Rusiyada nəşr edilən "Baku" jurnalı Avropa media bazarına çıxır. Oktyabr ayında Londonda bu nəşrin ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatı keçiriləcək. Modern.az-ın məlumatına görə, bu barədə İTAR-TASS-a "Baku"nun redaksiyası bildirib.
Jurnalın baş redaktoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva deyib ki, “Baku”nin ingilisdilli nəşri oxucuları Xəzər sahilindəki qədim Odlar Yurdunun – Azərbaycanın zəngin mədəniyyəti, tarixi, gözəl və müdrik ənənələri ilə tanış etməklə bərabər, həm də azərbaycanlıların müasir həyatı haqqında söhbət açacaq.
“"Baku" jurnalı Azərbaycanın və onun paytaxtının bütün dünyada keyfiyyətcə yeni şəkildə "kəşf olunmasına", bu xalqın ən ülvi və gözəl cəhətlərini üzə çıxarmağa kömək edəcəkdir. Bu jurnal böyük şəhərin vizit vərəqi, ucsuz-bucaqsız dünya interyerində bu ölkənin jurnal-portreti olacaqdır"-deyə Leyla Əliyeva vurğulayıb.
Rübdə bir dəfə nəşr edilməsi planlaşdırılan ingilisdilli "Baku" jurnalı həm də dünyada dəbdə olan trendlər aləmində bələdçi olacaq. Jurnalda incəsənət haqqında ən maraqlı materiallar toplanacaq, onun qəhrəmanları müasir şedevrlərin ən məşhur müəllifləri olacaq, "Baku"nun səhifələrini bədii fotoqrafiya sahəsində tanınmış ustaların işləri bəzəyəcək.
İngilisdilli layihəni həyata keçirən "Conde Nast" nəşriyyat evinin niyyətinə görə, jurnal təkcə Böyük Britaniyada deyil, Fransa, ABŞ, İtaliya və başqa ölkələrdə də yayılacaq.
Məhz bu səbəbdən, jurnalın ingilisdilli versiyasının yaradılması işinə dünyanın ən yaxşı dizaynerləri və foto rəssamları cəlb edilib.
Leyla Əliyevanın sözlərinə görə, jurnal Şərq ilə Qərbin qovuşduğu və bir-birini ahəngdar şəkildə tamamladığı heyrətamiz bir məkan olan Azərbaycanın həyat tərzini və fəlsəfəsini bütün dünyaya təqdim edə biləcək. Jurnalın rusdilli versiyasının uğurları buna ümid etməyə əsas verir ki, ingilisdilli versiya oxucuların böyük marağına səbəb olacaq.
“"Cande Nast" nəşriyyat evində bu layihənin uğurlu olacağına əmindirlər, çünki bu dünya şöhrətli şirkətin təcrübəsi, habelə Leyla Əliyevanın işə yaradıcı yanaşması sayəsində dünya bazarına tamamilə nadir bir nəşr çıxacaq və heç şübhəsiz, bu nəşr geniş oxucu auditoriyasının zövqünü oxşayacaq. "Baku" jurnalı incəsənət və moda aləmində müasir cərəyanların avanqardında olmaq niyyətindədir. O, Qərbdə və Şərqdə, Azərbaycanda və bütün dünyada həmin cərəyanların aparıcı xadimləri arasında yaradıcı ünsiyyət üçün gözəl məkan olacaqdır.
Yalnız uğurlu brendlərlə işləyən "Conde Nast" nəşriyyat evinin nüfuzu bu perspektivlərin ciddiliyinə dəlalət edir”-deyə İTAR-TASS yazır.