Modern.az

Zövq satan mağazadan REPORTAJ

Zövq satan mağazadan REPORTAJ

Aktual

23 Dekabr 2013, 11:40

İçəri girən kimi əvvəlcə kitablara salam verdim sonra isə adamlara. Hansı otaqda kitab varsa onun həcmindən asılı olmayaraq nəhəng bir saraya bənzətmək olar. Çünki hər bir kitab özündə ayrıca bir dünyanı əks etdirir, aləmi sığışdırır. Burda isə  300-500 arası kitablar var. Deməli bu balaca otaq özündə 300-500 dünyanı asanlıqla sığışdıra bilir. Burası “Zero” kitab mağazasıdır.

İçərişəhər metrosunun yaxınlığında düz Sabir heykəli ilə üzbəüz yeraltında salınan bu mağaza artıq ilk gündən insanları özünə cəlb etməyi bacarıb. Bir-bir həmin adamlarla görüşürük. Mağazanı təsis edən Zahir bəy mehribanlıqla qarşılayır və “aləmlərin sehrinə” gələn adamların çoxluğundan yaranan məmnunluğunu gizlədə bilmir. İçəridə kitablar çeşidlərində görə səliqə ilə düzülüb.


Qiymətləri çox ucuz 1-2 manat arasında dəyişən uşaq kitabları, onun yanında modern milli yazıçılar, üzbəüz stenddə isə  xarici ölkə yazarlarının kitabları yer alıb. Xüsusi stend isə “Zero” nəşriyyatının şəxsən özünə məxsus olan “Cib” kitabları seriyasıdır. Burada Umberto Eko, Borxes, Kafka, Azərbaycanlı yazarlardan isə Şərif Ağayarla Azad Qaradərəlinin kitabları yer alıb. Elə satış sayına görə bu kitablar digərlərini qabaqlayır. Qiyməti cəmi 2 manat 50 qəpik olan və nəqliyyat üçün nəzərdə tutulan bu cib kitabları həm həcmi həm də keyfiyyətinə görə  maraqları cəlb edir.

 

Təsisçi Zahir Rəhimov, bir an da olsa oturmaq bilmir. Hamını öz doğma qonağı kimi şəxsən qarşılamağa çalışır. Hər bir kitab haqqında da məlumat verir. Mağaza həm ilk addımlarını həm də yeni il amilini nəzərə alaraq daha çox uşaq ədəbiyyatına  diqqət yetirir. Belə ki, baklıda ilk dəfə olaraq bu mağazada kitabları həm də Şaxta baba satdı. Artıq kitab bazarında da orijinallığın olması , satışında belə xırda detallara diqqətin ayrılması bu yöndə inkişafın göstəricisidir.  Bu “Zero” kitab mağazası bir günlük də olsa elm bilik xanəsi funksiyası ilə bərabər həm də bir əyləncə mərkəzinə çevrilib. Böyüklər kitablara baxır düşünür, uşaqlar isə Şaxta babadan kitab alaraq əylənirlər. Nə gözəl, artıq zövq və əyləncə vasitəsi kimi kitab bu mağazada zövq və əyləncə vasitəsinə çevrilib. Mağaza da elə bu məqsədlə açılıb. Kitabı zövq və əyləncə vasitəsinə çevirmək üçün !!!

İnanırıq ki, uşaqlar və böyüklər bu zövqdən  doğulub şəxsiyyət məqamına çatacaqlar.

Çünki bura həm də zövq satan mağazadır....    

 

Elmin Nuri

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür