28 May - Müstəqillik Günü Azərbaycan tarixinin ən mühüm və dönüş yaradan hadisələrindən biri hesab olunur. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə düşüb. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövründə dövlətçilik, parlament idarəçiliyi, demokratik dəyərlər və milli ideologiya istiqamətində mühüm addımlar atılıb. Həmin dövrün əsas simalarından biri olan Məhəmməd Əmin Rəsulzadənin adı isə Azərbaycan siyasi tarixində xüsusi yer alır. Onun istiqlal ideyaları, dövlətçilik baxışları və azərbaycançılıq fəlsəfəsi bu gün də ölkənin ictimai-siyasi düşüncəsində mühüm yer tutur.
Modern.az Müstəqillik Günü ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə ilə həmsöhbət olub. Rais Rəsulzadədən Cümhuriyyət qurucularından kimlərin davamçıları ilə əlaqə saxladığını soruşulub.
O saytımıza açıqlamasında təəssüflə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin digər qurucularının ailələri və davamçıları ilə hər hansı əlaqəsi yoxdur.
R.Rəsulzadənin sözlərinə görə, Müstəqillik Günü - 28 May bayramlar içərisində ən gözəl və unudulmaz tarixlərdən biridir.
“Məhəmməd Əmin Rəsulzadə haqqında iki cümlə ilə danışmaq olmaz. O, bu dövlətin qurucusu, öndərimizdir. Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. Daim anılmalı, ona hörmət və ehtiram göstərilməlidir. Onun layiq olduğu dəyər verilməlidir".
O həmçinin vurğulayıb ki, cümhuriyyət ideyaları Rəsulzadənin əməyi və fəaliyyəti nəticəsində formalaşıb:
"İstiqlalımız onun adı ilə bağlıdır. Demokratiya, azərbaycançılıq, demokratik prinsiplər, parlament ənənələri -bunların hamısında Rəsulzadənin böyük rolu var. Onun çox zəngin irsi mövcuddur. Bu irs öyrənilməli, təbliğ olunmalı, gənclərə, məktəblilərə daim aşılanmalıdır.
Tarixdə başqa ölkələrdə olmayan prinsiplər Azərbaycanda mövcud idi. Təəssüf ki, Rəsulzadə haqqında əsasən yalnız müəyyən günlərdə danışılır. Halbuki onun fəaliyyəti və xidmətləri hər zaman xatırlanmalı, təbliğ edilməlidir. Rəsulzadə bizim nəhəng tarixi şəxsiyyətlərimizdən biridir”, - deyə R.Rəsulzadə qeyd edib.