Modern.az

Əsgərlik gündəliyim-7

Əsgərlik gündəliyim-7

Ölkə

3 Mart 2012, 13:19

Sarkoziyə oxşayan zabit

İntuisiyam mənə deyir ki... Elə bu zabitin boyuyla özü... Lənət şeytana. Əsgərlərdən hansısa azacıq tərpənir. Çox sərt reaksiya... Bayaqdan qarşımızda  az qala şpaqat vəziyyətində dayanmış zabit elə çımxırır ki... Hə, yadıma düşdü. Bu Rzayev Vüsal Mirhabil oğludur. Ümumiyyətlə, adətən balacaboy adamların kompleksli olduğunu bilirdim və həmin bildiklərimi də bu zabitin-mayor İsgəndərovun simasında özümçün bir daha təsdiqlədim. Dəfələrlə fikir vermişdim. Bu adam hansısa əsgəri danlayırsa, düz onun qarşısında dayanır, gözlərinin içinə baxmağa çalışır. Əgər əsgər ondan daha hündürdürsə, sanki mayor bir az da qıcıqlanır, hər vəchlə onu aşağılamağa çalışır. Necə ki, Sarkozi qorumasında olanların boyunun 165 santimetrdən yuxarı olmamasını əmr vermişdi. Yəni İslam İsgəndərov da özündən hündürboy əsgər görəndə qıcıqlanırdı. Tərslikdən də əsgərlərin böyük qismindən boyca geri qalırdı. Bu isə mayorun daha aqressiv olması anlamına gəlirdi. Sanki bu adam kiməsə yuxarıdan baxmaqdan xüsusi həzz alırdı.   

Beləcə, ilk tanışlıq başa çatır. Burda da hər kəs özünə yoldaş axtarır. Halbuki,  hərbi hissədən çıxanda sözü bir yerə qoymuşuq ki, kiməsə sığınmayaq, arxamızı ancaq bir-birimizə çevirək, yavaş-yavaş “hakimiyyəti” ələ alaq. Çünki sayımız da az deyil, təhsilimiz də burdakılardan üstündür, dünyagörüşümüz də...

«Əhdə vəfa» olmadı

Amma bəzi uşaqlar heç nə danışmamışıq kimi aparırlar özlərini. Onları başa düşürəm. İlk dəfə olduğun yerdə dəstəkçi tapmaq, onun vasitəsiylə kollektivə adaptasiya olunmaq, dolayısıyla müəyyən yersiz təzyiqlərdən qurtulmaq... bütün bunlar o halda mümkün ola bilər ki, həmin dəstəkçinin də burda müəyyən nüfuzu olsun. Əgər olmayacaqsa...

Təsadüfən mənim də bir tanışım var burda. Çörəkbişirəndir. Qardaşıyla mülki həyatdan tanışıq, özünü ilk dəfədir görürəm. Adımı, soyadımı eşidən kimi yaxınlaşır, canfəşanlıq edir, dəstək verməyə çalışır. Amma... nə isə... Hər halda sağ olsun.

Yeni tanışlıqlar var imiş burda. Sən demə, əsgərlərimizdən birinin qardaşı burdakı həmkarlarımızın hansıylasa dost olublar. Və həmin əsgərin də burda az-çox nüfuzu var. Əla... Deməli, əhdə-vəfa söhbəti keçmədi... Necə deyərlər başlı başını saxlasın.

İndi vəziyyət belədir. Mən, Rzayev Vüsal, Abdullayev Elşad bir qruplaşmayıq. Seyfəddin həmişəki kimi yalqızdır. Yusubov Asifin isə sanki üzündə şeytan tükü var. Hər yerdə, hər kəslə dil tapa bilir. Asiflə bağlı xırda qeyd. BDU-nun fizika fakültəsinin məzunudur, rusdillidir. Qəribə danışıq tərzi və manerası var. Yusubov hərbiyə gələndə çəkisi nə az, nə çox düz 100 kiloqram idi, sıra hazırlığında, səhər idmanında əziyyət çəkirdi, utanırdı. Söhbətlərimizin birində qarşısına məqsəd qoydu – “arıqlamalıyam, idman eləməliyəm”. Dedi və elədi də.. İlk baxışdan o qədər zəif təsir bağışlamışdı... Sonralar onun nə qədər iradəli, diplomat, bəzi məqamlarda doğrunun tərəfində olduğunu hiss elədim. Belə...

Taksi «Şıxı»

Xudiyev Ruslanın isə vəziyyəti məlumdur. Bu uşağın necə deyərlər yaxşıca “dayday”ı olduğundan işləri rəvan gedir. O isə İqtisad Universitetini bitirib. Savadlı, qabiliyyətli insandır. Gedişatda bir neçə dəfə mənimçün “bank” rolunu da oynayıb. Təbii ki, qaytarmaq şərtilə və bütün dediyim xoş sözlərin həmin məsələylə heç bir bağlılığı yoxdur. Deməli, Xudiyev komendaturada yazı-pozu işlərinə baxacaq. Axı deyilənlərə görə, mən də ixtisasca jurnalistəm, sənədləşməni də az-çox bilirəm. Nə olsun ki...

Yavaş-yavaş bura da adaptasiya olunuram. Aaaaaa... lap unutmuşdum. İlk gecə kazarmaya girəndə sərhəd dəstəsini lap nostalgiya kimi xatırladım. Təxminən ev şəraitinə yaxın bir kazarmadan çıxıb bura gəlmək... Gecə hiss elədim ki, getdikcə halım pisləşir, qızdırmam qalxır. Amma zabitin alçaq boyunu və zəhrimar yağan sifətini görmüşdüm... ölsəm də nəsə deyən deyiləm...
Səhər açılır...qalxa bilmirəm...növbətçi tez mayora xəbər verir... Hərbi hissədə hamının “Şıxı” kimi tanıdığı kapitan məni öz maşınıyla sərhəd dəstəsinə gətirir. Amma sözün əsl mənasında taksi kimi. Beş manatımı verib düşürəm.  Məlum olur ki, qızdırmam təhlükəli həddədir və bir neçə gün burda qalmalıyam. 

Bu aralar Şəki Sərhəd Dəstəsində maraqlı günlər yaşanır. Məsələ burasındadır ki, 2006-cı il aprel “prizivlər”i tərxis olunurlar. Tərxisə yollananlar arasında sözün əsl mənasında bayram əhval-ruhiyyəsi hökm sürür. Arabir cəmi-cümlətanı üç ayın əsgəri olmağım yadımdan çıxır, qoşuluram bunlara, atılıb düşürəm. Sonra xatırlayıram..gənc əsgərəm...
Tibb məntəqəsində 2006 iyul çağırışçıları da yatırlar. Həmin çağırışçıların tərxisə gedən dostları gəlib onlara baş çəkir, ürək-dirək verirlər.
Oktyabr ayının 1-dir. Necə də gözəl anlar yaşanır...Tərxisə gedənlər tibb məntəqəsindəki dostlarına baş çəkməyə gəliblər. O qədər qəribə anlardır ki... sadəcə izah eləməyə çətinlik çəkirəm. Amma bütün xoş günlər kimi bu gün də qalmaqalsız sovuşmur. Deyəsən, tərxisə gedənlərin bəzilərinin “dembelski” forma bəzətdirdiyini komandir bilib və həmin əsgərlərin daha bir neçə gün xidmət etmələrinə əmr verib. 
Səbəbini də izah edəcəm. Bax bu da hərbinin başqa bir özəlliyi. İstənilən anda “ilişdirilə”, “dolaşdırıla” bilərsən. Qəribə olanı bilirsiniz nə idi? Komandir tərxisçilərin evə getmələrini əngəlləməklə yanaşı hərbi hissədə olacaqları günlərin tən yarısını yeməkxana xidməti çıxmalarına göstəriş vermişdi. Əslində yeməkxana xidməti çıxmaq Şəki  kimi soyuq yerdə, özü də oktyabr ayında hər bir əsgər üçün göydəndüşmədir. İsti soba, isti yemək... Amma əsgər üçün, dembel formasını geyinib, hərbi bilet cibində evə getməyə taksi axtaran biri üçün yox.  Əsgərlərin tərxis olunmasını görmək nə qədər xoşdursa, həmin “əsgərlər”in halını görmək bir o qədər...

«Dembelski» forma

Axı sizə “dembelski” forma məsələsini izah eləmək sözü vermişdim. Bax burda “qurunun oduna yaş da yanar” məsələsinin əsl yeridir. Söhbət nədən gedir? Sən demə, polkovnik Hümvətov bir dəfə yoldan keçəndə hansısa çobanın əynində Sərhəd Qoşunlarının geyimini görübmüş. Elə bu da onun bayaqdan haqqında bəhs elədiyim qərarı verməsinə bəs edib.

Bu aralar tanınmış müğənni Nadir Bayramlının oğlu Şəmsi də tibb məntəqəsinə tez-tez gələnlər sırasındadır. Şəmsi avtonəqliyyat bölüyünün əsgəridir. Bölükdə “MSB”lər-digər zastavalardan müvəqqəti gəlmiş əsgərlər olduğundan narahatdır. Axı əvvəldən demişdim ki, Bayramlı bir çox hallarda ərköyünlük edir, hətta komandirdən başqa digər zabitlərə hərbi salam da vermir. Yəni bu onun kefinə bağlı bir şey. İndi də özünü orda yaxşı hiss eləmədiyindən tibb məntəqəsindəki boş çarpayılardan birində vaxtını keçirir. Qısa müddətdə Şəmsiylə əməllicə dostlaşırıq. Demə, onun ərköyünlüyü ilə yanaşı, insanpərvərliyi də varmış. İndi nəql edəcəyim hadisəni kiminsə əlinə keçəcəyindən, yaxud da kiminsə oxuyacağından çəkinib heç gündəliyimə də yazmamışam. Əslində gündəliyimdə elə məqamları qeyd eləmişəm ki, bu ondan daha təhlükəsizdir. Gününü dəqiq xatırlamasam da bu  hadisənin oktyabr ayının ilk beş günündən birində baş verdiyi dəqiq yadımdadır.

Nadir Bayramlının oğlu çarpayının altında

Deməli, hərbi hissənin şəxsi heyətlə iş üzrə şöbəsinin (ŞHİÜŞ) müdiri, başqa dillə desək “zampalit”, polkovnik-leytenant Atakişiyev (hələlik adını xatırlamıram-İ.V) adəti üzrə axşam saat ondan sonra hərbi hissəni gəzir. Yəqin bu dəfə də hansısa əsgəri bədbəxt edəcək ki... Tibb məntəqəsinin işıqlarını söndürüb pəncərədən oğrun-oğrun plasta baxıram. Atakişiyev gəlir...qəfil yolunu dəyişir...tibb məntəqəsinə...  Burdakı köhnə əsgərlər getdiyindən məntəqədə əsgərlər arasında iş bölgüsünü mən aparıram. Deməli, Atakişiyevə də mən məruzə etməliyəm. Edirəm... guya hər şey qaydasındadır... Qaydasında olmağına qaydasındadır e... Amma bayaqdan çarpayının üstündə uzanan Bayramlı indi çarpayının altında yoldaş polkovnik-leytenantın bayıra çıxmasını gözləyir ki, ordan çıxsın. Amma Atakişiyev Atakişiyev olmaz ki, burdan bir “çp” tapmamış getsin. Qəfil gözü çarpayının altından qaralan batinkaları görür...bəh-bəh... Ayyarım əvvəl hərbi andı qəbul edərkən tribunadan yazdığın mətni oxu, bas-bağla, general da sənə təşəkkür eləsin, polkovnik “çox sağ ol” desin, bu gün də Atakişiyev... Deməli, birinci gün yenə kef olacaq. Yüzdə yüz əmin olduğum bir şey də var. Atakişiyev iki “canini” birdən ifşa etmək və polkovnikin yanında nüfuzunu qaldırmaq üçün tibb məntəqəsinin hamam xalatına oxşayan formasında olsa belə, məni də cərgə qarşısına çıxartdıracaq...Hələ görək Bayramlı nə cavab verəcək. Taleyim onun cavabından asılı olacaq. Olmasa, elə burdan əşyalarımı yığıb Gəncədəki “İstirahət” mərkəzinə getməliyəm. Burda vacib bir məqam da var. Məsələ ondan ibarətdir ki, Atakişiyev də Bayramlıdan “dad çəkən” zabitlərdəndir. Yəni nə yolla olur-olsun onu Hümbətovun gözündən salmalıdır ki, sonra Şəmsini “ram” edə bilsin. Sanki Atakişiyevin hobbisidir kimisə sındırmaq. Mənim düşüncəmə görə, əgər həmin vaxt Bayramlının yerinə başqa əsgər olsaydı, ŞHİÜŞ rəisinə xahiş-minnət edib vəziyyətdən çıxa bilərdik. Əgər burda “Bayramlı” söhbəti varsa, keçən deyil...

(Ardı var)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?