Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında mövcud olan siyasi dialoqun dinamik xarakter daşıdığını və münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər yalnız protokol xarakterli deyil, eyni zamanda konkret əməkdaşlıq istiqamətlərinin dərinləşdirilməsi baxımından mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşü xüsusi əhəmiyyət kəsb edir. Ali səviyyədə keçirilən bu görüş ikitərəfli münasibətlərin strateji gündəliyinin müəyyənləşdirilməsi, prioritet istiqamətlərin dəqiqləşdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.
Görüş çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişafı kimi məsələlərin diqqət mərkəzində olması tərəflərin münasibətləri daha sistemli və nəticəyönümlü şəkildə inkişaf etdirmək niyyətini nümayiş etdirir. Eyni zamanda, bu görüş qarşılıqlı etimadın möhkəmləndirilməsinə və Azərbaycan–Latviya tərəfdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verir.
Azərbaycan və Latviya arasında münasibətlər qarşılıqlı hörmət, suverenlik və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində – xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində və Şərq Tərəfdaşlığı platformasında – konstruktiv mövqe nümayiş etdirir. Latviya Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində mühüm tərəfdaşlardan biri kimi çıxış edir və bu baxımdan siyasi dialoqun intensivləşməsi strateji əhəmiyyət daşıyır. İqtisadi əlaqələrə gəldikdə, son illər qarşılıqlı ticarət dövriyyəsində artım müşahidə olunur. Hərçənd mövcud göstəricilər tərəflərin potensialını tam əks etdirmir, lakin nəqliyyat-logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı və turizm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur. Latviyanın Baltik regionunda logistika mərkəzi kimi rolu Azərbaycanın isə Şərq-Qərb nəqliyyat dəhlizində əsas aktorlardan biri olması bu əməkdaşlığa əlavə strateji məzmun qazandırır. Orta Dəhliz çərçivəsində birgə təşəbbüslər xüsusilə diqqət çəkir. Enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas sütunlarından biri kimi çıxış edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanınır və Latviya da bu kontekstdə Cənub Qaz Dəhlizi kimi iri layihələrin əhəmiyyətini yüksək qiymətləndirir. Eyni zamanda, yaşıl enerji sahəsində əməkdaşlıq yeni perspektiv istiqamət kimi ön plana çıxır.
Azərbaycanın bərpa olunan enerji potensialı və Latviyanın bu sahədəki təcrübəsi qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün zəmin yaradır. Humanitar sahədə əlaqələr də xüsusi qeyd olunmalıdır. Təhsil, mədəniyyət və turizm istiqamətlərində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı və yaxınlaşmanı gücləndirir. Tələbə mübadiləsi proqramları, birgə mədəni tədbirlər və akademik əməkdaşlıq bu münasibətlərin sosial əsasını möhkəmləndirir. Bu istiqamətdə atılan addımlar uzunmüddətli perspektivdə siyasi və iqtisadi əlaqələrin də davamlılığını təmin edən mühüm amil kimi çıxış edir. Ümumilikdə, Latviya Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm mərhələdir. Bu səfər tərəflər arasında siyasi etimadın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün real imkanlar açır. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan–Latviya tərəfdaşlığı həm regional, həm də Avropa miqyasında qarşılıqlı maraqlara xidmət edən mühüm əməkdaşlıq modeli kimi dəyərləndirilə bilər.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı