Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin, eləcə də Rusiya və Qazaxıstandan olan müşahidəçilərin əyləşdiyi Mİ-8 N72 hərbi vertolyotunun ermənilər tərəfindən məhv edilməsindən 18 il ötür. Hadisə 1991-ci il noyabrın 20-də törədilib.
Hadisə nəticəsində Azərbaycanın o vaxtkı dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, DQMV prokuroru İqor Plavski, DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-nin işıqçısı Arif Hüseynzadə, operator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko həlak olublar.
Bu terror aktı ilə bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.