Modern.az

Jurnalistlər arasında yeni müsabiqə elan olundu

Jurnalistlər arasında yeni müsabiqə elan olundu

Media

31 Avqust 2010, 12:41

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) «Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi» layihəsinin «Hüququn KİV-də yayılması» proqramı çərçivəsində jurnalistlər arasında növbəti müsabiqə elan edib.
Modern.az-ın məlumatına görə, «Təhsil hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi» mövzusunda keçirilən müsabiqəyə çap və elektron materiallar qəbul ediləcək.

Müsabiqəyə Azərbaycanda təhsil hüququnun təminatı ilə bağlı problemlərə, onları doğuran səbəblərə və bu problemlərin həlli yollarına, təhsil sahəsində Azərbaycan qanunvericiliyinin tətbiqi praktikası ilə bağlı məsələlərə, o cümlədən məhkəmə təcrübəsinə dair araşdırma xarakterli məqalələr təqdim olunmalıdır.

Məqalələr qiymətləndirilərkən mövzunun baş vermiş hadisə(lər) əsasında açıqlanması, konkret nümunədən çıxış etməklə ictimai maraq kəsb edən problemlərin işıqlandırılması, həmin problemlərin obyektiv və subyektiv səbəblərinin araşdırılması, yazının cəmiyyətdə insan hüquqlarının və qanunun aliliyinin təbliği baxımından əhəmiyyəti, yazının peşəkarlıq səviyyəsi nəzərə alınacaq.

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 500 AZN

İkinci yer –  400  AZN

Üçüncü yer –  300  AZN

Jurnalistlər müsabiqəyə 2010-cu il sentyabrın 1-dən oktyabrın 15-dək dövri mətbuatda dərc edilən və ya tanınan İnternet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir müəllif ikidən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən hər bir kəs aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır.

Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə  GTZ-nin «Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi» layihəsinin bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir