Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

29 İyul 2010, 11:07

Modern.az saytı xeyli vaxtdır ara verdiyi “Media əhvalatları» rubrikasını davam etdirir. Rubrikamızın budəfəki qonaqlarını təqdim edirik. Əhvalatları tanınmış telejurnalist Qulu Məhərrəmli, tanınmış jurnalist Laura Cəbrayıllı, “Azadlıq” qəzetinin idman yazarı Coşqun Eldaroğlu və “Şərq” qəzetinin redaktoru Yusif Nəzərli danışır.

Qulu Məhərrəmli, telejurnalist Sürücünün hirslənməyi - 20 yanvar hadisəsinin ildönümü günü AzTV Şəhidlər xiyabanından canlı yayım verirdi, reportajı da mən aparardım. Hava çox soyuq olduğu üçün bir avtobusun salonunda dayanmışdım. Təxminən 5 saata yaxın canlı yayımda fasiləsiz şərh verməli oldum. Avtobusun sürücüsünün isə dişi bağırsağını kəsirdi. Bir yandan soyuq, o biri yandan da reportajın belə uzanması onu əsəbiləşdirmişdi. Nəhayət mən şərhimi qurtardım, mikrofonu söndürdüm, amma canlı yayımın çəkilişi davam edirdi. Elə mikrofonu söndürmüşdüm ki, bayaqdan “zəncir çeynəyən” sürücü “tapança kimi açıldı”:

“Ay Qulu müəllim, sən də az danış da, niyə çıxıb getmirsən evinə-eşiyinə....”. Təsəvvür edin, mikrofon açıq olsaydı, onun bu sözləri 20 yanvar tədbirində canlı efirə gedə bilərdi. Nə yaxşı ki mikrofonu söndürmüşdüm.

 

“Qar bizi dalaşdırdı” - Bu hadisə də qış aylarına təsadüf edir. AzTV-də işləyirdim. Bakıya çox güclü qar yağmışdı. Mən səhər efirinə gedə bilməmişdim, amma televiziyanın yaxınlığında yaşayan əməkdaşlar işə gəlmişdilər. Evdə çox narahat idim ki, səhər efiri necə olacaq. Elə bu fikirlərlə kanalı açanda gördüm ki, bizdə redaktor işləyən əməkdaş xəbərləri oxuyur, özü də elə pis oxuyur ki... Səhəri gün işə gedəndə mən həmin redaktoru çağırıb xəbərləri bərbad halda oxuduğunu deyəndə, qayıtdı ki, “o cür şəraitdə çıxıb xəbər oxuyub verilişi xilas eledim, siz də məni məzəmmət eləyirsiniz...”. Mən də dedim ki, “müğənni də gəlməyə bilərdi, onun yerinə də oxumazlar ki...”.

 

Laura Cəbrayıllı, Beynəlxalq Avrasiya Mətbuat Fondunda departament rəhbəri

İranlı qonağın təlaşı - Mən əmək fəaliyyətinə Dövlət Radiosunun “Güney Azərbaycan” redaksiyasında başlamışam. İlk verilişimi rəhmətlik Aydın Məmmədova həsr etmişdim. Bəyənildiyinə görə, bu silsiləni davam etdirdim, dünyadan köçən ədəbiyyat, mədəniyyət xadimlərinə həsr olunmuş portret verilişlər hazırlayırdım. Bir gün mənə tapşırdılar ki, İsmayıl Şıxlı ilə müsahibə götürüm. O vaxt İsmayıl müəllimin ağır xəstə olduğunu bilirdik, amma düşündüm ki, razılıq versə, gedib evində söhbət eləyib yazaram. Evinə zəng elədim, özüylə danışdım, dedi ki, “artıq mən gedirəm, qızım. Mən radioda dəfələrlə çıxış etmişəm, o çıxışlarımı, yazılarımı, kitablarımı sizə xatirə qoyuram, hamınıza can sağlığı arzulayıram”. Mən çox kövrəldim. Bir neçə gün sonra yazıçımız dünyasını dəyişdi. Növbəti verilişimin girişində İsmayıl Şıxlını andım ki, onunla söhbət eləmək istəyirdim, amma əcəl imkan vermədi.

Bu verilişimdən bir neçə gün sonra İrandan radioya qonaq gəlmişdi. Onunla kiçik bir müsahibə eləməyi mənə tapşırdılar. Radioda qarşıladım, Bakı ilə bağlı təssüratlarını dinləyə-dinləyə studiyaya gəldik. Verilişə başlayanda özümü təqdim etdim: - Salam, hörmətli dinləyicilər, studiyada mənəm – Laura Cəbrayıllı. Qonağımızı təqdim etmək istəyəndə gördüm, yaman narahatdır. Fikirləşdim ki, yəqin səsyazma otağının qapısının kip bağlı olmasından həyacanlıdır. Amma o, təlaşla üzümə baxıb soruşdu ki, “siz doğurdan Laura Cəbrayıllısınız?”. Dedim “bəli”. Qayıtdı ki, “axı siz ancaq ölülərdən danışırsınız? İsmayıl müəllimi çox istəyirdik, ona zəng eləyəndən sonra dünyasını dəyişdi. Məni danışdırmayın, istəmirəm, iki körpə balam var”.

Bu hadisədən sonra bir-birinin ardınca bayram verilişləri hazırladım ki, mənim bu “imicim” dağılsın.

 

“…indi Zamin şeir oxuyacaq”

- Radioda çalışan vaxt “Gənclik” redaksiyasında “Alın yazısı” rubrikası altında gənc yazarları təqdim edirdim. Bir dəfə də qonağım şair Zamin Hacı idi. O vaxt Hacı Zamin hələ mətbuata gəlməmişdi, şeirləri çap olunurdu. Onunla çox maraqlı bir söhbət elədik, şeirlərini oxudu. Bu söhbət çox bəyənildiyindən qısa müddət ərzində dalbadal efirə getdi. Elə bir balaca boşluq olan kimi, bu lenti səsləndirirmişlər. Bir gün Hacı Zamin başılovlu zəng elədi ki, “siz Allah, o lenti məhv eləyin, bizim kənddə heç kim işə getmir, hamı bütün günü radioya qulaq asır ki, indi Zamin şeir oxuyacaq”.

 

Ağabəy Sultanovla müsahibə - Yeni ailə qurmuşduq. Məşhur psixatr Ağabəy Sultanovla müsahibə götürməliydim, onunla da təbii ki, iş yerində görüşəsiydik. İşlədiyi xəstəxananı tanımadığımdan yoldaşım Quluya (Qulu Ağsəs - X.B.) dedim ki, məni ora aparsın. Müsahibə səhər saat 9.00-da olmalıydı. Tezdən yuxudan durub tələsməyə başladıq. Qaynanam təşvişmizi görüb soruşdu ki, “ay bala hara gedirsiniz belə?”. Cavab verdim ki, “dəlixanaya”. Bir az keçmiş qaynanam Quludan soruşdu ki, “bir dayanın, sonra gedərsiniz, ay bala nə tez gedirsiniz?”. Qulu da “hələ gecikmişik, biz çoxdan orda olmalıydıq” dedi. Qapıdan çıxanda qaynanam yenə təlaşla dedi ki, “bəlkə getməyəsiniz..?”. Qulu da tələsik qayıtdı ki, “bizi orda gözləyirlər, təcili getməliyik, hər vaxt Ağabəy Sultanovla görüşmək mümkün deyil, gərək gecikməyək”.  Biz elə bildik ki, erkən evdən çıxdığımıza görə, o narahatdır. Axşam evə qayıdanda onu çox həyacanlı gördük, ağlamışdı. Başa düşdük ki, sən demə, dünən evlənən cavanların tələm-tələsik dəlixanaya yüyürməsini yazıq ana yüz yerə yozub, bizim özümüzün həkim məsləhəti üçün qaçdığımızı düşünüb.

  

Coşqun Eldaroğlu,  “Azadlıq”  qəzetinin idman yazarı

Futbolçu toyuq yiyəsinin qarğışına gəldi - İdman sahəsində işlədiyim üçün daha çox idmanla bağlı hadisələrin şahidi olmuşam. Bir dəfə Bərdə şəhərində futbol üzrə Azərbaycan çempionatı keçirilirdi, oyuun qızğın vaxtında hardansa bir toyuq qaçıb meydançaya girdi, Elçin Dərgahquliyev adlı futbolçunun güclü zərbə ilə vurduğu top toyuğa dəydi. Toyuq yıxılıb çabaladı. Elə bu vaxt toyuğun yiyəsi də hardansa peyda olub canlı yayımın getdiyi oyun meydançasına qaçıb girdi, futbolçunun üstünə yüyürüb onu qarğışa tutdu: “Allah evini yıxsın, kasıb adamam, sənin görüm ayağın qırılaydı mənim toyuğumu vuran yerdə”. Bir neçə dəqiqədən sonra həmin futbolçu toyuğun yiyəsinin qarğışına gəldi, ayağı sındı. 

 

AFFA prezidentinin çaşmağı - AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyev Azərbaycan - Özbəkistan oyunu izləyirdi. Oyunun gedişi onu qane etmirdi. Fasilədə futbolçular meydançanın kənarına doğru gedəndə Ramiz müəllim göy köynəkli oyunçuya yaxınlaşıb dedi:

“Uşaqlar, yaxşı oynayın. Qalib gəlsəniz hərənizə 500 manat mükafat verəcəm”.

Birdən o biri tərəfdən ağ köynəkli başqa bir futbolçu AFFA prezidentinə tərəf qışqırdı: “Ramiz müəllim biz ağlarıq e, göylər yox...”.

 

Yusif Nəzərli, “Şərq” qəzetinin redaktoru "Nişan mərasimi"nə tədarük - Hələ tələbə olarkən qəzetlərin birində müxbir vəzifəsində calışırdım. Həm BDU-nun jurnalistika fakültəsinin tələbələri olan qrup yoldaşlarima, həm də bəzi jurnalist həmkarlarıma  dedim ki, sizi  “krupnu”  aldadacam. Özünüzü gözləyin. Nə isə, bir münasib vaxt tapıb onlara dedim ki, hazırlaşın, bir həftəyə sizi Gürcüstana -  nişan mərasimimə aparacam. Cox sevindilər. Dedim biletiniz, yol xərciniz mənlikdir. Nə isə, bunları topladım Dəmiryol vağzalına, orda da yaxşı bir qonaqlıq verdim, onlar da yol üçün yemək və başqa tədarük gördülər. Kimi mənim üçün hədiyyə almışdı, kimi üzük almışdı, hətta bir dostumuz 7 bacısından güclə Gürcüstana getməyə icazə almışdı. Vağzalda yemək-işməyin yaxşı yerində dedim: - Sizin hamınızı çoxdan bir yerə yığa bilməmişdim, çörəyinizi yeyin, dağılışın, nə nişan, nə xeyir iş? Əvvəl inanmadılar, bir təhər bunları inandıra bildim ki, zarafat edirəm, elə bil hamısının başına qaynar su tödülər. Bir dəqiqənin içində hamısı dağılışdı. Beləcə o dostlarla barışmaq üçün sonralar cox əziyyıt çəkdim. Bir təhər hər şeyi yoluna qoya bildim.

Hazırladı Xumar Bayramqızı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı