Arxiv
31 mart 2015, 12:17 | AKTUAL
Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri - Əli Həsənov

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır.

Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etmişdir.

1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı.Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başladı.

Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı.

Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülmüşdür.

Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və habelə bu məqsədlə müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı.

Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”. Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən ermənilər yaşamayan və ya az erməni yaşayan ərazilərdə yerləşdirildilər. Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan quberniyalarında ermənilərin sayı çox az olmuşdur.

Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular.

Çarizmin ermənilərə olan bu himayədarlığı sonrakı illərdə də özünü göstərirdi.

Ümumiyyətlə, Qarabağın dağlıq hissəsinə ermənilərin köçürülməsi bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-sinin azərbaycanlı, 18 min 616-sının isə erməni ailəsi olduğu bildirilir. 1917-ci ildə isə Qarabağda ermənilərin sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46 faizini, azərbaycanlılar isə 51 faizini təşkil etmişdir.

1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur.

Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2 faizi).

İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdə birini təşkil etmişdir. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, bu ölkələrdə əhalinin etnik tərkibi yenə azərbaycanlıların xeyrinə çoxluq təşkil edirdi. İrəvan qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5 min və ya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər.


XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır.

Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Belə ki, Birinci Dünya müharibəsi illərində də çarizmin himayəsinə sığınan ermənilər azərbaycanlılara qarşı qırğınları davam etdirməyə başladılar.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil.

Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir.

Onu da qeyd emək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir. Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir.

Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir.

Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.

1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü.

Bununla da, Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk rəsmi cəhd edildi. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, daşnakların tutduğu mövqe bu təkliflərin həyata keçməsinə mane oldu.

Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları arasında müqavilə imzalandı. İmzalanan müqaviləyə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli idi.

Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozmuş və Azərbaycan ərazilərinə öz qoşunlarını göndərərək azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan sovetləşəndən sonra yenidən ortaya atıldı.

Bunun davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi.

Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.

XX əsrin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə, eləcə də hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, neqativ ictimai fikir formalaşdırılmışdı.

Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün İttifaq miqyasında yaymışdılar.

Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin, faktiki olaraq, Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildi.

DQMV ərazisində Ermənistanın bayrağı qaldırıldı. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.

Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə, ermənilər Azərbaycan hökuməti tərəfindən nəzarət olunmayan vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.


Eyni zamanda, bu dövrdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovuldu. Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən Sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır.

Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabiti və giziri iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də sovetlərdən qalma 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylandı.

1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi.

Elə həmin gün Şuşa işğal edildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi, əslində, başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi.

Şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər, həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndiyə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.

Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni mayın 18-də iki respublikanın arasında yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1385 kvadratkilometr ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.

Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsınin Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin “humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.

Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.

Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür.

Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin bir çoxunda Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə — 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37 Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır 4 İyul 2020, 11:32 Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb 4 İyul 2020, 11:25 Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir” 4 İyul 2020, 11:12 Xətaidə qanunsuz kafe işlədən şəxs 2 min manat cərimələndi 4 İyul 2020, 10:57 Daxili İşlər Nazirliyinin əməkdaşlarının məzuniyyəti təxirə salınıb? 4 İyul 2020, 10:56 Parisdə yanğın - ölən var 4 İyul 2020, 10:43