Modern.az

Bakıda taksi sayı 57 mindən 20 minə düşüb - Nazir detalları AÇIQLADI

Bakıda taksi sayı 57 mindən 20 minə düşüb - Nazir detalları AÇIQLADI

Ölkə

Bu gün, 14:26

Azərbaycan üçün əlaqələndirmə yalnız xəritədəki xətlərdən ibarət deyil, bu, ölkənin gələcəyini formalaşdıran strateji seçimdir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“Bu gün qurduğumuz hər bir yol, dəmir yolu və logistika infrastrukturu gələcək iqtisadi inkişaf modelimizi müəyyən edir. Azərbaycan Avrasiyanın kəsişməsində yerləşir və 2021-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə tranzit marşrutlarının ölkəmizdən yan keçməməsi üçün mühüm addımlar atılıb. Nəticədə tranzit daşımalarında təxminən iki dəfə artım qeydə alınıb. Ötən il Avrasiya boyunca təxminən 17 milyon ton yük daşınıb”.

Nazirin sözlərinə görə, Xəzər dənizi, dəmir yolları və liman infrastrukturu Mərkəzi Asiyadan və Çindən gələn yüklərin Türkiyə sərhədinə 15-18 gün ərzində çatdırılmasına imkan yaradır:

“Logistika mərkəzləri ətrafında yeni iqtisadi zonalar və yaşayış məkanları formalaşır: “Bu isə əsas sualı ortaya çıxarır: biz hansı şəhərləri qururuq və uzunmüddətli perspektivdə onları necə görürük?”

R.Nəbiyev çıxışında Bakı şəhərində nəqliyyat transformasiyasına da toxunub. 

“Əsas məqsəd vətəndaşların şəxsi avtomobil və taksilərdən daha çox ictimai nəqliyyata keçidini təmin etmək olub. Bir vaxtlar Bakıda təxminən 57 min taksi fəaliyyət göstərirdi. Bu gün onların sayı 20 minə enib. Bununla belə, sosial problem yaranmayıb. Çünki proses ağıllı şəkildə idarə olunub. Əvvəllər bəzi taksi sürücüləri sutkada 24 saata qədər işləyirdi ki, bu da sərnişinlər üçün təhlükə yaradırdı. İndi isə onların iş saatları normallaşıb və xidmətin keyfiyyəti artıb”, - deyə o əlavə edib.

O həmçinin vurğulayıb ki, şəhər mobilliyi yalnız avtomobil yolları ilə məhdudlaşmamalıdır:

“Velosipedlər, skuterlər və piyadalar üçün imkanların genişləndirilməsi də şəhər həyatının keyfiyyətinə, ətraf mühitə və karbon emissiyalarının azalmasına təsir göstərən əsas istiqamətlərdəndir”.

R.Nəbiyev qeyd edib ki, Bakı üçün əsas hədəflərdən biri şəhəri tək mərkəzli modeldən çoxmərkəzli inkişafa keçirməkdir. 

“Məqsəd insanların məktəbə, iş yerinə, səhiyyə və mədəniyyət obyektlərinə daha qısa müddətdə çata bilməsidir.

Cəmiyyətdə uzun illər belə fikir var idi ki, tıxac problemini həll etmək üçün daha çox yol tikmək lazımdır. Amma dünya təcrübəsi göstərir ki, daha çox yol tikmək küçələrdə sıxlığı aradan qaldırmır. Yollar avtobus şəbəkəsini, avtobuslar dəmir yolunu, dəmir yolu isə metronu qidalandırmalıdır. Hər bir nəqliyyat qatı digərini gücləndirməlidir”, - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı