Azərbaycanda seçici siyahılarının formalaşdırılması vətəndaşların deyil, aidiyyəti dövlət qurumlarının məsuliyyətinə daxildir.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının ölkə üzrə vahid seçicilər siyahısının tərtibi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Azərbaycanda vətəndaşların seçmək və seçilmək hüququnun təmin olunmasına xüsusi diqqət yetirilir.
MSK sədri qeyd edib ki, seçici siyahılarının hazırlanması və yenilənməsi prosesi uzun illərdir dövlət qurumları tərəfindən həyata keçirilir:
“Dünyada tam ideal seçici siyahısı yoxdur. Çünki insanların vəfat etməsi və digər səbəblərdən siyahılarda dəyişikliklər baş verir. Bu, daim yenilənən və dinamik xarakter daşıyan prosesdir. Hazırlanan sənəd rəsmi sənəd hesab ediləcək, lakin sonrakı mərhələdə də dəyişikliklərin aparılması mümkündür”.
M.Pənahov onu da əlavə edib ki, əsas məsələlərdən biri vəfat etmiş şəxslərin adlarının aşağı seçki komissiyaları və MSK tərəfindən qısa müddətdə seçici siyahılarından çıxarılmasıdır.