Modern.az

Kadrarxası: “Güllələnmə təxirə salınır”da tərəf müqabil olan aktyorlar Fuad Poladovla Məlik Dadaşov real həyatda küsülü idi...”

Kadrarxası: “Güllələnmə təxirə salınır”da tərəf müqabil olan aktyorlar Fuad Poladovla Məlik Dadaşov real həyatda küsülü idi...”

Mədəni̇yyət

19 İyul 2014, 15:47


Həyat onları özgə cür yaşamağa və tanınmağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər...

Modern.az saytı “Kadrarxası” layihəsini davam etdirir. Bu həftə kadr arxasındakı hadisələrdən  “Güllələnmə təxirə salınır” filminin yaradıcılarından biri, uzun illər mediadan uzaq duran, istedadlı operator Rafiq Əliyev danışır. Bu gün onunla birgə filmin məşəqqətli taleyinə işıq salacağıq.

Arayış: Rafiq Cəfər oğlu Əliyev 1953-cü ildə Bakı şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra  Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Moskvada Dövlət Kino Komitəsinin kursunu, daha sonra isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. 37 yaşında ailə quran operatorun iki övladı var.
Rafiq Əliyev ANS telekanalında baş operator kimi çalışıb, “Bakıfilm”in direktoru olub. Hazırda fotoqrafiya ilə məşğuldur. Film çəkmək üçün çox darıxdığını deyən müsahibim quruluşçu operator olduğu filmlərindən ən çox ”Sahilsiz gecə”ni bəyəndiyini deyir. Baxmayaraq ki, film onu izləyənlər tərəfindən birmənalı qarşılanmayıb, buna görə hətta onu qınayanlar da olub. Uzun müddət müxtəlif vəzifələrdə çalışmış operator iş zamanı üzüyumşaqlıq etdiyini indi başa düşdüyünü, prinsipial olmadığı üçün bir az peşmanlıq hiss etdiyini bildirdi.

“Güllələnmə təxirə salınır” filmi 1941-1945-ci illər Böyük Vətən Müharibəsindən sonrakı  cəmiyyətdə “qanuni oğrular”dan bəhs edir. Filmdə onların kasıblara arxa durduğu, müharibə zamanı ər və qardaşını itirmiş qız-gəlinlərin namusunu qoruduğu ön plana çəkilib. Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır. Filmdə  həmin gənclərin cinayət xarakterli  xeyirxah əməllərindən söz açılır. 1993-cü ildə çəkilişlərinə başlanan film uzun fasilədən sonra 2003-cü ildə tamamalanaraq ekranlara çıxıb.

Film üzərində işləyənlər: ssenari müəllifləri İsi Məlikzadə, Ələkbər Muradov, quruluşçu rejissor Ələkbər Muradov, quruluşçu operator Rafiq Əliyev, quruluşçu rəssam Fikrət Bağırov, bəstəkar Xəyyam Mirzəzadədir.

Rollarda Faud Poladov, Nəsibə Zeynalova, Məlik Dadadşov, Cahangir Novruzov, Kübra Əliyeva, Suğra Bağırzadə, Zilli Namazov, Murad Muradov (Ələkbər Muradovun oğlu) və başqaları çəkilib.

“Xan” Əmircanın real qəhrəmanı olub

Rafiq Əliyev: “Ələkbər Muradovla yaxın dost idik. Onun Aydın adlı əmircanlı qohumu incəsənəti çox sevirdi. Aydın müəllimin yaşadığı Əmircan kəndində “Xan” adlı real “vorzakon” olub.
Ələkbər Aydın müəllimin istəyi və rəhbəri olduğu “Aydın-İstehsalat Mərkəzi”nin sponsorluğu ilə həmin real qəhrəmana həsr olunmuş film çəkmək qərarına gəldi. Kinostudiyada hamı bilirdi ki, biz dostuq. Aydın müəllim Ələkbərə filmin çəkilməsi üçün müraciət edəndə, o da mənə birgə çalışmaq təklifini verdi.
1993-cü il idi, biz birlikdə “Dovojenko” Kinostudiyasına getdik. Çünki, o vaxt Azərbaycanda filmə lazım olacaq əsaslı vasitələr yox idi. Bir həftə ərzində orada qaldıq, müqavilə bağladıq və geri qayıtdıq. Biz Ukraynaya gedəndə  çox ağır bir dövr idi. Orada elə bir vəziyyət idi ki, insanlar, hətta kinostudiyanın işçilərindən də bəziləri səkilərdə oturub əlinə düşəndən satırdı. Bakıya qayıdandan sonra tezliklə çəkilişlərə başaldıq. Onu da deyim ki, sponsor pul verəndə çəkiliş edirdik, pul bitəndə çəkilişlərmiz də dayanırdı.
İsi Məlikzadə, Xəyyam Mirzəzadə, Ələkbər Muradov və mən Ələkbərgildə “Xilə qutab”ı yeməyə getdik. Qonaqlıq zamanı da filmin müzakirəsi gedirdi. Ssenarini İsi Məlikzadə yazırdı film üçün musiqini isə Xəyyam Mirzəzadə bəstələyəcəkdi.

“Xan” rolu üçün ilk olaraq Ələkbər aktyor Tofiq Qarayevi çəkməyi düşünürdü. Amma sonra Fuad Poladovu çəkməyi qərar verdi. O vaxt “Gənclər teatrı”nın rejissoru Hüseynağa Atakişiyevlə  Ələkbər Muradov taniş idilər. Aktyorlar həmin teatrdan seçildi”.

Operator söhbət zamanı maraqlı bir nüansa da toxdundu. Sən demə bu filmin çəkilişi zamanı Fuad Poladov və Məlik Dadaşov küsülü olub:

Rafiq Əliyev: ”Filmə dəvət alan bu iki aktyor bir-birilə danışmırdı. Lakin bunun onların roluna hər hansı bir təsiri olmadı. Çünki həm Fuad, həm də Məlik istedadlı, təcrübəli və böyük  aktyorlar idi.

Zərgərin həyat yoldaşını canlandırmaq üçün filmə Kübra Əliyeva dəvət olundu. Kinostudiyanın musiqi redaktoru, bəstəkar Rauf Əliyev prodüsser mərkəzi yaratmışdı. Çəkilişlərin təşkilatçılığına bilavasitə Rauf Əliyev rəhbərlik edirdi.  

Sonra Cahangir Novruzov filmə dəvət olundu,  o da anası Nəsibə Zeynalovanı filmə gətirdi. Elə həmin məqamda Nəsibə xanım üçün bazar səhnəsi yazıldı”.

Rafiq Əliyev: “Müəyyən müddətə çəkilişlər davam etdi. Lakin 1994-cü ildə sponsor Aydın müəllim müflis oldu. Bu səbəbdən də film yarımçıq qaldı. O vaxt düşünmürdüm ki, film sonda alınacaq. Çünki maliyyə vəsaiti olmadığından filmin plyonkaları ”Dovojenko” Kinostudiyasında qalmışdı. 1993-cü il ərzində nə çəkdiksə, çəkdik. Qalanı qaldı, hərə bir tərəfə dağıldı...

Artıq 2002-ci il idi. Mən o dövrdə Almaniyada idim. Ələkbər mənə zəng vurub bildirdi k, “sən Bakıya gəlməlisən, çünki səndən başqa plyonkanın yerini bilən yoxdur”.
Düzü o vaxt Alamaniyada işə düzəlmişdim, vəziyyətim də yaxşı idi, bir sözlə qayıtmaq istəmirdim. Nə isə, çox götür-qoydan sonra gələsi oldum. Bakıya gələndə məlum oldu ki, artıq filmin növbəti çəkilişləri üçün qrup hazırdır. Ələkbər Muradov Mədəniyyət və Turizm Nazirliyilə razılığa gəlib ki, filmi tamamalasın. Neqativlər Ukraynada qaldığından onları götürmək lazım idi. Kinsotudiyanın direktor müavini Azər müəlimlə Ələkbər birlikdə Ukraynaya getdilər. Üstündən 8 il keçmişdi artıq. Plyonkları necə geri alacaqdıq? O müəmmalı idi. Nə isə uzun axtarışdan sonra neqativin itmiş hissələri tapıldı, göbələk xəstəliyindən təmizlənib yuyuldu və surəti çapa verildi.

Məsələ burasındadır ki, ilk dəfə “Dovijenko”ya gedəndə yerdə çoxlu plyonkalar gördüm, soruşdum ki, bu plyonkalar niyə burda qalıb? Bildirdilər ki, bu filmi çəkən studiyanin  pulları yoxdur deyə, gəlib plyonkanı aparmırlar. Sən demə “Güllələnmə təxirə salınır” filmini də bu aqibət gözləyirmiş.

Mən Bakıya gələndə artıq filmin əvvəl çəkilən hissələri montaj edilmiş, hətta səsləndirilmişdi də”.



“Bütün çəkilişlər realdır, pavilyon çəkilişləri olmayıb”

Rafiq Əliyev: “Əsas etibarilə filmin çəkilişləri Bakıda, Əmircan kəndində olub. Filmdə Xan obrazının uşaqlığını canlandırmaq üçün oğlan uşağı lazım idi. Ələkbərin oğlu Muradın da yaşı uyğun gəldiyindən rola onu çəkdik. O artiq indi özü  professonal rejissordur. Xan uşaq olanda ilk dəfə həbsxanaya düşür və başını qaldırıb Günəşə baxır. Həmin epizod  və eyni zamanda filmin başladığı, Xanın tabutunun vətəninə aparıldığı epizod da “Şüvəlan” həbsxanasında baş tutdu. Filmdə isə ora Sibir həbsxanası kimi göstərilir”.

Xanın dəfn olunma epizodunun çəkilişi zamanı istifadə olunan maşınların haradan tapılmasına gəldikdə isə operator bildirdir ki, bunun üçün Dövlət Yol Polisinə müraciət ediblər.

Rafiq Əliyev: “O vaxtkı DYP-yə müraciət etdik. Nə qədər köhnə maşın vardısa, hamısnın siyahısını götürdük. Siyahını assistentə verdik, o da başladı bir-bir həmin adamlara zəng vurmağa. Çox sayda “Pobeda” sürücüləri gəldi. Onlara bunun müqabilində qonarar da verildi. Filmdə istifadə edilən maşınların əksəriyyəti həmin epizodda  Əmircan qəbristanlığında lentə alındı”.
 
Bazar səhnəsinə gəldikdə isə bunu Əmircan məscidinin yanındakı boşluqda həyata keçirirlər. Kinostudiyadan avadanlıqları gətirərək elə oradakı boş ərazidə əsl bazar düzəldirlər.

Rafiq Əliyev bildirir ki, filmdə ayrı-ayrı səhnələr kimi lentə alınan yerlərin çoxu əslində eyni məkanda müxtəlif yerlərdir.

“Xanın Laləzara söz atan adama zəhər içirtdiyi yer, montyorun işıq düzəltməsi, pilləkən səhnəsi İçərişəhərdən yuxarı, “Park” küçəsindəki binalardan birində (keçmiş “Azərinform” fotoxronikasinin yaxınlığındakı binada) çəkilib.
Çörək zavodu ilə bağlı olan səhnə isə“Kubinka”dakı 3 nömrəli çörək zavodunda lentə alınıb.
Zavod müdiri roluna əslində Mirzə Babayev çəkilməli idi. Sonra necə alındısa, həmin rola  gəncəli aktyor Kahin Bünyatov çəkildi”. 

Kinooperator onu da vurğulayır ki, bütün çəkilişlər real səhnələrdir, pavilyonda hər hansı çəkilişlər olmayıb.

Filmdəki son səhnələrdən sayılan qatar səhnəsini Ələkbər Muradov, Məlik Dadaşov və Fikrət Bağırov rayonlardan birinə gedərkən yolda lentə alırlar.

Rafiq Əliyev: “Ələkbər Muradov çox istedadlı adam idi. Adi bir şeyə belə, yaradıcı yanaşırdı. Həm də antikvar həvəskarı idi. Çox qədim mis qablar, fotoaparatlar, kameralar yığırdı.
Xanın anasının yanına gəlməsi səhəsi Əmircanda Ələkbərin qohumunun evində çəkildi. Çünki, onun evindəki bütün mebellər antik idi. Ələkbərin xoşu gəlirdi belə mebellərdən, hətta çəkiliş vaxtı deyirdi ki, “bu mebeli o tindən götür, elə götür ki yaxşı düşsün”.
Otaq çəkiliş üçün çox balaca idi deyə, çətinlik yaranırdı, dərinliyi götürmək olmurdu.  Otaqda canlılıq yaratmaq üçün təklif etdim ki, pərdə tərpənsin, canlılıq yaransın.
Xanın Laləzəara söz atan adama zəhər verdiyi epizodda ölüm olacaqdı deyə, həyəcanı artırmaq üçün lampanın təpənməsi lazım idi. Elə çəkilişdə də belə etdik.
Hamam səhnəsini isə “Fantaziya” hamamında çəkdik. Orda da isti suyun axması həyəcanı artırmaq üçün idi.
Gənclərin maşınla un kisələri payladıqları epizodu Əmircanda, Suraxanıda çəkdik. Əslində maşın hərəkət etmirdi”. 

Deyilənə görə, realda Xan varlı adamları qarət edərək kasıblara əl tutub

Rafiq Əliyev: “Doğrusu filmi çəkəndə fikirləşmirdik ki, bu qədər maraq doğurar. Ələkbər həmişə mənə deyirdi ki, “sənin xəbərin yoxdur eyy, bu filmi hər yerdə bəyənirlər”. Bəli, mənim xəbərim yox idi, çünki, tədbirlərdə iştirak etməkdən xoşum gəlmirdi”.

Film çəkilən müddətdə Məlik Dadaşov, Nəsibə Zeynalova, filmin rəssamı Fikrət Bağırov, ssenari müəllifi İsi Məlikzadə vəfat edir.

Rafiq Əliyev: “Filmdəki pullar hamısı düzəltmə pullar idi. Toplu səhnələrin çəkilişi üçün, xüsusilə bazar epizodunda şəhərdən kömək gəlmişdi, həm də çoxlu rus qadınları tapıb bir plyonkaya çəkmişdik.
İçərişəhərdə zərgəri götürüb apardıqları epizodun çəkilişi zaman mən işdə yox idim. Bu zaman qısa çəkiliş vaxtı kadra kondisioner də düşüb. Həmişə də zarafatla deyirdim ki, bir gün işə gəlməmişəm deyə, gör nə çəkmisiz.
Kinoteatr səhnəsini isə kinostudiyada direktorun otağında çəkdik. Dostların tələyə düşdüyü yer o vaxtı məşhur olan “Əmircan univermağı”dır. Həmin yerə kaskadyor çağırdıq. “Gəncəli Adış” və “Eynəkli”nin vurulduğu səhnənin çəkilişi zamanı filmin sponsoru Aydın müəllim də orda idi. Pilləkənlərdən yıxılma səhnəsində Cahangir Novruzov (Gəncəli Adış) qərara gəldi ki, “mən özüm oynayacam, kaskadyor lazım deyil”. Həqiqətən də oynadı. O epizod 3-4 dubla çəkildi. Hər aktyor o rolu özü oynamazdı. Amma yuxarıdan yıxılma səhnəsini kaskadyor Əli canlandırdı.
Məhz həmin epizodda gənclərin ölüm səhnəsindəki yağışı yanğınsöndürənlər “yağdırırdı”. Gecənin yarısı idi, avadanlıqlar vasitəsilə yolu da bağlamışdıq ki, rahat işləyə bilək”.

İstedadlı operator bildirir ki, filmdə görünən musiqi alətləri milliliyi göstərmək, vətənə bağlığı anlatmaq üçün istifadə edilib

Rafiq Əliyev: “Ələkbər Suraxanıda boş bir qaraj tapmışdı. Polkovniklə (Məlik Dadaşov) Xanın (Fuad Poladov) son dialoq qurduğu səhnə həmin qarajda lentə alınıb. Həmin epizodda polkovnik Xana həbs olunacağı xəbərini verir. Xan isə ondan möhlət istəyir: “Həbsxananın borşunun iyi təzəcə getmişdi burnumdan, mənə bir gün vaxt ver, sabah özüm gələcəm vağzala”.
Polkovnik razılıq verir: “Mən sənə inanıram”.
Beləcə Xan yenidən və çıxmamaq üzrə həbsxanaya geri dönür...”



Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir