Modern.az

Azərbaycan Cənubi Qafqazda əməkdaşlıq imkanlarını genişləndirir

Azərbaycan Cənubi Qafqazda əməkdaşlıq imkanlarını genişləndirir

Ölkə

Bu gün, 13:35

Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirib.

Modern.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. 

“Biz öz rolumuzu artıq yalnız tranzit ölkə kimi deyil, regional inteqrasiya, dayanıqlı inkişaf və regionlararası əməkdaşlıq mərkəzi kimi görürük.

Təcrübəmiz göstərir ki, bağlantılılıq, infrastruktur və şəhərsalma bir-biri ilə sıx bağlıdır. Müasir nəqliyyat dəhlizləri yaşayış məskənlərinin formalaşmasına, sənaye inkişafına, əmək miqrasiyasına, investisiya axınına, mənzil tələbatına və iqlim dayanıqlılığına birbaşa təsir göstərir”.

C.Bayramov onu da əlavə edib ki, dayanıqlı və düzgün planlaşdırılmış şəhərlər uzunmüddətli iqtisadi və sosial faydaların təmin olunması üçün vacibdir:

“Məhz bu yanaşma əsasında Azərbaycan postmünaqişə dövründə genişmiqyaslı yenidənqurma və bərpa layihələrinə başlayıb. Azad edilmiş şəhər, qəsəbə və kəndlər davamlılıq, ağıllı idarəetmə, yaşıl enerji, iqlim dayanıqlılığı və insan mərkəzli yanaşma prinsipləri əsasında sıfırdan yenidən qurulur.

Bu proses yalnız evlərin və binaların tikintisi ilə məhdudlaşmır. Məqsəd keçmiş münaqişə zonalarını iqtisadi inkişaf, bağlantılılıq və insan inkişafı mərkəzlərinə çevirməkdir”.

Nazir həmçinin vurğulayıb ki, münaqişədən dərhal sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və məskunlaşma layihələri Azərbaycanın sülh gündəliyinə sadiqliyinin aydın göstəricisidir.

“Azərbaycan keçmiş münaqişə zonasına 15 milyard dollara yaxın sərmayə yatırmaqla regionda qarşıdurma səhifəsini bağlamaqda həqiqi maraqlı olduğunu nümayiş etdirib. Başqa sözlə, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri sülh quruculuğu strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir”.

C.Bayramov qeyd edib ki, bu strategiya zorakılıq dövrünü geridə qoyaraq daha firavan və perspektivli gələcəyin qurulmasına xidmət edir:

“Azərbaycanda baş verən inkişaflar və atılan addımlar fonunda Cənubi Qafqaz uzun illər davam edən qeyri-sabitlik mərhələsindən çıxaraq real sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir.

Uzunmüddətli münaqişənin başa çatması və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünün tam bərpası regional reallıqları dəyişib, sülh və təhlükəsizlik üçün əsas təhdidlərdən birini aradan qaldırıb, regional inteqrasiya, ticarət, bağlantılılıq və iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb”, - deyə C.Bayramov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı