Modern.az

“Dil evdə qalsa, düşüncə dili ola bilməz” - Türkiyədə yaşayan alimdən mesaj

“Dil evdə qalsa, düşüncə dili ola bilməz” - Türkiyədə yaşayan alimdən mesaj

Ölkə

Bu gün, 13:53

Azərbaycan cəmiyyətində dil məsələsi uzun illər əsasən filoloji, təhsil və ya hüquqi müstəvidə müzakirə olunub. Lakin son dövrdə bu mövzuya yanaşma dəyişir: Azərbaycan dili artıq təkcə kommunikasiya vasitəsi deyil, milli mədəniyyət siyasətinin əsas elementlərindən biri kimi dəyərləndirilir.

Xüsusilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası çərçivəsində aparılan müzakirələr göstərir ki, dil məsələsi ilk dəfə olaraq sistemli şəkildə mədəni təhlükəsizlik, milli identiklik, yaradıcı sənayelər, media mühiti və ümumi mədəni davranış kontekstində nəzərdən keçirilir. Bu yanaşma Azərbaycan dilinə yalnız qorunmalı irs kimi deyil, həm də müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməli canlı mədəni mexanizm kimi baxılmasını ön plana çıxarır.

Rəqəmsal platformaların, qlobal informasiya axınının və yeni media estetikasının dominant- hakim olduğu bir dövrdə dilin ictimai nüfuz və gündəlik istifadəsi artıq mədəni siyasətin strateji məsələlərindən birinə çevrilib. Məhz bu səbəbdən də dil siyasətinin “Azərbaycan Mədəniyyəti – 2040”  konsepsiyası müstəvisində müzakirəsi bir çox ekspertlər tərəfindən Azərbaycan mədəniyyət düşüncəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Modern.az bu mövzu ətrafında fikirlərini öyrənmək üçün tədqiqatçı və ekspert “Kahraman Maraş Sütçü İmam” Universitetinin Beynəlxalq Münasibətlər bölümünün dosenti Mərziyyə Məmmədli ilə həmsöhbət olub.+-

— Mərziyyə xanım siz Türkiyədə akademik karyera qurmusunuz. Qafqaz tarixi, Sovet imperiyası, Ermənistan-Azərbaycan münaqişəsi — bu mövzuları seçməyinizin səbəbi nə olub?

Bu mövzular məni seçdi, desəm daha düzgün  olar. Azərbaycanlı bir araşdırmaçı kimi bu coğrafiyanı daxildən bilmək — həm üstünlük, həm çətinlikdir. Başqa bir araşdırmacı Qafqaz İslam Ordusunun fəaliyyətini sadəcə bir tarixi  sənəd kimi oxuyur. Mən isə bu tarixi öz xalqımın tarixinin bir parçası kimi hiss edərək oxuyuram. Bu fərq metodoloji deyil, emosionaldır — amma elmi dəqiqlikdən güc alır.

— Qafqaz İslam Ordusunu həm türk, həm rus mənbələrindən araşdırmısınız. Bu iki mənbə arasında nə qədər fəqrg  var?

Çox böyük. Eyni hadisə, iki tamamilə fərqli narrativ. Türk mənbələrində Qafqaz hərəkatı azadetmə missiyasıdır. Rus mənbələrində isə — işğal cəhdi. Bu uçurum məni çox düşündürdü: tarix həmişə onu yazanın dilindən keçir. Və burada bir şeyi gördüm — öz tarixini özü yazmayan xalq həmişə başqasının narrativinin içərisində qalır. Bu, yalnız tarix fəlsəfəsi deyil, çox praktik bir problemdir.

— "Öz tarixini özü yazmayan " dediniz. Bu fikir sizi akademik araşdırmalarınızı necə şəkilləndirdi?

Mən Brest-Litovsk müqaviləsini araşdıranda gördüm ki, o masa ətrafında böyük güclər oturmuşdu — Rusiya, Osmanlı İmperiyası, Almaniya. Kiçik xalqların taleyi isə onlar olmadan müzakirə edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-də quruldu, 1920-ci ilədək qaldı, cəmiiki il. Bu iki ildə nə qədər şey yazılmaq istənildi, yazıla bilmədi. Sovet dövrü isə o yarımçıq qalmış hər şeyin üstündən xətt çəkərək öz narrativini qurdu. Bu, yalnız siyasi tarixdə belə  deyil — dil tarixi, mədəniyyət tarixi, kimlik tarixində də belədir.

— Dil tarixindən danışdınız. Azərbaycan dilinin sovet dövründə nə itirdiyini bir araşdırmacı kimi necə görürsünüz?

Sovet dil siyasəti çox incə işləyirdi — qadağan etmirdi, əvəz edirdi. Azərbaycan dili məktəbdə öyrədilirdi, amma elmi mətnlərin əksəriyyəti rus dilində  idi, idarəetmə, karğüzarlıq  rus dilində idi, yüksək karyera qurmaq imkanları birbaşa  rus dilini mükəmməl bilməklə bağlı  idi. Dil evdə, məişətdə  qalmışdı elə bil — gündəlik, məişətvari, emosional. Elmi, texniki, siyasi funksiyalarını itirirdi. Bu isə  bir  canlı dilin ən böyük itkisidir. Çünki məişət dilindən çıxıb düşüncə dilinə çevrilməyən dil — zaman keçdikcə yalnız nostalji obyektə çevrilir.

— Siz bu gün Türkiyədə yaşayırsınız. Gündəlik həyatda Azərbaycan dilini necə yaşadırsınız?

Açıq deyim — kifayət qədər yaşatmaq üçün imkan yoxdur. Elmi məqalələrimi türkcə və ingilis dilində yazıram. Azərbaycan dilinin elmi terminologiyası fikrimcə hələ tam formalaşmadığından bu, məcburiyyətdən gələn seçimdir. Amma bu etiraf eyni zamanda daha bir şeyi də  göstərir: dil siyasəti olmadan, elmi infrastruktur olmadan, beynəlxalq platforma olmadan — hətta onu sevən alimlər belə öz dilindən uzaqlaşır. Bu, fərdi zəiflik deyil, sistemli boşluqdur.

— Bu boşluğun doldurulması mümkündürmü sizcə?

Mümkündür — amma bunu mən deyil, faktlar deyir. İrlandi dili XX əsrin əvvəlində demək olar ki, ölü dil idi. Dövlət siyasəti, təhsil sistemi, mədəni investisiya ilə yenidən canlandırıldı. Tam bərpa olmadı — amma artıq ölmür. Vels dili daha uğurlu nümunədir. Bu müqayisələr göstərir ki, dil siyasəti işləyir — amma uzunmüddətli, ardıcıl və kompleks olmalıdır. Və tək bir sənəd bunu etmir. Sənədin arxasında onilliklərlə aparılan ciddi, ardıcıl iş lazımdır.

— Mədəniyyət Nazirliyi son döndə mədəniyyəti strateji resurs kimi çərçivələyir. Beynəlxalq münasibətlər alimi kimi bu yanaşmanı düzgün hesab edirsinizmi?

Düzgün deyil — zəruri hesab edirəm. Baxın, mədəniyyət heç vaxt siyasətdən kənar olmayıb. Məsələn, Fransa mədəni istisna siyasətini onillərdir aparır. Cənubi Koreya "hallyu"nu dövlət strategiyasına çevirdi. Çin isə mədəniyyəti açıq şəkildə geosiyasi alət kimi işlədir. Azərbaycan da bu reallığı görüb. Mədəniyyəti "incə, həssas, siyasətdən uzaq" saxlamaq — artıq lüks deyil, riskdir. Mədəniyyət Nazirliyi bunu anlayıb. Bu, sənədləşmiş bir anlayışdır — indi isə icra mərhələsidir

— Son olaraq: “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının uğurunu nə müəyyən edəcək?

Bir göstərici, yalnız bir. 2040-da bir azərbaycanlı gənc elmi məqaləsini Azərbaycan dilində yazıb beynəlxalq jurnalda dərc etdirə bilsə — konsepsiya öz əsas hədəfinə çatıb. Qalan hər şey — muzeyler, festivallər, kinolar — bunlar görünən nəticələrdir. Amma dil elmin içərisinə girmişsə, o dil artıq yalnız ev- məişət dili deyil. Baxın o  nöqtə ən ciddi uğur göstəricisidir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV