Yay mövsümünün yaxınlaşması ilə moda dünyasında da yeni tendensiyalar ön plana çıxmağa başlayıb. Belə ki, bu il xüsusilə canlı rəng tonlarının, rahat və gündəlik kombinlərin daha çox seçiləcəyi bildirilir. Eyni zamanda oversize geyimlər, retro üslub və kətan dəstlər də yay dəbində əsas trendlər sırasında göstərilir.
Bəs 2026-cı ilin yay dəbində hansı yeniliklər diqqət çəkəcək, ötən yayla müqayisədə dəbdə hansı dəyişikliklər müşahidə olunacaq?
Mövzu ilə bağlı Modern.az-a danışan modelyer Şəlalə Maqsudova bildirib ki, bu yay daha canlı və enerjili rənglərə üstünlük veriləcək.
Onun sözlərinə görə, açıq mavi, qırmızı, parlaq göy, açıq yaşıl, çəhrayı və yumşaq ağ tonları 2026-cı ilin ən populyar rəngləri hesab olunur.

“Bu il rahat və “effortless” görünüşlər daha çox diqqət çəkəcək. Oversize köynəklər, kətan dəstlər, cargo və cibli şalvarlar, həmçinin ağ köynək ilə ağ ətək və ya şalvar kombinləri yay aylarında geniş istifadə olunacaq. Bundan başqa, vintage adidas və NBA stilini xatırladan sporty retro görünüşlər, eləcə də maxi ətəklər də trenddə olacaq”.
Ş.Maqsudova vurğulayıb ki, 2025-ci illə müqayisədə 2026-cı ildə moda daha yumşaq, rahat və minimalist istiqamətə keçib:
“İnsanlar artıq həm rahat, həm də səliqəli görünən geyimlərə üstünlük verirlər”, - deyə o bildirib.
Modelyer əlavə edib ki, bu ilin əsas trend materialları arasında linen, yəni kətan parçalar xüsusi yer tutur.
“Kətan həm rahatlığı, həm də bahalı görünüşü ilə yayın əsas trendinə çevrilib. Pambıq parçalar, basic köynəklər və oversize futbolkalar gündəlik kombinlərdə daha çox istifadə olunacaq. Soft denim, toxuma materiallar və parlaq olmayan, daha yumşaq görünən satin parçalar da bu il dəbdə olacaq”, - deyə o bildirib.
O həmçinin qeyd edib ki, son dövrlərdə təkrar emal edilmiş və təbii materiallara maraq da əhəmiyyətli dərəcədə artıb.