Modern.az

Latviya Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq

Latviya Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq

Ölkə

Bu gün, 20:14

Latviya Prezidentinin səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə yol açacaq

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi fonunda üzv dövlətlərlə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin xarici siyasətinin mühüm prioritetlərindəndir. Bu xüsusda, Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında uğurlu tərəfdaşlığın genişləndirilməsi ilə yanaşı, Avropa İttifaqı ilə münasibətlərin də inkişafı baxımından mühüm önəm daşıyır. 

Bunu mediaya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri cənab Şahin İsmayılov deyib.

“Təbii ki, Azərbaycanın regionda sülhü bərqərar etməsi, əldə etdiyi dayanıqlı inkişaf, mövcud sabitlik Avropa dövlətlərinin ölkəmizə olan marağını daha da artırır. Xüsusilə enerji sahəsində uzun illər ərzində formalaşmış uğurlu əməkdaşlığı vurğulamaq lazımdır. Azərbaycan bu gün 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə, 16 ölkəyə qaz ixrac edir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi qəbul edir. Bununla yanaşı, nəqliyyat və logistika sahəsində Azərbaycanın Orta Dəhliz çərçivəsində oynadığı rol Avropa üçün alternativ və etibarlı marşrutların formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir”, - deyə Şahin İsmayılov qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə əldə olunan nailiyyətlər ölkəmizin yeni iqtisadi tərəfdaşlıqlar üçün açıq olduğunu göstərir. Eyni zamanda Azərbaycanda formalaşmış maliyyə sabitliyi və makroiqtisadi dayanıqlılıq ölkədə proqnozlaşdırılan biznes mühitinin yaranmasını təmin edib. Ölkəmizdə aşağı dövlət borcu, valyuta ehtiyatlarımızın kifayət qədər olması və düşünülmüş fiskal siyasət iqtisadi riskləri minimuma endirir ki, bu da uzunmüddətli investisiyalar üçün əlverişli zəmin yaradır. Eyni zamanda, həyata keçirilən institusional islahatlar, şəffaflığın artırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində atılan addımlar biznes mühitini daha da cəlbedici edir. Bu baxımdan, son iyirmi il ərzində iqtisadiyyatımıza xarici investorlar tərəfindən 170 milyard ABŞ dolları məbləğində sərmayənin yatırılması Azərbaycanda mövcud olan əlverişli investisiya mühitinin göstəricisidir. 

“Bu xüsusda, Latviya Prezidentinin səfəri çərçivəsində keçirilən biznes forum iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən sənaye, kənd təsərrüfatı, texnologiya və logistika sahələrində də əməkdaşlığa töhfə verəcək. Beləliklə, bu səfər, aparılan müzakirələr, imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq”, - deyə Şahin İsmayılov vurğulayıb.

Şahin İsmayılov 

Milli Məclisin deputatı 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!