Uşaqlıqda hər kəsin özünün sevdiyi oyuncaqlar olur. Adətən qızlar nə vaxtsa valideynlərinin ona sevimli gəlinciklərini, oğlanlar isə daha çox avtomobillər, oyuncaq silahların alınacağı günü səbrsizliklə gözləyirlər. Dogrudur, bəzi uşaqlar bu istəklərini bəzən dilə gətirib yarıxoş, yarınaxoş bir şəraitdə arzularına qovuşa da bilirlər. Elə uşaqlar da var ki, sevdikləri oyuncaqlarına nə zamansa qovuşacaqlarının intizarını çəkə - çəkə böyüyürlər. Amma böyüdükdən sonra da uzaqda qalan uşaqlıq illərinin arzularında qalan oyuncaq istəkləri yaddan çıxmır. Hətta illər sonra bunu “bilmirəm, valideynlərim niyə istədiyim o oyuncağı mənə almaq istəmirdilər”- deyə keçmişin nisgilli xatirəsi kimi dilə gətirənlər də olur.
Etiraf edim ki, oyuncaq nisgilinin uşaqlıqdan böyüyənə qədər insanların beyinində iz saldığını mən böyüyəndən sonra bilmişəm. Rengbereng oyuncaqlar, gəlinciklər, müxtəlif muncuqlar, lentlər və s. Valideynlərim məndən heç nəyi əsirgəməmişdilər. Bu mənim üçün adi idi və elə bilirdim ki, bütün uşaqların da mənim kimi çoxlu oyuncaqları var.
Odur ki, bir uşaq üçün oyuncaq istəyinin ürəyində qalmasının nə qədər ağrılı olduğunu keçmiş həmkarlarımdan birinin mənə öz uşaqlıq həyatını danışarkən gözləri yaşaranda anlamışdım. Valideynlərinin ondan bu gün də öz qayğı və sevgilərini əsirgəmədiyini dilə gətirən həmkarım da bütün xiffət çəkən uşaqlar kimi kimi nisgilini “bilmirəm, o oyuncağı mənə niyə almaq istəmirdilər” – kimi ifadə etmişdi.
Oyuncaq xiffətini çəkən uşaqlar indi də var. Gündəlik həyatımızda hər birimiz küçədə əlində nələrsə satan, ya da avtomobillərin şüçəsini silməklə çörəkpulu qazanan uşaqları görürük və bir çoxlarımız üçün bu mənzərə bəlkə də artəq adiləşib. Amma mən hər dəfə belə uşaqları görəndə bir neçə il əvvəl ictimai nəqliyyatda rastlaşdığım bir hadisə yadıma düşür. Əl açıb insanlardan çörəkpulu istəyən balaca qızcığazın əlində saxladığı parçadan olan yumaq məni kimi çoxlarının diqqətindən qaçmamaəşdı. Pul verən xalaların birinin səxavətindən razı qalan qızcığaz söylədi ki, əlindəki əski parçası deyil. Anasının köhnə xalatından özü üçün kəsib düzəltdiyi gəlincikdi. “”Yaxşı adamlar” mənə pul verəndə mən də evimizə tez gedib kuklamla çoxlu oynaya bilirəm” –deyə topladığı pulların sevincini oradakı insanlarla bölüşən balaca qızcığaz avtobusu sevinə-sevinə tərk etsə də, bu hadisə bu günə qədər o mənim beyinimi tərk etmir.
Bu günlərdə Tovuzda 13 yaşlı qızın içində partlayıcı olan oyuncaq üzundən dünyasını dəyişməsi yəqin ki təkcə bizim deyil, icində bəşəri hissləri olan hər kəsin içini titrətdi. Bəli, bu gün bizim uşaqlarımız arasında təkcə oyuncaq xiffəti çəkənlər yoxdur. Həm də küçədən, bayırdan tapılan oyuncağın qurbanı olan uşaqlarımız var. Nə qədər ki bizlər uşaqlarımızın gözündə, bəlkə də bir uşağın üzünü güldürməkdən başqa heç bir dəyəri olmayan oyuncaqları adiləşdirə bilmirik, uşaqlar üçün küçədə tapdıqları hansısa sınıq-salxaq gəlinciklər də, elə sudan-çaydan tapılan oyuncaqlar da maraqlı olaraq qalacaq.
Odur ki, uşaqlarıniz üçün çoxlu oyuncaq alın. Uşaqlarınızın məkrli düşmənin qanlı oyunlarının qurbanına çevrilməməsi naminə...