Modern.az

«Böyük adam»

«Böyük adam»

17 May 2014, 15:13

Araz Aslanlı

Böyük adam idi...

Əslində “böyük adam”ın nə demək olduğunu dəqiq bilmirdi. Amma uşaqlıqda böyüklərindən tez-tez eşitmişdi ki, mütləq böyük adam olmaq lazımdır. Çünkü atası da böyük adam idi...

O da oxudu və böyük adam oldu. Nə oxuduğunu isə özü belə bilmirdi. Əsas böyük adam olmaq idi, o da olmuşdu...

Sonra “çox böyük bir adam”ın qızı ilə evləndi və bir az da “böyüdü”. Özünə böyük avtomobil və böyük ev aldı. Övladları dünyaya gəldi. Övladlarını doğum edindən böyük maşınlarla çıxardılar. Təbii ki, doğum evinə gedərkən həyat yoldaşına böyük gül dəstəsi, həkimlərə isə böyük şokolad qutuları və böyük pullar aparmışdı.

Oğlu böyüdükdən sonra onu böyük bir adamın qızı ilə evləndirdi, qızını da böyük bir adamın oğluna ərə verdi...

Sonra böyük bir ziyarətə getdi və əlavə titul da aldı.

Ailəcə həmişə böyük liderləri dəstəklədilər, böyük adamlarla yaxınlıq etdilər və daim böyüdülər...

...Nəhayət vəfat etdi. Onun üçün böyük bir yas məclisi təşkil olundu. Məclisi “ən məşhur molla” idarə edirdi. Belə də olmalıydı. Çünkü məclisə gələnlərin böyük əksəriyyəti məhz “böyük adam”lar idi. Qəbristanlıqda ailələri üçün xüsusi ayrılmış böyük yerdə dəfn olundu. Sonra da ona böyük bir baş daşı qoydular. Üstünə də böyük hərflərlə “dərin mənalı sözlər” yazdılar...

Baxmayaraq ki, bu dünyadan gedəndə hələ reallaşdırmadığı nə qədər böyük planları var idi, yenə də məzarda rahat yata bilər. Çünkü onun bu dünyadakı yeri boş qalmayıb. Yeni böyük adamlar onun boşluğunu doldururlar...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı