Modern.az

"Düşmənə münasibəti İsraildən öyrənməliyik" - MÜSAHİBƏ

"Düşmənə münasibəti İsraildən öyrənməliyik" - MÜSAHİBƏ

Ölkə

3 Mart 2012, 14:09

“Dialoq təklifi güclü olandan gəlməlidir”

Gündəmdə olan məsələlərlə bağlı Modern.az-ın suallarını Ədalət Partiyasının sədr müavini, hüquqşünas Etimad İsmayılov cavablandırır.

- Etimad bəy,  əvvəlcə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Bakıda və İstanbulda keçirilən aksiyalara münasibətinizi öyrənmək istərdik. Birində təmsil olunduğunuz partiya, digərində özünüz iştirak edirdiniz...  

- Bu tədbirləri gecikmiş hesab edirəm. Çünki çoxdan görməli olduğumuz işləri yenə də ənənəvi olaraq hansısa konyukturaya uyğun şəkildə etdik. Amma gec də olsa vətənpərvərlik ruhunu cəmiyyətdə alovlandıran, iqtidarın və müxalifətin milli məsələlərdə vahid mövqedən çıxış etməsini göstərən bu hadisə təqdirəlayiq hesab olunmalıdır. İşğal olunmuş torpaqların hər bir kəndi bu və ya digər şəkildə Xocalı faciəsini yaşayıb. Şəxsən mən Xocalı soyqırımını ümumən işğal edilmiş ərazilərimizdəki insanlara qarşı həyata keçirilən təcavüzün simvolu hesab edirəm. Həm də mən kəsilmiş başın saçlarını ağlamağın tərəfdarı deyiləm. Biz İsrail dövlətindən düşmənlərə olan münasibəti örnək götürməliyik. Mövcud olduğu yerindən, tutduğu ictimai siyasi pillədən asılı olmayaraq İsrail xalqının düşməni cəzalandırılır.

- 26 fevralda çağdaş siyasi tariximizdə ilk dəfə olaraq hakimiyyət və müxalifət düşərgəsi eyni vaxtda, eyni məkanda ümumxalq toplantısında birgə yürüdülər. Bu zərif məqamın inkişaf etdirilərək Azərbaycanda iqtidar-müxalifət dialoquna başlanması perspektivini necə görürsünüz? Kim nə etməlidir? 

- Ədalət Partiyası iqtidar-müxalifət münasibətlərində hər iki tərəfin mənəviyyat, qanun, əxlaq və ümummilli prinsipləri rəhbər tutmağa daim çağırıb. Taleyüklü məsələlərdə bir-birilərinə potensial müttəfiq gözü ilə baxmağın vacib olduğunu önə çəkib. Hər iki düşərgədə öz varlığını intriqalarda, qarşıdurma yaratmaqda göstərən irtica təfəkkür sahibləri olduğu kimi işıqlı, pozitiv yaradıcılıq qabiliyyəti olan insanlar da var. Bu tip insanların iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq dövlətimizin, cəmiyyətimizin indiki durumunda birgə fəaliyyəti xüsusən önəm daşıyır. Dialoq təklifi güclü olandan gəlməlidir. İqtidar əlində dövlət resursları olduğuna görə, zatən güclüdür. Ümidvaram ki, dövlətçilik təfəkkürü, dərin məsuliyyət hissi olan adamlar nəticədə inşallah qələbə qazanacaq.

- Xocalı soyqırımı ilə bağlı İstanbulda keçirilən konfransdakı çıxışınızda Qarabağın  işğaldan azad edilməsi ilə bağlı, ənənəvi yanaşmadan fərqlənən  bir sıra tezislər irəli sürdünüz. Fikirlərinizi təkrarlaya bilərsinizmi oxucularımız üçün?

- Bilirik ki, BMT Təhlükəsizlik Şurasının, işğal olunmuş ərazilərdən işğalçı ordunun dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı 4 qətnaməsi var. Ancaq 2009-cu ildə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsi səsverməyə çıxarılarkən, ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç  dövlət - ABŞ, Rusiya və Fransa bu qərarın qəbulunun əleyhinə çıxıblar. İndi həmin qərarın əleyhinə olan qüvvələrdən Minsk qrupu çərçivəsində nə isə gözləmək sadəlövhlükdür. Onlar sadəcə, vaxtı udmaq, və baş qatmaqla məşğuldurlar. Biz onu da nəzərə almalıyıq ki, dünyada dinlərarası və millətlərarası savaş mövcuddur. Bu qüvvələr istəyir ki, müsəlman və türk olan Azərbaycanın hesabına xristian ermənini gücləndisin. Eyni zamanda Minsk qrupunun ortaya atdığı Madrid prinsipləri Azərbaycan üçün qəbulolunmazdır. Çünki Azərbaycan konstitusiyaya görə unitar dövlətdir və unitar dövlət olaraq da qalmalıdır. Biz dərhal ATƏT-in süründürməçilik siyasətini əldə əsas tutub Minsk qrupunun bütün təkliflərindən imtina etməli və BMT Təhlükəsizlik Şurasının  məlum 4 qətnaməsinin icrası üçün hərəkətə keçməliyik. Və bu, hegemon dövlətlərin Türkiyəyə hazırkı ehtiyacı fonunda baş verməlidir.

- Bu arada Fransa Konstitusiya Şurası “Soyqırımı inkara görə cəza” qanunu ləğv etdi. Sizcə, bu Türkiyə və Azərbaycanın təpkiləri qarğısında geriçəkilmə idi, yoxsa, Fransanın öz demokratik ənənlərinə sahib çıxması? 

- Sadaladığınız səbəblərin mövcudluğu ilə yanaşı, bu həm də Yaxın Şərqdə cərəyan edən gərginliklə bağlıdır. Siyasətin, xüsusilə də dövlət siyasətinin görünən və görünməyən tərəfləri var. Fransada qəbul olunmuş bu qərar yalnız Parisin yox, digər paytaxtların da birgə məhsuludur. Sadəcə olaraq Fransa üzərindən gerçəkləşməsinə can atılıb. Zənnimcə, Türkiyənin rəsmi və xüsusən də görünməyən təpkiləri ilə üzləşəndən sonra müvəqqəti olaraq,  xüsusilə qeyd edirəm, müvəqqəti olaraq Türkiyənin timsalında müsəlman və türk toplumunun üzərindəki təhlükələr hələlik dondurulub.  Bu Türkiyəyə gərginlik yaşayan Yaxın Şərqdə ehtiyacdan irəli gəlir. Bu təhdidlərin arxasında heç də «məzlum erməni xalqının haqlarının müdafiəsi»  dayanmır. Bu müsəlman dövlətləri üçün örnək ola biləcək Türkiyənin zəiflədilməsi və Avrasiya məkanında mövcud ola biləcək türk dövlətlər birliyinin əngəllənməsini hədəfə alıb.

- Sabah Rusiyada prezident seçkisi keçiriləcək. Rusiya ictimai-siyasi mühitinə bələd olan şəxs kimi nə gözləyirsiniz bu seçkidən?

- Əvvəllər dediyim kimi yenə də  təkrarlayıram rusiyalıların böyük əksəriyyəti Putini yenidən lider seçəcək. Və biz imperiya düşüncəli, ağıllı, yürütdüyü siyasətdə davamlı, hədəflərə çatmaqdan ötrü heç nədən çəkinməyən qüvvənin mövcudluğunu nəzərə almalıyıq. Amma çəkinməməliyik. Sadəcə, önlərinə çıxara biləcək kadr potensialımız olmalıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?