Modern.az

Kaş, bunlar olmasaydı...

Kaş, bunlar olmasaydı...

Ölkə

26 May 2012, 10:48

Etiraf edək, ölkəmizin "Eurovision" keyfinə az da olsa, acı İran "ədviyyəsi" səpildi. İndi ölkə gündəmində böyük musiqi şousu ilə paralel olaraq qonşu dövlətin yaratdığı xoşagəlməz situasiya da var.

"Biz aksiyon deyil, reaksiyon millətik". Bunu yaşlı bir hərəkatçı hər zaman söhbət edəndə təkrarlayır. Reaksiyon - yəni başqalarının yaratdığı situasiyaya reaksiya vermək...

Bu dəfə də ənənəvi durumdayıq. İran adlanan ölkədə 5-10 “şeyx nəsrullah” tumanını başına atıb haray qopardı ki, "Eurovision"un və bu yarışmaya aid ritiualların Azərbaycanda keçirilməsi İslami ehkamlara ziddir.

 Bəs, bizdə buna cavab hansı səviyyədə oldu?

Kimin necə düşünməyini bilmirəm, mən İran səfirliyi qarşısında keçirilən aksiyalarda səsləndirilən bir para şüarları və qaldırılan bəzi plakatları "qaş düzəldilən yerdə, göz tökməyə" bənzətdim. Ayrı-ayrı məsələlərə etiraz olaraq keçirilən aksiyalarda hər zaman eyni şüarların səsləndirilməsi nə dərəcədə məntiqlidir? Yaxud, qarşı tərəfə cavab verilərkən, "iranlı" terminindən istifadə edilməsi nə qədər uyğundur?

Konkret, "gey-parad" məsələsinə verilən emosional cavablarda "iranlı" terminin istifadəsi əslində, Tehran rejiminin işinə yarayır. Çünki "iranlı milləti" məhz fars şovinizminin əsarətdə saxladığı xalqları, özəlliklə də, Azərbaycan türklərini assimilyasiya etmək üçün uydurduğu bir "kimlikdir". Biz, İranda "gey" axtarışında olarkən “iranlı milləti”nin mövcud olduğunu təsdiqləyirik.

Digər tərəfdən, bilmək lazım ki, "iranlı" deyilənlərin böyük əksəriyyəti öz soydaşlarımızdır. Bu baxımdan, ifadə seçimində həssas olmaq lazımdır ki, sabah bu şüarları Tehran rejimi əldə bayraq edib o taydakı xalqımızı qandırmağa girişməsinlər. Yəni, "Cəmaət, baxın görün kafirlər bizim hamımızın haqqında nələr söyləyirlər"?


Məncə, İran səfirliyinin qabağına Qarabağ məscidlərində donuz, mal-qara saxlanmasını əks etdirən və elə ermənilərin özü tərəfindən çəkilərək yayılmış fotoşəkillər aparılmalı idi. Baxsınlar ki, Qəzzədə müsəlman təəssübü çəkən bir ölkənin qulağının dibində müsəlman ocaqları, onların qardaş dedikləri ermənilər tərəfindən hansı kökə salınıb...

Bu prosesdə adamda təəssüf doğuran daha bir hal bəzi müxalifyönlü qəzetlərdə İranın anti-Azərbaycan çıxışlarının reklam edilərək bundan hakimiyyətə qarşı istifadə edilməsi oldu. "Rəqiblə mübarizədə şeytanla da ittifaqa getmək" fəlsəfəsi bu dəfə lap ifrat həddə baş verdi.

Azərbaycanda kimin iqtidarda olmasının Tehran rejimi və fars şovinizmi üçün fərqi yoxdur. Onun fərqində olduğu yalnız bir məsələ var: Azərbaycan adlı bir ölkənin varlığı... Bu gerçəyi anlamaq üçün akademik olmaq gərək deyil...

İranda anti-Azərbaycan aksiyalarının niyə məhz Təbrizdə və Ərdəbildə keçirilməsinə gəlincə... Azərbaycanın İrandakı səfirliyi Tehranda yerləşir. Bəs, niyə aksiyalar Təbriz və ya Ərdəbildə keçirilir? Bu da təsadüfi deyil. Onlar həmişə belə edir. Belə tədbirləri Azərbaycan şəhərlərində keçirməkdə iki məqsəd güdülür. Birincisi, baxın, sizin şəhərlərinizdə sizə meydan oxuyuruq, ikincisi, Quzey Azərbaycana qarşı çıxış edənlər Güney Azərbaycandan olanlardır.

Bütün bunların qarşısında bizim etməli olduğumuz şey nə olmalıdır? Azərbaycana qarşı keçirilən aksiyalara elə Təbrizdə, Ərdəbildə, Urmuda cavab verilməsinə nail olmaq.

O cavabı verəcək insanlar üçün biz nə edirik?

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı