili su şəbəkəsinin yenidən qurulması da nəzərdə tutulur.

Qubalı Baloğlan kəndinin su təchizatı 1983-cü ildə yaradılmış və kəndə içməli su Pirsaatçay çayından verilirdi. Yay aylarında çayın suyunun tez-tez quruması və lilli olması su təchizatında vaxtaşırı problemlər yaradırdı.  Kənddə su anbarı olmamış, ümumi uzunluğu 4 km olan  paylayıcı su xətləri isə istismara demək olar ki, yararsızdır. Kənd əhalisinin çox az hissəsi mərkəzləşdirilmiş şəbəkədən su alır, sakinlərin çoxu içməli suyu fərdi qaydada maşınlarla alırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Azərsu” ASC-də həyata keçirilən Tədbirlər Planı çərçivəsində aprelin 30-da kütləvi informasiya vasitələri nümayəndələrinin Hacıqabul  rayonun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğular kompleksinə səfəri təşkil olunmuşdur. Mətbuat nümayəndələrinə sutəmizləyici qurğular kompleksinin yaradılması  və fəaliyyəti ilə bağlı məlumat verən  Kür Su Kəmərlər İdarəsinin rəisi Eldəniz Həsənov bildirmişdir ki, kompleksin layihə-smeta sənədləri 1960-cı illərdə hazırlansa da, onun tikintisində əsaslı dönüş 1969-cu ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra başlayıb:

“Respublikanın və keçmiş SSRİ-nin iri sənaye və tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi, mütəşəkkil şəkildə iməciliklərin keçirilməsi Kür su kəmərinin çəkilişini “ümumxalq tikintisi”nə çevirmişdi. Müstəqillik illərində də ulu öndərin bu sahəyə diqqət və qayğısı sayəsində “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması” layihəsi çərçivəsində kompleksdə əsaslı yenidənqurma işləri aparılmışdır”.

Daha sonra KİV nümayəndələri Kür sutəmizləyici qurğular kompleksində suyun emalı prosesi ilə yaxından tanış olmuşdur.  E.Həsənov  məlumat vermişdir ki, paytaxt istehlakçılarına, eləcə də bir sıra ətraf məntəqələrinə verilən Kür suyu mürəkkəb texnoloji prosesdən keçərək, 3 mərhələdə təmizlənir.  Kür çayından götürülən su əvvəlcə radial və üfüqi durulducularda reagentlərlə lildən təmizlənir, daha sonra süzgəclərdən keçirilərək 142,5 km uzunluğu olan Kür-Bakı su kəmərləri ilə paytaxta ötürülür.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?